Anadır arzulara hər
zaman Qarabağ...
Son illər, daha doğrusu, İkinci Qarabağ – 44
günlük Vətən müharibəsindən sonra bu
mahnıya başqa ovqatda qulaq asır, ara-sıra zümzümə
də edirəm. Düşünürəm ki, illərlə
işğalda qalıb, həsrətdən saralıb-solan yurd
yerlərimiz həm də bu nəğmələrlə yenidən
cana gəlir...
Qəlbləri titrədən nəğmələrimiz
arasında öz yeri olan “Qarabağ”. Yazılmasından uzun
illər keçməsinə rəğmən səs
texnikası və istedadı, janr və üslubundan
asılı olmayaraq, neçə-neçə
ifaçının repertuarını bəzəyib və bəzəməkdə
davam edir.
“Anadır arzulara hər zaman Qarabağ”, bir çox
hallarda da “Can Qarabağ” kimi qeyd
olunan mahnı, əslində, “Qarabağ” adlanır.
Dinləyici auditoriyası bu mahnını ilk dəfə
1972-ci ildə – hələ o zaman gənc xanəndə kimi
populyarlaşmağa başlayan Xalq artisti, muğam və xalq
mahnılarımızın mahir ifaçısı Arif
Babayevin ifasında eşidib. Sözsüz ki, ifa manerası və
ümumilikdə mahnının melodiyası xalq üslubuna
yaxın olduğundan elə belə də bilinib.
Təsadüfi deyil ki, indi də bir çoxları bu
nəğməni xalq mahnısı hesab edir. Əslində, bu
mahnı da çox sevilən saysız nəğmələr
müəllifi Bəhram Nəsibov (1942–1998)
yaradıcılığına məxsusdur. Bəstəkarın
anadan olmasının növbəti ildönümündə
onu bir də bu mahnının “qanadlarında” yad etməyə
dəyər...
B.Nəsibovun milli mahnı janrının
inkişafında misilsiz xidmətləri var. O, Azərbaycan
musiqisində istedadı, xalq musiqisindən qaynaqlanan incə
duyumu ilə seçilən nadir sənətçilərdən
idi. Professional musiqi təhsili olmasa da, şair, dramaturq,
publisist və bəstəkar kimi 300-dək mahnıya can verən
B.Nəsibov, təəssüf ki, qəribə, yaradıcı
insan üçün ağrılı bir sənət
ömrü yaşayıb. Mahnıları “xalq mahnısı”
və “təsnif” kimi səslənib...
Yeri gəlmişkən qeyd edək ki, B.Nəsibov Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki
ADMİU) Musiqili komediya şöbəsində Soltan Hacıbəyovun
kursunda oxumağa başlayıb. Ali təhsilini başa vura
bilməsə də, nəğmələri onun sənət
dünyasını bütöv şəkildə musiqisevərlərə
təqdim edib.
Maraqlısı budur ki, bəstəkarın ilk
mahnısı, daha doğrusu, onu ictimaiyyətə təqdim edən
ilk yaradıcılıq işi də məhz
“Qarabağ”dır.
Müəllif bu mahnını 1968-ci ildə yazıb.
Əvvəl tarda ifa edən sənətkar sonradan sənət
dostlarının təklifi ilə el məclislərində
iştirak etmək üçün dövrün populyar aləti
olan gitarada çalmağa başlayıb. Xalq onu mahir gitara
ifaçısı kimi də sevib, nəinki Qarabağ elində,
bütün bölgələrdə məclislərə dəvət
edib. Buna rəğmən bütün bəstələrini tar
üzərində yazıb.
Xalq artisti Arif Babayevin B.Nəsibovla bağlı xatirələrində
bir məqam diqqətimi xüsusən cəlb etdi. Sən demə,
ifaçı ona təklif olunan bu mahnını bir neçə
il sonra oxuyub. Necə deyərlər, tutacağına
şübhə edib. Yalnız bir neçə il sonra Arif
Babayev özü bu mahnını xatırladıb və tədbirlərin
birində oxuyub. Lentə alınan nəğmə qısa
zamanda ritmik mahnı kimi istər konsertlərdə, istərsə
də məclislərdə sevilərək dinlənilib.
Beləcə, B.Nəsibovun sonralar yazacağı “Qal,
sənə qurban”, “Ey nazlı Dilbərim”, “Neyçün bəs”,
“Ay dəli ceyran”, “Səni qəmli görəndə”, “Deyin
hardadır?!”, “Xatırla məni” mahnıları kimi
“Qarabağ” da ifaçılarına böyük sevgi
qazandırıb.
Əksər mahnılarının mətn müəllifi
də özü olan B.Nəsibov lirik şeirlər yazıb.
Əksəriyyəti mahnı mətni olsa da, hələ bəstəkarını
gözləyən neçə-neçə şeiri ondan
miras qalıb.
Qəribədir, bundan əvvəl bir neçə
mahnısı səslənsə də, bəstəkara
şöhrəti də məhz şövq ilə
yazılmış “Qarabağ” mahnısı gətirib. Efirdə
mahnıları səslənən, lakin adı çəkilməyən,
yaratdığı əsərlərin şöhrətini kənardan
izləyən, müəllif kimi konsert proqramlarında,
televiziya ekranındakı titrlərdə adını görməməkdən
giley-güzarlı olan bəstəkar ürəyini yeni-yeni
mahnılarla soyudar, nə vaxtsa bu haqsızlığın sona
yetəcəyinə ümid bəsləyərmiş.
Diplomsuz bəstəkarın bu mahnısı Azərbaycan
sərhədlərini aşandan sonra da heç nə dəyişmir.
“Qarabağ bülbülləri” kimi yeni kollektivin, bir anda sənət
dünyasında günəş kimi parlayan heyətin
ifasında səslənir. Murad Rzayevin yaratdığı bu
kollektiv, daha doğrusu, onun dörd məktəbli üzvü
haqqında SSRİ Mərkəzi Televiziyasının
sifarişi ilə 1977-ci ildə qısametrajlı film çəkilir.
Kvartetin ifasında “Qarabağ” mahnısından parça
kinolentə daxil edilsə də, yenə müəllifinin
adı qeyd olunmur.
Mahnının təsirli, maraqlı
ifaçılarından biri də Əməkdar artist, xanəndə
Süleyman Abdullayev olub. İfaçı 1978-ci ildə
teleradionun sifarişi ilə Yeni il konserti üçün bu
mahnını da lentə yazdırır. Bu dəfə ona
muğam hissəsini də əlavə elətdirir. Amma proqram
tərtibatçıları vaxtı bəhanə gətirərək
məhz muğam hissəsinin çıxarılması şərti
ilə mahnını efirə verirlər.
Mahnının müəllifsiz qeydi ilə son
ifaçısı bəstəkar-müğənni Tamilla Məmmədzadə
(1984) olur. O dönəmədək Azərbaycanın dilbər
guşəsi Qarabağı tərənnüm edən
mahnı 90-cı illərdən, yəni qan-qadalı illərin
başlaması ilə öz xarakter və ideya
yükünü də dəyişdi. “Qarabağ”
mahnısı nisgil kimi, ağrı kimi, yanğı kimi, həsrət
kimi ruhumuzun haray ladına kökləndi. Təbii ki, bu dəfə
müəllifi, onun nisgilli yaradıcılıq yolu, həsrət
dolu həyat hekayəti, Qarabağsızlıq əzabları
da ona qoşuldu.
Bu dövrdə mahnıya müraciət edənlərin
sayı daha da artır. Xalq artistləri Mənsum İbrahimov,
Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər
Yaqut Abdullayeva, Aygün Bəylər, Təyyar Bayramov, Səbuhi
İbayev, xanəndələr Elnur Zeynalov, Qoçaq Əsgərov
kimi neçə-neçə ifaçının
repertuarını bəzəyir...
Budur, Qarabağ azaddır və yenə də orada
“Gül açır qəlbimizin ən şirin
arzuları”. Eləcə də
Bəhram Nəsibovun müəllif haqqı...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.7.