Günəşli
Bakıda Rusiya Mədəniyyəti Günləri
“Gördüyümüz isti münasibət həm də
azərbaycanlıların qəlbindən gələn hərarətdir”
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 23-25
iyun tarixlərində Bakıda Rusiya Mədəniyyəti
Günləri keçirilib.
İyunun 24-də Heydər Əliyev Sarayında Rusiya
Mədəniyyəti Günlərinin təntənəli
açılış mərasimi və “Rus klassikası”
adlı qala-konsert təşkil olundu.
Konserti iki ölkənin rəsmiləri, mədəniyyət
xadimləri, sənətsevərlər izləyirdilər.
Tədbirdən öncə mediaya müsahibə verən
Rusiya mədəniyyət nazirinin müavini Andrey
Malışev deyib: “Mən uzun müddətdir gözəl
Bakıya gəlməmişdim. Ötən zaman ərzində
şəhər daha da gözəlləşib. Bütün
artistlər buradakı gözəl, mehriban və səmimi
atmosferi qeyd edirlər. Gördüyümüz isti münasibət
təkcə havadan deyil, azərbaycanlıların qəlbindən
gələn hərarətdir. Bu gün biz Azərbaycanda 2019-cu
ildən sonra növbəti Rusiya Mədəniyyəti Günlərini
açırıq. Çox ümid edirəm ki, yenidən
başladığımız bu iş bundan sonra da davam etdiriləcək
və ənənəvi olaraq hər il keçiriləcək”.
Gələn il Rusiyada Azərbaycan Mədəniyyəti
Günlərini təşkil edəcəklərini bildirən
qonaq bu il üçün də müxtəlif layihələrin
nəzərdə tutulduğunu deyib: “Rusiya teatrları Azərbaycana
gələcək. Ümid edirəm ki, təkcə Bakıya
deyil. Eyni zamanda kino sahəsində tədbirlərin, sərgi
layihələrinin keçirilməsi də
planlaşdırılır. Əminəm ki, mədəniyyət
sahəsində əməkdaşlıq əlaqələrimiz
yüksək səviyyədə davam etdiriləcək”.
***
Rus klassik musiqisinin həvəskarları ilə
dolub-daşan Heydər Əliyev Sarayında əvvəlcə
Rusiya mədəniyyət nazirinin müavini səhnəyə
dəvət olundu. Andrey Malışev nümayəndə heyətinin
səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti
Günlərinin keçirilməsinə dəstəyinə
görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü
bildirdi.
Qeyd edildi ki, Azərbaycan və Rusiya xalqlarını
çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi
inkişaf yolu birləşdirir: “Azərbaycanda Rusiya Mədəniyyəti
Günləri axırıncı dəfə beş il əvvəl
olub. İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə
olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni
layihələr iki dövlətin strateji tərəfdaşlıq
səviyyəsində olan əlaqələrinin daha da
inkişafına şərait yaradır. İnanıram ki, bu
gün rusiyalı incəsənət ustalarının azərbaycanlı
həmkarları ilə birgə çıxışı da
bu əməkdaşlığın ən gözəl
nümunəsi kimi alqışlanacaq”.
Azərbaycan Respublikası mədəniyyət nazirinin
müavini Murad Hüseynov çıxışında iki
ölkə arasında mədəni əlaqələrin dinamik
şəkildə inkişaf etdiyini bildirdi¸ mədəniyyət
günlərinin əhəmiyyətini vurğuladı. Qeyd etdi
ki, ölkələrimizin mədəniyyət xadimləri, incəsənət
ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm
də Azərbaycanda keçirilən bir çox festivallarda və
mədəni tədbirlərdə iştirak edirlər. Bir
müddət əvvəl Bakıda keçirilən Rusiya
kinosu günləri böyük maraqla qarşılandı. Mədəni
əlaqələr incəsənət ustaları arasında təcrübə
mübadiləsinə də yol açır.
Çıxışlardan sonra qala-konsert təqdim
olundu.
Üzeyir Hacıbəyli adına Dövlət Simfonik
Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar
artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin)
və Mariya Barakovanın (mezzo-soprano)
çıxışları tamaşaçıların
alqışları ilə qarşılandı. Azərbaycan
vokalçılarının rusiyalı ifaçılarla birgə
səhnəni bölüşməsi də böyük
alqış doğurdu.
P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və
N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı
proqram tamaşaçılara unudulmaz anlar bəxş etdi.
Rusiyalı sənətçilərin ustad dərsləri
Bakıda keçirilən Rusiya Mədəniyyəti
Günləri çərçivəsində iyunun 25-də
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş
mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya
Kulikovanın iştirakı ilə aktyor sənəti, Alina
İvax tərəfindən isə vokal üzrə ustad dərsləri
təşkil olunub.
Ustad dərsində incəsənət sahəsi və
aktyorluq üzrə təhsil alan tələbələr
iştirak ediblər.
Yaradıcılıq yolundan danışan Moskva
Quberniya Teatrının truppa rəhbəri Alina İvax bildirib
ki, vokalçılar üçün aktyorluq sənətini tədris
etməklə yanaşı, “vokal terapiyası” üzrə
ustad dərslərinə də rəhbərlik edir.
A.İvax Rusiyada artıq yeddinci dəfə
keçiriləcək beynəlxalq uşaq festivalı
haqqında da məlumat verib. Bildirib ki, “Roskonsert” həm
regionlarda, həm də ölkədən kənarda festivala
pedaqoqlar və sənət adamlarını cəlb edir. “Biz səbirsizliklə
azərbaycanlı sənət adamlarını da Moskvada
gözləyirik. Ümid edirəm ki, mədəniyyət sahəsində
Rusiya-Azərbaycan əməkdaşlığı bundan sonra
da inkişaf edəcək. Bu, çox vacibdir. Çünki təcrübə
mübadiləsi həmişə zənginlik gətirir”, – deyə
o əlavə edib.
Qonaq sənətçilər Azərbaycan incəsənəti,
xüsusilə də, film və tamaşalarımızı izlədiklərini
diqqətə çatdırıblar
Ustad dərsində müəllif, ssenari, aktyor, səs məsələləri,
habelə yeni nəsil aktyorlar, repertuar və dramaturgiya
mövzusunda fikir mübadiləsi aparılıb.
Yeni aktyor nəslinin tamaşaçını cəlb
etmə xüsusiyyətləri, teatrda yeni adlar və
tamaşaçı marağı ilə bağlı söhbət
açılıb. Bildirilib ki, Rusiyada yeni dram əsərləri
əvvəlcə regionlarda səhnələşdirilir, daha
sonra paytaxtda fəaliyyət göstərən rejissorlar
onların sırasından ən yaxşılarını
seçib təqdim edirlər.
Qonaqlar Rusiya teatrlarında tətbiq olunan yeni
yanaşmalardan bəhs edib, tələbələrin
suallarını cavablandırıblar.
Qeyd edək ki, Rusiya Mədəniyyəti Günləri
çərçivəsində iyunun 23-də
tanınmış pianoçu Aleksey Melnikovun Bakı Musiqi
Akademiyasında ustad dərsi də gerçəkləşib.
***
İyunun 25-də axşam sənətsevərlər
Akademik Rus Dram Teatrının səhnəsində Moskva
Quberniya Teatrının təqdim etdiyi Aleksandr Ostrovskinin “Ailə
şəkli” pyesinin tamaşanı izləyiblər.
Lalə Azəri
Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.1;3.