Bakıxanovun 230 illiyi Qubadakı ev-muzeyində qeyd olundu

 

Azərbaycan ədəbiyyatına, tarix elminə töhfələr verən Abbasqulu ağa Bakıxanovun  (1794–1847) yeniyetmə və gənclik illəri (8 yaşından sonra) Qubada, Amsar kəndində keçib. Atası Mirzə Məhəmməd xan Bakıda xanlıq uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olandan sonra vaxtilə dayısı Fətəli xanın Qubada onlara bağışladığı bu kəndə köçmüşdü. Abbasqulu ağa Bakıxanov təhsilini də bu kənddə alır, o cümlədən ərəb, fars dillərini mükəmməl öyrənir. Amsar kəndində Bakıxanovun ev-muzeyi var.

İyunun 21-də burada Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Quba Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mehriban Əliyeva, A.Bakıxanovun ev-muzeyinin direktoru İradə Əliməmmədova, Amsar kənd sakini Elman Qurbanov və başqaları çıxış etdilər. Bakıxanovun həyat yolundan, fitri istedadından, dərin zəkasından və xalqımıza miras qoyduğu irsdən söz açıldı.

Bakıxanov nəslinin nümayəndəsi Vüsalə Qasımova çıxışında A.Bakıxanovun “Mirat ül-camal” və “Təhzibi-əxlaq” əsərlərinin dəyərli tədqiqatçı Hədiyyə Zəhra Əhmədi tərəfindən ana dilimizə tərcümə olunduğunu diqqətə çatdıraraq müəllifin imzası ilə həmin kitabları muzeyə təqdim etdi.

Amsar kənd tam orta məktəbin şagirdləri “Qüdsi” təxəllüslü şairin şeirlərini söylədilər. Ev-muzeyində A.Bakıxanovun müəllifi olduğu kitablar, şəxsi əşyaları, fotosənədlər və digər eksponatlardan ibarət sərgi də maraqla qarşılandı.

Yubiley tədbirindən sonra kənd sakinləri ilə söhbət edərkən yaşlı insanlar Ağ çayın sahilində vaxtilə Bakıxanovlara məxsus qırmızı kərpicdən tikilmiş malikanənin olduğunu söylədilər. Amsar kəndində 1854-cü ildə Bakıxanovun həyat yoldaşı Kərbəlayı Hüseyn bəyin qızı Səkinə xanım tərəfindən tikilən məscid də qırmızı kərpicdəndir, indi də ziyarətçiləri qəbul edir. Sovet dövründə Bakıxanovların malikanəsi dağıntıya məruz qalıb. 1999-cu ildən fəaliyyət göstərən ağ rəngli indiki muzey binasının ərazisi bir vaxtlar qədim qəbiristanlıq imiş. Burada Bakıxanovlar nəslinə aid məzarlar da olub. Muzeyin mövcud binasının əsaslı təmir-bərpaya ehtiyacı var. Daha yaxşı olardı ki, burada, vaxtilə Bakıxanovlara məxsus olmuş malikanə kimi, qırmızı kərpicdən yeni muzey binası inşa edilsin.

Bundan əlavə, alim və mütəxəssislər tərəfindən torpaq altında qalan qəbirlərin, məzar daşlarının tədqiq olunması və malikanə ilə bağlı arxiv sənədlərinin araşdırılması da Bakıxanovun ruhuna ən böyük ehtiram olar.

 

Təranə Cəbiyeva

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.4.