“Musiqi sevinc bəxş
edir”
Vyanada Tofiq Əhmədovun 100 illiyinə həsr
olunmuş konsert
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
görkəmli caz musiqiçisi, instrumental ifaçı, bəstəkar,
uzun illər Azərbaycan Televiziya və Radiosu Estrada simfonik
orkestrinin bədii rəhbəri və baş dirijoru olmuş
Xalq artisti Tofiq Əhmədovun (1924–1981) 100 illiyinə həsr
olunmuş konsert keçirilib.
“Musiqi sevinc bəxş edir” (“Musik macht Freude – MmF”)
adlı yubiley konserti Vyanadakı eyniadlı musiqi məktəbi
(Musikschule MmF) tərəfindən “Culture Meeting Point” mədəniyyət
təşkilatı, şəhər meriyası, “Sun Dance Company”
rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin
dəstəyi ilə təşkil olunub.
Tədbirin əvvəlində “Musik macht Freude” musiqi məktəbinin
və “Culture Meeting Point” mədəniyyət təşkilatının
musiqi rəhbəri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Fərəh Tahirova qonaqları
salamlayaraq T.Əhmədovun Azərbaycan caz musiqisinin
inkişafındakı rolundan bəhs edib.
Qeyd edilib ki, Şərqlə Qərb arasında musiqi
mübadiləsi və mədəni körpü rolunu oynayan,
Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin
inkişafına yönələn konsert proqramında T.Əhmədovun
əsərləri ilə yanaşı, dahi Azərbaycan bəstəkarı
Qara Qarayevin, məşhur Avstriya və Avropa bəstəkarlarının
əsərlərinə də yer verilib.
Konsert uşaqların T.Əhmədovun
yaradıcılığı haqqında maraqlı təqdimatları
ilə müşayiət olunub, sənətkarın bəstələri
və fotoları təqdim edilib.
Musiqi məktəbi və şəhər
gimnaziyaları şagirdlərinin, “Sun Dance Company” rəqs
studiyası tələbələrinin ifaları gecənin
qonaqları tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq fortepiano müsabiqələrinin laureatı,
gənc pianoçu və bəstəkar, Vyana Dövlət
Operası xorunun solisti Norbert Ebner T.Əhmədovun
“Güldür məni” (“Give me a smile”) mahnısını, həmçinin
musiqiçinin yubileyinə həsr olunmuş “Günəşli
vals”ı ifa edib.
Gecədə Vyanada fəaliyyət göstərən
müxtəlif diaspor təşkilatlarının nümayəndələri,
Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları,
avstriyalı musiqiçi və alimlər, Tofiq Əhmədovun
ailə üzvləri iştirak ediblər.
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.2.