“Gənclərdən gənclər üçün”

 

“İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada daha bir forum

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə 25–27 iyun tarixlərində “By Youth For Youth” (“Gənclərdən gənclər üçün”) adlı Beynəlxalq Forum keçirilir.

Forum öz işinə iyunun 25-də “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada başlayıb.

Tədbirin məqsədi İslam dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Diqqətə çatdırıb ki, bu gün Şuşada aparılan geniş quruculuq işlərində gənclər də iştirak edirlər: “Şuşaya, öz doğma yurduna qayıdanlar arasında gənclər də var. Onlar şəhərin inkişafına töhfə verirlər...”.

Aydın Kərimov mədəniyyət paytaxtımızda belə bir tədbirin təşkilinə görə ICESCO-nun rəhbərliyinə təşəkkür edib, forum iştirakçılarına uğurlar diləyib.

ICESCO-nun baş direktoru Salim əl-Malik tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Hökumətinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

Baş direktor Şuşa şəhərinə növbəti dəfə səfər etdiyi üçün xoşbəxt olduğunu söyləyib: “Burada olmaq möhtəşəmdir”.

Forumun əhəmiyyətinə toxunan Salim əl-Malik vurğulayıb ki, biz dünyada sülhü qorumaq üçün əlimizdən gələni etməliyik. O, Azərbaycanla sıx tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsini nəzərdə tutduqlarını deyib: “Bunun üçün əlimizdən gələni edəcəyik. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirində də iştirak etmək istəyirik”.

Gənclər və idman naziri Fərid Qayıbov da forumun əhəmiyyətini vurğulayaraq ICESCO-nun rəhbərliyinə, layihənin icrasında yardımlarına görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Qeyd edək ki, “By Youth For Youth” Beynəlxalq Forumu işini 26-27 iyunda Bakıda panel müzakirələr və təqdimatlarla davam etdirəcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə də tanış olacaqlar.

Tədbir Azərbaycanın bir sıra ölkələrlə xoşməramlı əlaqələrinin genişlənməsində gənclərin iştirakının artmasına töhfə verəcək.

 

Mədəniyyət.- 2024.-26 iyun,¹46.- S.1;2.