“Mənalı ömrün hekayəti”  

 

Xalq artisti Elmira Şabanova haqqında kitab

 

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Mənalı ömrün hekayəti” adlı kitabı işıq üzü görüb. Kitab görkəmli aktrisa, Xalq artisti, Prezident təqaüdçüsü Elmira Şabanovaya və onun kinematoqrafçılar ailəsinə həsr olunub.

Kitabda bölmələr süjet şəklində verilib. On doqquz süjet və “Elmira Şabanovanın quruluş verdiyi tamaşalar”, “Elmira Şabanovanın səhnədə oynadığı rollar” bölmələri maraqla oxunur.

Kitab Xalq artisti Rafiq Əzimovun ön sözü ilə açılır. Sonra rejissor Tahir Əliyevin “Kinomuzun kübar aktrisası” adlı məqaləsi verilir. Məqalədə aktrisanın sənətkarlığını səciyyələndirən xüsusiyyətlərdən bəhs edilir.

Aktrisanın ömür və yaradıcılıq yolu, pedaqoji fəaliyyəti, ailəsində sənətini davam etdirənlər haqqında ətraflı söz açan Aydın Kazımzadə sənədli film təəssüratı yaradan bir iş ortaya qoyub. Kitabda yer alan çoxsaylı fotolar onu daha da dolğun edir.

Məlumdur ki, son illərdə Elmira xanım efirlərdə görünmək, tamaşaçı qarşısına çıxmaq istəmir. Bu, aktrisanı sevən, onu görmək istəyən tamaşaçılar üçün də bir nigarançılıq yaradır. Aydın Kazımzadə bildirir ki, məhz bu amillər onu da narahat etdiyindən belə bir kitab yazmağı qərarlaşdırıb. Elmira xanım əvvəlcə razılıq verməyib və böyük çətinliklə onu kitabın yazılmasına razı salmaq mümkün olub. Aydın müəllim qeyd edir ki, müəllif olaraq onun üçün ən böyük mükafat kitab hazır olandan sonra Elmira xanımın sevinməsi və “Nə yaxşı ki, mən bu kitabı görə bildim” deməsidir.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

 

Lalə Azəri

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.5.