Fransanın azərbaycanlı qəhrəmanı

 

“O, Xarqo idi” filmi Parisdə nümayiş etdirilib

 

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist Müqavimət hərəkatının məşhur nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova (1920–1994) həsr olunmuş “O, Xarqo idi” adlı sənədli film nümayiş etdirilib.

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasının istehsalı olan filmin təqdimatında ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Səfir Leyla Abdullayeva çıxışında Azərbaycanın İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbəyə verdiyi mühüm hərbi, iqtisadi töhfələrdən danışıb. Sovet ordusunun yanacaq ehtiyacının 90 faizinin Bakı nefti hesabına təmin edildiyi diqqətə çatdırılıb. Diplomat Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizəsindən, Müqavimət hərəkatında fəaliyyətindən, bu ölkənin Tarn və Qaron departamentində partizanlara qoşulması və müxtəlif əməliyyatlarda qəhrəmanlığından danışıb.

Sonra sənədli film nümayiş olunub.

Rejissor Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranması ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından bəhs edib.

Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov babası ilə bağlı xatirələrindən danışıb.

Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare ölkəmizdə  olduqları zaman Fransa qəhrəmanı Ə.Cəbrayılovun doğma şəhəri Şəkiyə səfərlərindən, Əhmədiyyə ilə birgə partizan hərəkatında olmuş Rene Şambarın Şəkidə dostunun qəbrini ziyarət etməsindən söz açıblar.

Həyat yoldaşı Fransanın Azərbaycandakı səfirliyində işləmiş Aleksanr Vattən Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı partizanlarla bağlı arxivlərdə işləməsindən, onlarla bağlı hazırladığı kitabdan bəhs edib.

Tədbir çərçivəsində müharibə vaxtı azərbaycanlı əsgərlə ailə qurmuş, Azərbaycanda yaşamış və 50 ildən sonra ölkəsinə səfər etmiş fransız İvon Bottonun xatirəsi də yad edilib.

 

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.8.