“Mədəniyyət
əlifbası” – Azərbaycanla hərfbəhərf
tanışlıq
Kitabın yeni nəşri Almaniyada təqdim olunub
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində
“Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı
olub. Tədbirdə mədəniyyət, incəsənət nümayəndələri, dizaynerlər,
influenserlər, kitab mağazalarının sahibləri, Bir
sıra ölkələrin Berlindəki səfirliklərinin əməkdaşları,
Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Rəngarəng illüstrasiyalardan ibarət “Əlifba:
A Cultural Alphabet” kitabı həm böyüklər, həm də
uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan
əlifbasıdır. Kitabda Azərbaycan əlifbasının hər
bir hərfi ölkəmizdəki memarlıq abidələri, sənət
əsərləri, xalqımızın tarixi ənənələri
və folkloru ilə bağlıdır.
Layihənin ideya müəllifi “Nargis” jurnalının
baş redaktoru Ülviyyə Mahmuddur. Alman, ingilis, ispan və
italyan dillərində təqdim olunan nəşrin əsas məqsədi
ölkəmizin tarixini, mədəni irsini və Azərbaycan
dilini təbliğ etməkdir.
Təqdimatda Azərbaycanın Almaniyadakı səfiri
Nəsimi Ağayev və “Nargis” jurnalının baş
redaktoru Ülviyyə Mahmud çıxış ediblər.
Sonra qonaqlar “History in Letters” (“Məktublarda tarix”)
filmini izləməyə dəvət ediliblər. Sənədli
animasiya filmi tamaşaçıları əlifba
prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə
tanış edir. Bu həm də tamaşaçını həqiqətin
kəşfinə və sənətə olan sevginin
gücünə sövq edən fəlsəfi
axtarışdır.
Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi
Ağamehdi Abidov, animatoru Kənan Şeyxzamanlı, sponsoru BP
şirkətidir.
Qonaqlar Azərbaycanın Xalq artisti, xanəndə Alim
Qasımovun və Əməkdar artist, pianoçu İsfar
Sarabskinin ifasında musiqili proqramın müşayiəti ilə
Azərbaycan mətbəxinin ləziz təamlarından da
dadıblar. Musiqili proqram muğamın və elektron ritmlərin
sintezi əsasında yaradılan unikal kompozisiya şəklində
təqdim olunub. Bundan əlavə, tədbir
iştirakçıları gənc və istedadlı
musiqiçi Elreinin ifasından zövq alıblar.
Heykəltaraş Teymur Qəribov kitab üçün
kristal formasında xüsusi altlıq hazırlayıb,
illüstrasiyalar isə rəssam Orxan Hüseynova məxsusdur.
Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin
xanəndə Alim Qasımovun ifası və pianoçu
İsfar Sarabskinin bəstəsindən ibarət musiqi albomu,
“Nargis” jurnalının iyun buraxılışı, poster və
açıqcalar hədiyyə olunub.
“Əlifba: A Cultural Alphabet” kitabını tezliklə
Berlinin kitab mağazalarında da əldə etmək
mümkün olacaq.
Qeyd edək ki, “Əlifba: A Cultural Alphabet” layihəsi
2019-cu ildə İstanbulda keçirilən təqdimat ilə
başlayıb. Kitabın birinci buraxılışı Azərbaycan,
türk, ingilis və rus dillərində təqdim olunmuşdu.
Mədəniyyət.- 2024.-26 iyun,№46.- S.8.