Həyatın rəngləri
zamanın ötüb-keçən ahəngində...
Azərbaycan Milli İncəsənət Muzeyində
“1920–1980-ci illər Azərbaycan rəngkarlığı və
qrafikası” adlı yeni ekspozisiyasının
açılışı (5 iyun) barədə xəbər
vermişdik. Tarixi xronikalı sərgilər həm də
keçmişə, müəlliflərin
yaşadığı, eyni zamanda tamaşaçıya
ötürülən hiss və duyğulara bir
yolçuluqdur. Elə bu düşüncələrlə
Milli İncəsənət Muzeyinə çatıram.
Mühafizə xidməti səmimi qarşılayıb muzeyin mətbuat
xidmətindən Günay Əsgərovaya xəbər edir.
Qısa hal-əhvaldan sonra muzeyin bələdçisi Firuzə
Ağayevanın müşayiəti ilə yeni ekspozisiyanı
gəzirik.
Ötən əsrdəki yeni quruluşun ilk illəri
Burada hər bir tablo tarixin səhifəsidir, ötən
illərin, keçən dövranın təfərrüatını
açır bizə. Rəssamlıq sənəti
ustadlarının əl izləri, sevgisi, sənət
dünyası boylanır tablolardan. Bu əsərlərin
divardan asılmış cansız bir əşya olduğuna
baxmayın, onların da dili var. Rəng dili, üslub dili,
dövr dili. 1920–1980-ci illərdə Azərbaycan rəngkarlığı
və qrafika sənətlərinin keçdiyi inkişaf yolu,
görkəmli sənətkarların özünəməxsus
yaradıcılıq dünyası ilə dolğun şəkildə
tanış ola bilirsən bu ekspozisiyada.
157 ədəd rəngkarlıq, qrafika, heykəltaraşlıq
və keramika nümunəsi... Bu, 157 düşüncə, bir
o qədər də sənətkar baxışı deməkdir.
İlk zala daxil olanda 1920-ci ildə Azərbaycanda
baş verən siyasi hadisələr, tarixi məqamların rəssamlarımızın
yaradıcılığında da öz əksini
tapdığını görürük. Burada yeni
quruluşun – “fəhlə-kəndli hökuməti”nin guya diqqətdə
saxladığı, qəhrəman imici geyindirdiyi fəhlələrin,
kolxozçuların obrazları görünür.
Ələkbər Rzaquliyevin əsərləri
önündə dayanırıq. Rəssam sovet
ideologiyasını qəbul etmədiyinə görə
ömrünün 30 ilə yaxınını sürgündə
keçirib. Onun kətan üzərində yağlı boya ilə
iki əsəri diqqəti çəkir. Bu əsərlərdə
miniatür sənəti elementləri aydınca
görünür. Çoxfiqurlu, kompozisiyalı “Güləşçilər”
əsəri də maraq doğurur. Bu məqamda rəssamla
bağlı vacib bir məqamı xatırlayıram: “Həyatın
ağır zərbələrini alan Ələkbər
Rzaquliyev ömründə cəmi iki rəngli şəkil
çəkib – “Azərbaycanlı qız” və “Güləşçilər”...
Qalanları iki rəngdədir: ağ və qara... Lap öz həyatı
kimi...”.
Birinci zalda Salam Salamzadə, Rüstəm Mustafayev,
Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər
Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların
da yaradıcılığı
nümayiş etdirilir. Rüstəm Mustafayevin 30 illik ömrə
sığan sənət rəngləri. Onun
yaratdığı portretlərdə obrazların öz daxili
dünyası maraq doğurur. Azərbaycan təsviri sənətində
dahi Nizami Gəncəvinin obrazını ilk dəfə yaradan
Qəzənfər Xalıqov. Ekspozisiyada rəssamın
“Firdovsinin dəfni” və digər əsərləri
nümayiş olunur.
Sərgidən bütün əsərləri şərh
etmək fikrim olmadığı üçün müəyyən
detallar və əsərləri yada salıram. Məsələn,
“Firdovsinin dəfni” əsərinə diqqət edək.
Əsrlər, qərinələr keçir, amma insanlar dəyişmir
ki, dəyişmir. Bu əsər bizə insanlığı,
insana qiymət verməyi, Xalq şairi Cabir Novruzun “Tələsin,
insanlar” şeirini yada salır. Əsər həyat və
ölüm arasındakı məsafənin nə qədər
qısa olduğunu sanki qulağımıza
pıçıldayır. Bütün bu duyğulara köklənmişkən
rəssamın “Qadın şurası” əsəri
düşüncələrimizi büsbütün dəyişdirir.
Məlum olduğu kimi, sosializm quruluşu qadınların
hüquqlarını bərpa etməsi, onları ağ günə
çıxarması ilə öyünürdü. Bu əsər
də sosialist inqilabının gətirdiyi dəyişiklikləri
göstərir.
İndi isə Reyhan Topçubaşovanın “Toy” əsərinin
qarşısındayıq. Fırça ustası unudulmaqda
olan bir sıra milli-adət ənənələrimizi bu əsərində
verməyə çalışıb. Əsərin kolorit zənginliyi
tamaşaçıda xoş əhval yaratmaqla bərabər,
Azərbaycan qadınlarının milli geyim nümunələri
barədə də təsəvvür oyadır.
Əmək mövzusunun önəmli yer tutduğu
dövrü əks etdirən əsərlərin
nümayiş olunduğu məkana keçirik. Bu hissədə
həm də Azərbaycan rəssamlarının
yaradıcılıq ezamiyyələri zamanı ərsəyə
gələn sənət nümunələri öz
füsunkarlığı ilə diqqəti çəkir. Mənzərə
janrında olan bu əsərlərin hər biri kətan üzərində
bölgənin təbiət gözəlliklərini əks
etdirir. Rəssamlar mənzərə janrında olan tablolarda həm
də zəhmətkeşlərin əmək şəraitini,
onların yaşam tərzlərini göstəriblər.
Sadıq Şərifzadənin fırçasından
çıxışmış əsərlər bu mənada
fikrimizi daha da qüvvətləndirir. Keçirik Salam Salamzadənin
əsərlərinə. İlk olaraq
zavod fəhlələrinin obrazlarını
görürük. Yaradıcılığında tematik
tablolar üstünlük təşkil edən istedadlı
fırça ustası portret və mənzərə rəsmləri
ilə də böyük tamaşaçı marağı
qazanıb. Rəssam təsviri sənətdə Azərbaycan
modernizminin tanınmış nümayəndələrindən
hesab edilir.
Zəriflərin rənglər dünyası
Ekspozisiyanın ikinci zalı bütünlüklə
qadın rəssamlarımıza həsr olunub. Maral Rəhmanzadə,
Xalidə Səfərova... M.Rəhmanzadə Neft Daşlarını ilk dəfə kətana
köçürən xanım rəssamdır. Onun Qubanın
Xınalıq kəndini əks etdirən əsərləri,
xüsusilə, diqqəti çəkir. Rəssam
yaradıcılığında qrafik əsərlərə də
üstünlük verib.
X.Səfərovanın əsərlərinin
önündəyik. Sanki bir film izləyirik. Burada da sosializm
ideologiyası bariz görünür. Azərbaycan
qadınlarının iş prosesi rəsmlərə
köçüb. Amma bu proses sanki kino lentidir. Seyrçi sanki
rəngli bir filmi izləyirmiş kimi donub qalır bu əsərlər
önündə. Ümumilikdə ideoloji əsərlərin hər
birində zəhmətkeşlər çox xoşbəxt təqdim
olunur. Görkəmli fırça ustası Tahir Salahova qədər
biz zəhmətkeşlərin yorğun simasına rəssamlarımızın
az sayda əsərində rast gələ bilərik.
Gənc rəssamlar üçün qiymətli qaynaq
Daha sonrakı mərhələlər isə mövzu
və üslub müxtəlifliyi ilə seçilən
ayrı-ayrı tanınmış rəssamların – Səttar
Bəhlulzadə, Kamil Xanlarov, Toğrul Nərimanbəyov, Nadir
Əbdürrəhmanov, Böyükağa Mirzəzadə və
Tahir Salahovun yaradıcılığı ilə təmsil
olunur. Burada həmçinin ekspozisiya mövzuları ilə səsləşən,
müəllifləri görkəmli heykəltaraşlar Mirəli
Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira
Hüseynova, Xanlar Əhmədov olan əsərlər yer
alır.
Ekspozisiyanı həm də milli qrafika sənətinin
formalaşmasına böyük töhfələr vermiş Bəhruz
Kəngərli, Əzim Əzimzadə, Elmira Şahtaxtinskaya,
Mikayıl Abdullayev, Sənan Qurbanov kimi özünəməxsus
dəst-xəttə malik rəssamların müxtəlif janr və
texnikalarda yaratdıqları silsilə əsərlər təşkil
edir. Maraqlı məqamlardan biri ekspozisiyada Azərbaycan dəzgah
boyakarlığının banisi Bəhruz Kəngərlinin rəsm
albomunun və yaratdığı natürmort əsərində
əksini tapmış mürəkkəbqabının ilk dəfə
nümayiş olunmasıdır.
Ekspozisiyada XX əsrin müxtəlif onilliklərində
ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik
yaradan Yelena Orbeliani, Zivər Məmmədova, Həyat
Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev,
Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov
kimi tanınmış müəlliflər tərəfindən
işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da
sərgilənir
Dövrün ideologiyası, vətən sevgisi, tarixə
baxış rəssamlarımızın əsərlərində
əsas mövzulardır. 1980-ci illərin sənət
xronikasında biz sovet dönəminin səhnədən getməsinin
təzahürlərinə də şahidlik edirik.
Sərgi sahəsini gəzərkən bələdçimiz
ekspozisiyanın daimi olacağını deyir. Bu da məni çox sevindirir.
Çünki böyük bir tarixi epoxanın məhsulu olan əsərlərin
davamlı nümayişi bütün ziyarətçilərdə
adıçəkilən dövrün təsviri sənət
mənzərəsi barədə dolğun təsəvvür
yaradacaq. Bu ekspozisiya həm də gənc rəssamlarımız
üçün dəyərli qaynaqdır. Onlar bu sərgini
izləməklə həm sənət sələflərinin
irsi ilə tanış olacaq, həm də müxtəlif
üslubların inkişaf tarixini izləmək, paralellik
aparmaq imkanı qazanacaqlar.
Təəssürata gəlincə...
Əslində, sərgini zaman maşını da
adlandırmaq olar. Amma burada bir siyasi quruluş, dövran tərənnüm
edilmir, sadəcə, əməyin, zəhmətin, hiss və
duyğuların tərənnümü var. Bu gün təsviri
sənətdə belə mövzularla, demək olar ki,
heç rastlaşmırıq.
Sərgidə tamaşaçılar müəlliflərin
bədii axtarışları və onların yaradıcı
ifadə variantları ilə tanış olacaqlar. Buradakı əsərlərdə
sovet dövrünün gənc kənd qadınları,
uşaqlı anaların, eləcə də yeniyetmələrin
obrazları öz hiss və yaşantılarının səmimiliyi
ilə tamaşaçıları valeh edir. Mənzərə
janrında əsərlərdə isə şəhərlərin
enerjisi və meşələrin sükutu, səmanın
heyranedici mavi üfüqü və suyun üzərində
günəş işığının parıltısı
var. Bütün bunlar rənglərin sehrindən
çıxan bir sirli dünyadır.
Biz sərgidə həm də nəyi müşahidə
edirik? Rəssamlar öz xarakterlərinə və
yaratdıqları obrazlara həssasdırlar. Müəlliflərin
yaratdığı dünya özünü bizə parlaq
arxayınlıq kimi göstərir. Bu isə ideoloji
yönümdə dövrün elan edilmiş təlimatlarına
tam uyğundur. Bütün bu sadaladığımla
yanaşı, əsərlər seyrçini estetik gözəlliyi
ilə də valeh edir. Elə bu heyranlıqla da sizlərə
sərgini mütləq ziyarət etməyi məsləhət
bilirəm.
Lalə Azəri
Foto: Həbib Hüseynov
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.7.