Tatar xalqının
mübariz alimi
Əziz Qubaydullin Azərbaycanda tarix elminin
inkişafına töhfə verib
Zaman-zaman ortaq tale yaşadığımız türk
xalqları bir-birinin elm, maarif və mədəniyyətinin
inkişafı üçün də
çalışıblar. Bu yazıda tatar xalqının
böyük oğlu, tarixçi, pedaqoq, professor, repressiya
qurbanı Əziz Qubaydullin haqqında söz
açacağıq. O, Azərbaycanda tarix elminin
inkişafına töhfələr verib.
Əziz Salih oğlu Qubaydullin 27 iyun 1887-ci ildə
Tatarıstanın Kazan şəhərində tacir ailəsində
dünyaya göz açıb. Əvvəlcə molla məktəbində
təhsil alır. Səkkiz yaşında “Xalidiyyə” mədrəsəsinə
gedir. Burada tələbələrə formal sxolastik məntiq
və fəlsəfə ilə yanaşı, Qərb mədəniyyəti,
ideoloji mübarizələr tarixi də tədris olunurdu.
Əziz Qubaydullin bu mədrəsədə oxumaqla
yanaşı, Rus-tatar məktəbinə də gedir. Görkəmli
rus yazıçısı Lev Tolstoyun əsərlərini
oxuyur, ədibin həyata baxışına, hadisələrə
fərqli yanaşmasına heyran olur.
Kazan şəhərində rusların gündən-günə
artması, gənclər arasında fikir ayrılıqları
gənc Əzizə də təsir edir. O, xalqçılar,
anarxist və sosial demokratlarla yaxından tanış olur.
1904-cü ildə “Xalidiyyə” mədrəsəsini bitirir.
1905-ci ildə Rusiyada baş verən iğtişaşlar tatar
gənclərin də diqqətini bu proseslərə cəlb
edir. Əziz Qubaydullin də inqilaba qoşulur. Monarxiya və
müstəmləkəçilik əleyhinə mübarizə
aparır. Dövri mətbuat səhifələrində
tatarların haqq və hüquqları ilə bağlı məqalələri
dərc edilir. 1909-cu ildə Kazan Universitetinin Hüquq
fakültəsinə qəbul olunur. Burada təhsil alan azərbaycanlı
həkim, ictimai xadim Soltanməcid Əfəndiyevlə
tanış olur. Ancaq onun bu fakültədə təhsili uzun
sürmür. “Türk xalqlarının qəhrəmanlıq
eposu “Seyd Battal”ın yaranması” adlı tədqiqat əsərini
yazır. Əsər universitetin professorları M.M.Xvostov və
N.N.Firsovun diqqətini çəkir. Ona Tarix şöbəsinə
dəyişilməyi məsləhət görürlər.
Əziz müəllimlərinin, xüsusən xakas əsilli
türkoloq Nikolay Fyodoroviç Katanovun məsləhəti ilə
“Marko Polo monqol tarixinin araşdırıcısı kimi”
mövzusunda diplom işi üzərində işləyir.
Diplom işini 1914-cü ildə tamamlayır. Təhsildə
qazandığı uğurlara və yazdığı irihəcmli
diplom işinə görə universitetin rəhbərliyi tərəfindən
birinci dərəcəli diploma layiq görülür. Ona ali məktəbdə
qalıb işləmək təklif olunur. Lakin hökumət
yanında siyasi etibarsızlığına və tatar
olduğuna görə dövlət qulluğuna keçməyə,
universitetdə işləməyə icazə verilmir.
1914-cü ildən işlədiyi yeni tipli “Məhəmmədiyyə”
tatar mədrəsəsindən də uzaqlaşdırılr.
Kazan qubernatoru onu Sibirə göndərir.
Ə.Qubaydullin Orenburq vilayətinin Troitsk şəhərinə
gedir. O, buradakı müəllimlər seminariyasında qeyri-rəsmi
şəkildə işə götürülür. 1917-ci
ilin fevralına kimi orada işləyir.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra
Ə.Qubaydullin Kazana qayıdır. Professor N.F.Katanov və
tarixçi N.N.Firsovun köməkliyi ilə universitetin Tarix
kafedrasında işə götürülür. Qısa vaxt ərzində,
1918-ci ildə “Din tarixi kursu”, 1919-cu ildə “Rusiya tarixi kursu” və
“Qədim dünya tarixi kursu” dərsliklərini yazır.
1921-ci ildə Şərq Akademiyası və Şərq
Pedaqoji İnstitutunda müəllim işləməyə
başlayır. “Xəzər xaqanlığının tarixi təcrübəsi”,
“Bir tatar salnaməsinin məhvi”, “Puqaçov üsyanında
tatarların iştirakı” və s. mövzularda
apardığı araşdırmalar ona böyük nüfuz
qazandırır. Bununla belə, tez-tez bolşeviklərin təzyiqi
ilə üzləşir. Tatar xalqını azadlığa,
müstəmləkəçilər əleyhinə mübarizəyə
səsləyən məqalə və
çıxışları bolşevikləri narahat edir.
1925-ci ildə Səmərqəndə Rusiya müstəmləkəsi
olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan,
Türkmənistan, Tatarıstan, Başqırdıstan,
Dağıstan, Azərbaycan və digər ölkə və
bölgələri azad edib vahid bir dövlət qurmaq istəyi
ilə gizli təşkilat qurulur.
Çox keçmir mərkəzi təşkilat
Bakıya köçürülür. Təşkilatın bir
çox rəhbərləri kimi Ə.Qubaydullin də
Bakıya gəlir.
Bakıda onun səmərəli işləməsi və
gizli fəaliyyətini davam etdirməsi və təşkilatın
formalaşdırması üçün lazımi şərait
yaradılır. Həmin vaxt gənclik dostu və tələbə
yoldaşı S.Əfəndiyev də burada rəhbər vəzifədə
olur. Ə.Qubaydullin Azərbaycan Dövlət Universitetində
dosent kimi işə götürülür. Yeni yaradılan
Tarix-ictimaiyyət şöbəsinə müdir təyin
edilir. Yaradılan şəraitdən səmərəli istifadə
edərək 1927-ci ildə “Xəzərlərin mənşəyi
məsələsi”, “Tatar burjuaziyasının tarixindən” və
“Azərbaycan bəyləri və onların tabeliliyində olan
kəndlilər”, “Teymur imperiyasının tənəzzülü
və özbəklər mərhələsi” (1928),
“Tatarların mənşəyi məsələsi”, “XVI–XVII əsrlərdə
tatarların kəndli hərəkatlarında iştirakı”
(1929), “İsmayıl Qaspıralının ideologiyasına bir
nəzər” (1930) adlı əsərlərini yazır.
Şərq tarixi kafedrasının professoru kimi
şöhrəti Azərbaycanın hüdudlarını
aşır. 1930-cu ildə Moskva Dövlət Universitetinin də
professoru seçilir.
Ə.Qubaydullin pedaqoji fəaliyyətlə
yanaşı, tədqiqatlarını da davam etdirir. “Didərgin
tatarların sosial inkişafının mərhələləri”,
“Bakı və ətrafı kəndlər”, “Fatih Əmirxanov və
tatar ədəbiyyatı”, “Türk-tatar xalqları elminin
inkişaf tarixi” adlı əsərləri və “Feodal
epoxasında SSRİ xalqlarının tarixi kursu”, “Kəndli
müharibələri” dərs vəsaitləri işıq
üzü görür.
Ə.Qubaydullin eyni zamanda gizli təşkilata yeni
üzvlərin cəlb edilməsini də diqqətdə
saxlayır. Tələbələrinə getdikləri yerlərdə
təşkilatın özəklərini yaratmaq
tapşırığı verir. Türk xalqlarının
aydın sabahları üçün bir anda olsun dincəlməyən
Ə.Qubaydullin 17 mart 1937-ci ildə universitet və SSRİ Elmlər
Akademiyasının Azərbaycan Filialındakı işindən
xaric edilir. Bir müddət sonra həbs olunaraq güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.6.