Moskva Quberniya Teatrı “Ailə rəsmi”ni Bakıda göstərib

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri çərçivəsində Moskva Quberniya Teatrı iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Ailə rəsmi” tamaşasını təqdim edib.

Əsər müəllif – böyük rus dramaturqu Aleksandr Ostrovskinin (1823–1886) 200 illik yubileyi çərçivəsində səhnələşdirilib və Moskva Quberniya Teatrında premyerası 2023-cü ilin noyabrında olub.

Dramaturqun 24 yaşında qələmə aldığı pyes teatr səhnəsinin nadir nümunələrindən biridir. Tamaşaya baxmaq bakılılar və Azərbaycan paytaxtının qonaqları üçün daha maraqlı idi.

Əvvəlcə “Ailə xoşbəxtliyinin rəsmi” adlanan əsərin taleyi mürəkkəb olub, o, iki dəfə senzuranın “dəyirmanı” altına düşüb. 1855-ci ildə işıq görüb və premyera Sankt-Peterburqdakı Aleksandrinski Teatrının səhnəsində baş tutub.

Rejissor Olqa Matveyeva və teatrın kollektivi tamaşa üçün senzura tərəfindən təhrif olunmayan materialdan istifadə ediblər. Rejissorun özünün qeyd etdiyi kimi, “Ailə rəsmi”ndə artıq Ostrovskinin ecazkar rus dilini, atalar sözünə sevgisini, personajlarının bəzi “şirin” adlarına məhəbbətini hiss etmək olar.

“Ailə rəsmi” bir növ eskizdir, lakin müasir dövrə çox uyğundur. Burada kişi və qadın münasibətləri, nəsillər arasında ailə bağları və dürüstlük mövzusu aktualdır. Tamaşa ata evindən qaçıb evlənmək istəyən 19 yaşlı Mariya Antipovnanın hekayəsindən bəhs edir. Qız yaşadığı divarlar arasında sıxılır. Böyük qardaşı ona oğlan tapır, o, tacir Paramon Ferapontoviç Şiryalovu seçir. Onun qoca olması isə vecinə deyil ki, təki pulu çox olsun.

Rejissorun planına görə, tamaşaçılar sanki özlərini kiçik bir muzeydə – XIX əsrdə tacir həyatını əks etdirən sərgidə hiss edirdilər, burada işçilər ziyarətçilər üçün o dövrün tacir həyatının mənzərələrini göstərirdilər. Muzeyin gözətçiləri öz sərt qara paltarlarının üstünə parlaq geyim əşyaları, şərflər və şallar geyinir, mühafizəçilər jiletlər və paltolarda gəzir və tamaşaçıların gözü qarşısında Ostrovskinin mətni xüsusi fonda təqdim olunur.

Bakı səhnəsindəki tamaşaya baxanlar Anna Tsang, Mixail Şilov, Sergey Verşinin, Aleksandrina Pitirimova, Alina İvax və başqalarının aktyorluğunu yüksək qiymətləndiriblər. Tamaşanın sonunda alqış sədaları uzun müddət davam edib.

 

Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.3.