Sumqayıt səhnəsində “Xeyir xəbər”

 

Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyulan və 44 günlük Vətən müharibəsinə həsr olunan yeni tamaşa iyunun 25-də, Silahlı Qüvvələr Günü münasibətilə nümayiş olunub.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” dramı əsasında hazırlanan eyniadlı tamaşa müharibənin psixoloji tərəflərini göstərir. Birhissəli lirik-psixoloji qəhrəmanlıq dramında tamaşaçı bir ailənin timsalında qələbəyə gedən yolun əziyyətlərini, sarsıntılarını, itkilərini izləmiş olur.

Tamaşa Mədəniyyət Nazirliyinin yaradıcı gənclərə dəstəyi çərçivəsində teatra tövsiyə olunan gənc rejissor Fuad Cavadzadənin ilk işidir. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Zəfər sorağı ilə bitən tamaşada izləyici sadə insanlar – Murad, Hümbət, Gülüstan, Anaqız, Cəmil, Hüseynalı kişi və başqa sadə insanların simasında müharibə, Vətən, torpaq, şəhid, qazi anlayışlarına münasibəti təsirli boyalarla nümayiş olunur.

Rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Siyavuş Mahmudov, Məryəm Hüseynli və Akif Mirzəyev ifa edirlər.

Şəhər ictimaiyyəti və teatr xadimlərinin izlədiyi səhnə nümunəsi maraqla qarşılanıb.

 

 

Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.3.