“MədəniyyətimİZ”də pianoçu-bəstəkar Pikə Axundova ilə görüş

 

Azərbaycan incəsənətinin gənclər arasında təbliği, gənclərin milli-mənəvi dəyərlərə ehtiram və vətənpərvərlik ruhunda yetişməsinə nail olmaq məqsədi daşıyan “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə pianoçu-bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə görüş keçirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova və “İRƏLİ” İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riad Cəbrayılov görüşə gələnləri salamlayaraq Pikə xanımın yaradıcılığı barədə danışıblar.

Sonra Pikə Axundova öz təhsil illərini, müəllimlərini xatırlayıb, yaradıcılıq ideyaları və planları, pedaqoji fəaliyyəti, istedadlı gənclərə qayğı və dəstəyindən söz açıb.

“Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində müasir musiqinin rolu”, “Bəstəkarlıq fəaliyyətində yeni, innovativ yanaşmalar: keçmiş ənənələrə baxış”, “İstedadlı gənclərin tanıdılması” kimi mövzular müzakirə olunub. Bəstəkar görüş iştirakçılarının suallarını cavablandırıb.

Pikə Axundovanın öz ifasından “Salam, Şuşa”, “Tokkata” fortepiano əsərlərinin, müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın “Qəlbimin səsi” mahnısının səsləndirilməsi görüşün musiqi bəzəyinə çevrilib.

 

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.5.