Savaşdan qalib
çıxanların himni
1941-ci il, Leninqrad, yəni indiki Sankt-Peterburq
…İyunun 22-də o, konservatoriyanın A.K.Qlazunov
adına Kiçik zalına gəldi ki, dövlət
buraxılış imtahanında iştirak etsin. Bəstəkarlıq
kimi ciddi bir fənni tədris etmək üçün cavan
sayılacaq müəllim 35 yaşın içindəydi və
artıq özünü həm ciddi musiqi əsərlərinin
müəllifi, həm də çox yaxşı pedaqoq kimi
tanıtmışdı. Amma saat 10-a təyin edilmiş
dövlət imtahanı baş tutmadı. Müharibə
başlamışdı… Həmin müəllim sonradan XX əsrin
musiqi dühalarından sayılacaq Dmitri Şostakoviç idi.
2024-cü il, hər zamankı Bakı
İyunun 22-də o, konsertdən əvvəl Heydər
Əliyev Sarayına gəldi. Bu səhnədə yerini alacaq
birləşmiş orkestrə (Sarayın tabeliyindəki Niyazi
adına Dövlət Simfonik Orkestri və Akademik Opera və
Balet Teatrının simfonik orkestri) dirijorluq edəcəkdi. Belə
böyük kollektivi çox böyük və məsuliyyətli
əsərin ölkədə ilk ifasına hazırlamaq və
onu idarə etmək asan iş deyildi… Salondan səhnə
arxasına yansıyan uğultu səsləri isə deyirdi ki,
bu əsərin ifasından gözləntilər də
böyükdür… 65 yaşın içində olan dirijor
üçün bu, bəlkə də, adi bir hal idi. Onsuz da
illərdən bəri Azərbaycan bəstəkarlarının
əsərlərini dünya səhnələrində
tanıdırdı, dünya musiqisinin incilərini doğma
diyarda sevdirirdi. Lakin Azərbaycanda ilk dəfə ifa olunacaq əsəri
müəllifinin adına layiq, musiqisevərlərin də
gözlədiyinə yaraşan tərzdə çatdırmaq
səhnədəki hər kəsdən çox onun məsuliyyəti
idi. Həmin dirijor Xalq artisti, professor Yalçın
Adıgözəlov idi.
7-ci simfoniyanı tanıyaq…
Dmitri Şostakoviçin 7-ci simfoniyası hücuma məruz
qalmış ölkədə savaşın bitməsindən
hələ çox əvvəl (!) ərsəyə gələn,
döyüş ruhunu, qələbə əzmini ən
dolğun çatdıran, bəlkə də, ən
böyük əsərdir.
Bəstəkar 7-ci simfoniyanı 1941-ci ildə qələmə
alıb. Əsərin ilk üç hissəsi sentyabr
ayında artıq mühasirəyə alınmış
Leninqradda yazılıb. Avqustun əvvəlində bəstəkar
yaxın dostu, ədəbiyyatşünas İsaak Qlikmanı
evinə çağırıb ona düşündüyü
simfonik əsərin başlanğıcını göstərmək
istəyir və deyir ki, “görünməmiş müharibə
tüğyan edirsə, bəlkə də bu əsər kimsəyə
lazım olmayacaq”. Amma bəstəkar dostu üçün
royalda faşist hücumunu təsvir edən hissələri
çalır və musiqi başa çatınca hər ikisi
öz həyəcanını gizlədə bilmir. Hər ikisi
susur və birdən Dmitri öz fikrini bildirir: “Mən bilmirəm,
bu əsərin taleyi necə olacaq, bəlkə də, tənqidçilər
məni qınayacaqlar ki, Ravelin “Bolero”suna oxşayır. Qoy
qınasınlar, mən müharibəni belə eşidirəm”.
Sentyabr ayında cəmi bir neçə günün
içində Şostakoviç simfoniyanın ikinci hissəsini
bitirir və üçüncü hissəni yazmağa
başlayır. Hava həyəcanı siqnalı veriləndə
ailəsi ilə sığınacağa düşən bəstəkar
orada çox qala bilmir və mənzilinə tələsik
qayıdır ki, əsər üzərində işini davam
etdirsin. Bəstəkar öz işləmək həvəsinə
özü də məəttəl qalır: “Lap cəhənnəm
təntisi ilə işləyirəm, özümü saxlaya
bilmirəm”.
Şostakoviç 7-ci simfoniyanı ailəsi ilə
birlikdə təxliyə olunduğu Samara şəhərində
tamamlayır. Simfoniya bu şəhərə
köçürülmüş Moskva Böyük Teatrı
orkestrinin ifasında ilk dəfə səslənir.
***
O zaman tanınmış yazıçı Aleksey
Tolstoy bu əsər haqqında belə yazmışdı:
“Yeddinci simfoniya insanda insanlığın təntənəsinə
həsr olunub. Qismən də olsa, Şostakoviçin musiqi təfəkkürünün
izini tutmağa çalışaq – Leninqradın tük
ürpərdən qaranlıq gecələri,
partlayışların gurultusu, yanğınların ərşə
qalxan alovu, yanıq qoxusu onun belə bir açıq məzmunlu
əsər yazmağına səbəb olub...
Samaradan sonra 7-ci simfoniyanın Moskva və Novosibirsk
premyeraları baş tutdu. Amma qəhrəmanlığa bərabər
premyera mühasirəyə alınmış Leninqradda,
ünlü dirijor Karl Eliasberqin idarəsilə Leninqrad
filarmoniyasında olmuşdu. Monumental simfoniyanı böyük
orkestr heyəti ilə ifa etmək üçün hərbi
hissələrdən musiqiçilər
çağırmışdılar. Bəzi musiqiçiləri
isə məşqlərə başlamazdan öncə
hospitalda yatırtmaq lazım gəlmişdi – onların doyunca
yeməyə, bəzi xəstəliklərini sağaltmağa
ehtiyac var idi. Konsert günü – 9 avqust 1942-ci il tarixində
mühasirədə olan şəhərin bütün
artilleriya qüvvələri düşmənin atəş
nöqtələrinin susdurulmasına yönəldilmişdi:
tarixi premyeraya heç nə maneə olmamalıydı.
Filarmoniyanın ağ sütunlu salonu arıq, artıq
nimdaş geyimli, solğun bənizli insanlarla dolu idi. Səsgücləndiricilər
konsertin avazını bütün şəhərə
yayırdı. Konsert həm də radio ilə canlı
yayımlanırdı. Deməli, şəhəri mühasirəyə
almış alman qoşun bölmələri də konserti dinləyirdilər.
Uzun illər sonra Leninqrad şəhəri və onun
insanları barədə xatirələri kitab halına gətirən
Vladimir Jeltovun “Yaşadığı üçün sağ
qalan şəhər” toplusunda belə bir xatirə yer
alacaqdı. İllər sonra Almaniyadan gəlmiş iki turist
Leninqradda Karl Eliasberqlə görüşərkən belə
bir etiraf edəcəkdilər: “O vaxt, 42-ci il avqustun 9-da biz
başa düşdük ki, müharibəni uduzacağıq.
Biz sizin aclığa, qorxuya, hətta ölümə də
qalib gəlməyə qadir gücünüzü həmin
musiqidə hiss etdik”.
7-ci simfoniya və biz
Biz müharibəni görmüş, canımızla,
qəlbimizlə hiss etmiş xalqıq.
Biz savaş itkilərinin ürəyimizdə
açdığı yarası hələ qaysaq
tutmamış xalqıq. Nə gözəl ki, həm də
qalib xalqıq. Bu üzdən Dmitri Şostakoviçin 7-ci
simfoniyası həm də bizim yaxın tariximizin musiqi dilində
söylənilən hekayəsi ola bilər.
Simfoniyanın birinci hissəsində epik xarakterli
çox aydın, nikbin ruhlu melodiya səslənir. Musiqi irəlilədikcə
sakit laylayı, beşik nəğməsini xatırladır.
Bu məqamlarda dilbər Qarabağda insanların rahatlıq,
hüzur içində həyatı,
yaşıllıqların özü kimi dinclik dolu güzəranının
xoş avazları qulağa çatır. Lakin uzaqlardan təbil
tappıltısı eşidilməyə başlayır. Səs
gücləndikcə həyatın nizamı pozulur: qonşu
namərdliyi hücum epizoduna keçir. Epizodun
başlanğıcı ilk akkordlarda zərərsiz təsir
bağışlayır. Lakin mövzu on bir dəfə təkrarlanır.
Təkrarlandıqca da melodiyaya yeni alətlər qoşulur, səslər
çoxalır və tükürpərdən ölüm
maşınının yaxınlaşdığını
bildirir. Nikbin notlar bədbin minor səslərə keçir.
Bu səslərin içində yurdundan perik düşənlərin
həsrəti, Xocalı soyqırımı qurbanlarının
harayı, yaralıların iniltisi var sanki. Musiqinin səslənişində
bir hiddət acısı var: simli alətlərlə zərb
alətlərinin qüdrətli tandemi ruhu
üşüdür, bəlanın, fəlakətin kədəri
musiqi sədasına dönərək qulaqlardan qəlbə
süzülüb onu üşüdür. Birinci hissənin
başlanğıcında sanki laylay çalan nəfəs alətlərinin
sədası ağı kimi səslənir.
İkinci hissədə ehtiraslar bir qədər səngimiş
kimi səslənir. Simli alətlərin səsləndirdiyi
mövzuda kədər və həsrət bir-birinə
qarışıb, sanki köçkün həyatı
yaşayan insanların özləri ilə boyaboy gəzdirdikləri
nisgilin izharını eşidirsən. Nəfəs alətləri
ard-arda simli alətlərə qoşulduqca notların səslənişi
codlaşır, sakit bir oyanış başlayır.
Üçüncü hissə həlak olanların
xatirəsini yaşadan rekviyem kimi başlayır. Zaman irəlilədikcə,
bu hissə məntiqi sonluğa doğru getdikcə savaş
qurbanlarına sayğının səslənişi dramatizmlə
gərginləşir. Bu hissəni keçmiş haqqında
xatirə, əvvəlki hissələrdə səslənmiş
faciələrə münasibət kimi də qavramaq olar.
Final – davamlı toparlanaraq müzəffər orduya
çevrilən, əldən verdiyi mövqeləri
şücaətlə çarpışıb özünə
qaytaran xalqın əzəmətinin nümayişidir. Sanki
zülmətin içində qarşısıalınmaz enerji
ilə dolu əsas mövzu yetişir. Alət qrupları
bir-birinə qoşulduqca mövzu mübarizənin, xalq qəzəbinin
obrazına çevrilir. Sonluq sülh və
qarşıdakı qələbənin rəmzi kimi səslənir.
***
Gerçəkdən də, Dmitri Şostakoviçin
7-ci simfoniyasını Yalçın Adıgözəlovun
idarəsi ilə bizim iki sanballı orkestrin ifasında dinləməyə
dəyərdi. Sözün gerçək mənasında,
möhtəşəm ifanın, səslənişin
arxasında gərgin zəhmət, böyük istedad, sənətinə
sonsuz bağlılıq, yaradıcı kollektivi idarə etmək
bacarığı durur.
Birnəfəsə ifadan sonra salonu titrədən
alqış səsləri uzun müddət kəsmədi. Maestro
Adıgözəlov əsl rəhbər səxavəti ilə
minnətdarlıq səslərini dəqiqələrdən bəri
onun hər jestini, sehrli çubuğunun hər titrəyişini
diqqətlə izləyib musiqi sədasına çevirən
musiqiçilərlə paylaşdı. Həm də necə!
Konsert boyunca onun “belə çal” komandasını dəqiqliklə
yerinə yetirən alət qruplarını ayağa
qaldırıb alqışın əsl ünvanının
onlar olduğunu onların özlərinə, huşyarlıqla
orkestri dinməzcə dinləyən bizlərə də
anlatdı.
Deyə bilmərəm ki, D.Şostakoviçin ruhumuzu
uçuran, vücudumuzu uçunduran bu əsəri tez-tez səhnəmizdə
səslənəcək. Çünki bu, bir neçə cəhətdən
bir qədər qəliz məsələdir. Amma 7-ci
simfoniyanın, böyük rus şairəsi Anna Axmatovanın
adqoydusundan sonra “Leninqrad simfoniyası” adlanan əsərin
orkestrlərimizin repertuarında olması artıq bir keyfiyyət
göstəricisidir.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.5.