Bölgələrdə bədii təhsil ocaqlarına qəbul imtahanı davam edir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qəbul imtahanları davam edir. Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. 20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi Bakı şəhəri ilə yanaşı, bölgələrdə də təşkil olunur.

Mərkəzi Aran RMİ-nin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahanı başlanıb.

İmtahan Mərkəzi Aran RMİ üzrə 8 imtahan komissiyası (Mingəçevirdə 2, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdabda hərəsində 1-i olmaqla) tərəfindən aparılır.

İyunun 20-də regional idarə üzrə 372 nəfər qeydiyyatdan keçmiş namizəd imtahanda iştirak edib. İmtahan prosesinin rahat, şəffaf və təhlükəsiz şəraitdə həyata keçirilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

***

Şəki-Zaqatala RMİ-nin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanı iyunun 23-də yekunlaşıb. İmtahanda regional idarə üzrə bu il ümumilikdə müraciət edən 972 nəfər şagirddən 874 nəfəri iştirak edib.

Xatırladaq ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.

 

Mədəniyyət.- 2024.-26 iyun,№46.- S.4.