Ukraynalı uşaqlar Şəkinin görməli yerlərini gəziblər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və sosial-psixoloji reabilitasiyaya cəlb edilən ukraynalı uşaqlar iyunun 26-da Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.

Ukraynalı uşaqların qədim Şəki ilə tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Qonaqlara məlumat verilib ki, qədim Şəki diyarı dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Hər il şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir.

Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki Xan sarayı ilə tanışlıq uşaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansara” mehmanxana-kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII–XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən Şəkiyə gələnlər əsasən bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda tikili mehmanxana kimi fəaliyyət göstərir.

Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqların böyük marağına səbəb olub.

Ukraynalı uşaqlar Qəbələyə də səfər ediblər. Şəki-Qəbələ turundan əvvəl isə onlar Bakının görməli yerləri, tarixi-mədəni məkanlar ilə tanış olublar.

 

Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.3.