Musiqi ilə yaşanan ömür

 

 

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Onun əsərlərinin əsas qayəsi milli köklər zəminində intonasiyalarla bağlıdır. Bu da ondan irəli gəlir ki, Məmmədağa Umudov musiqi sənətinə tar alətində ifaçılıqla başlayıb və sonra bəstəkarlığa qədəm qoyub. Unudulmaz sənətkarımız Cövdət Hacıyevdən dərs alan bəstəkarın əsərlərində milli və simfonik musiqinin vəhdəti mühüm yer tutur.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın professoru Jalə Qulamovanın Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) xətti ilə nəşr olunan “Məmmədağa Umudov” kitabından oxuyuruq: “Yaradıcılığa əsasən simfonik, eləcə də kamera musiqisi sahəsində başlayan istedadlı bəstəkarın maraq dairəsinin genişliyi, bu günün tələblərinə cavab vermək səyi onun həm tarixi keçmişimizin, həm də müasir dövrümüzün ən müxtəlif mövzularına, obrazlarına müraciət etməsi böyük maraq doğurur...”.  Bu fikrə istinad edərək bəstəkarın əsərlərində tariximizlə yanaşı, Zəfər ruhlu bugünümüzün də tərənnümünü qeyd edə bilərik. Bu əsərlərdən  Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan xor və simfonik orkestr üçün “Cümhuriyyət marşı”, “Qələbəyə doğru” 2 marş, xor üçün “Sülhdür məramımız”,  “Çahargah” muğam kompozisiyası, “Qarabağ Azərbaycandır!” və digər əsərlərinin adını çəkə bilərik.

Məmmədağa Umudovun pedaqoji fəaliyyətini də ayrıca qeyd etmək gərəkdir. O, təcrübəli, tədris prosesinin bütün incəliklərinə bələd olan tələbkar müəllimdir. Yalnız tələbələrinə dərs prosesini aşılamaqla deyil, onlar üçün tədris proqramlarının yazılmasında da Məmmədağa müəllimin imzası var. Onun istər xalq çalğı alətləri, istərsə də simfonik orkestrin tərkibinə daxil olan alətlərin tədrisinə dair “Alətşünaslıq” dərsliyi musiqi təmayüllü ali və orta ixtisas məktəbləri və tələbələr üçün dəyərli mənbədir. Bu dərslikdə alətlərin tarixi, quruluşu, səslənməsi və ifa üslubları haqqında bilgilər öz əksini tapır.

Azərbaycan musiqi sənətində öz yeri, öz dəst-xətti olan Məmmədağa Umudov həyatının və yaradıcılığının daha kamil dövrünü yaşayır. Mayın 27-də bəstəkarın anadan olmasının 75 illiyi tamam olub. Müxtəlif musiqi ocaqlarında yubilyarla keçirilən görüşlərdə onun həm bəstəkar, həm də pedaqoq kimi fəaliyyətindən ətraflı söhbət açılır. Qara Qarayevin Ev-Muzeyində, Bəstəkarlar İttifaqında keçirilən tədbirlər bu qəbildəndir.

Bəstəkarın doğum günündə ABİ-də təşkil olunan tədbiri ittifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Məmmədağa Umudovun yaradıcılığından bəhs etdi. Qeyd etdi ki, ittifaqın idarə heyətinin üzvü kimi keçirilən tədbirlərdə fəal iştirak edir, bu tədbirlərdə onun “Qobustan” simfonik uvertürası, simli alətlər üçün simfoniyası səslənib. Bununla yanaşı, bəstəkarın əsərlərinin ölkəmizin hüdudlarından kənarda da səslənməsi Azərbaycan musiqisinə böyük uğur və töhfədir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova “Məmmədağa Umudovun yaradıcılıq portreti”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev “Məmmədağa Umudovun pedaqoji fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Məmmədağa Umudovun yaradıcılığında vətənpərvərlik mövzusu” üzrə çıxış etdilər.

Tədbirin musiqi hissəsində bəstəkarın “Cümhuriyyət marşı” (söz: V.Əhməd; AMK-nın xoru, xormeyster T.Yusifova; Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor M.Mehmandarov), violin ilə fortepiano üçün “Kompozisiya” (CSO Ankara, Türkiyə; ifa edirlər: Cihat Aşkın – violin, Can Okan – fortepiano), “Qarabağ Azərbaycandır!” (Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor M.Mehmandarov) əsərlərinin videoyazısı nümayiş olundu.

Sonda Məmmədağa Umudov tədbirə təşrif buyuran elm və incəsənət xadimlərinə, eləcə də Bəstəkarlar İttifaqındakı həmkarlarına təşəkkürünü bildirdi.

Biz də hörmətli sənətkarımıza musiqi mədəniyyətimizə layiqli töhfələr verdiyi üçün təşəkkür bildirir və cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Fidan Nəsirova-Əhmədova

Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.7.