Almaniya ilə mədəni-humanitar əməkdaşlıq inkişaf edir

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyaya səfərə gedib. Nazir müavini Fərid Cəfərovun başçılıq etdiyi heyət iyunun 21-də Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib.

Kitabxananın tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verilib. Sonra kitabxananın rəhbərliyi ilə görüş olub, sahə üzrə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

Nümayəndə heyəti kitabxanada qorunub saxlanılan Türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi – “Kitabi-Dədə Qorqud” eposunun əlyazma nüsxəsi ilə tanış olub.

Qeyd edək ki, dastanın öyrənilməsi alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən 1815-ci ildə Drezden kitabxanasında “Kitabi-Dədə Qorqud”un XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayıb. Bu əlyazma müqəddimə və 12 boydan ibarətdir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi  qeyd olunub.

Dastanın ikinci nüsxəsi Vatikandadır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə dastanın 6 boyu verilib.

Son illərdə eposun yeni nüsxələri aşkara çıxarılıb. Drezden və Vatikanda saxlanılan əlyazmaların faksimilesi isə ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda oxuculara təqdim edilib.

Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı

Ölkəmizin Almaniyadakı səfirliyi nəzdində Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliyimizin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, ölkəmizdən gedən nümayəndə heyətinin üzvləri, diaspor təmsilçilərimiz mərasimdə iştirak ediblər.

Çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Almaniyadakı Azərbaycan diasporu da bu sahədə uğurla fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar mərkəzdə yeni təşkil olan nağara kurslarının açılışında iştirak ediblər.

Azərbaycan dili həftəsonu məktəbinin dinləyicilərinə Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi adından hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.3.