Bir Səfa söhbəti
“Aktyor sənəti amansız peşədir, o,
heç vaxt vəfalı olmur və səni hər cür
sınayır”
Elə adamlar var ki... Nöqtələrin yerinə hər
kəs nələrsə yaza, hisslərini sözlərə
ifadə edə bilər. Amma mənim üçün o, ən
əvvəl böyük şəxsiyyətdir. Sənətkarlıq
məziyyətləri, istedad, peşəkarlıq və sair
xüsusları ondan sonra gəlir. Həqiqət budur ki, insan
şəxsiyyətə çevriləndə sənətkar
da olur, şöhrətə də yetir.
Müsahibim məşhur teatr və kino aktyorumuz, Xalq
artisti, ADMİU-nun Səhnə danışığı
kafedrasının müdiri professor, Prezidentin fərdi təqaüdçüsü
Məmmədsəfa Qasımovdur.
– Məmmədsəfa müəllim, necəsiniz?
– Çox sağ olun, yaxşı, min
şükür.
– Hiss olunur, son səfər sizin üçün
maraqlı olub.
– Bəli, çox gözəl oldu. Bu günlərdə
Mədəniyyət Nazirliyinin xətti ilə Özbəkistanda
keçirilən Azərbaycan Mədəniyyəti Günlərində
Yuğ Dövlət Teatrı heyətində mən də
iştirak etdim. Repertuarımızdakı “Mənəm... mən”
tamaşası ilə çıxış etdik. Möhtəşəm,
isti, sevgi dolu münasibətlər fonunda, özü də
Orta Asiyanın ürəyi sayılan Özbəkistanda belə
bir zəngin səfər təəssüratına görə
əməyi olan hər kəsə təşəkkür edirəm.
Məndə belə xoş təəssürat hələm-hələm
yaranmır. Onu da deyim.
– Həyat və sənət fəaliyyətiniz
üç istiqamətə bölünür: teatr, kino və
pedaqogika. Tərəziyə qoysaq, hansı ağır gələr?
– (Gülür). Siz bölgü apardınız. Yəqin
kənardan belə görünür. Amma mən, inanın ki,
bu bölgünü heç vaxt etmirəm və hər birinə
bütün canımla, ruhumla bağlı olmuşam. Təki
onların hər birində məndən nəsə olsun. Amma
mən aktyoram, aktyor sənəti ilə məşğulam və
belə də qalacam. Teatrda da, kinoda da, siz dediyiniz
üçüncü xətt olan pedaqogikada da mən yenə
də aktyor sənətimlə məşğulam.
İnanın, mən tələbə ilə işləyəndə
də aktyor kimi işləyirəm. Elə hesab edin ki, öz
üzərimdə işləyirəm, özümü ortaya
qoyuram. Bu mənada tələbə ilə iş mənim
üçün çox maraqlıdır. Xüsusən son
illər. Çünki çalışdığım universitetdə
təhsil sahəsində maraqlı addımlar atılır, fərqli
layihələr icra olunur. Müşahidə etsəniz,
simpoziumlar, festivallar, tərəfdaş ali təhsil
ocaqları ilə birgə təşəbbüslər kimi əhəmiyyətli
addımlar atılır. Sözsüz ki, bu da hər birimizə
stimul verir.
– Müsahibələrinizin birində “Teatrda öyrəndiklərimi
kinoda xərclədim” demisiniz. Teatrı kino üçün məktəb
də hesab edənlər də var. Sizcə, nə qədər
haqlıdırlar?
– Haqlıdırlar. Çünki teatr böyük mənada
tamaşaçı ilə canlı ünsiyyət, var olma,
mütəmadi olaraq bu halın qırılmaz şəkildə
bağlanmasıdır. Özümlə bağlı deyə
bilərəm ki, teatrda var olmaq, tamaşaçı ilə
işləmək, ünsiyyətdə ola bilmək, tərəf-müqabilini
hiss etmək mənə digər sahələrdə çox
yaxından kömək edir.
– Amma kinomuzda yaxşı aktyorlar vardı ki, 90-cı
illərdə kinosuzluqdan teatra qayıtsalar da, o uğura
çata bilmədilər. Eləcə də teatrdan kinoya gedənlərin
heç də hamısı o iri plana, kameraya uyğunlaşa
bilmədi. Bu tandemi necə yaratmaq olar?
– Düşünürəm ki, kinoda müvəffəqiyyət
qazanmış böyük aktyor haçansa teatra
qayıdır və o, uğur əldə edə bilmirsə,
deməzdim ki, istedadsızdır, teatra yaramır. Amma
düşünürəm ki, zamanında teatra
bağlansaydı, bu proses paralel getsəydi, siz deyən o
uğursuzluq da olmazdı. Yəni kinonun şöhrətinə
qaçmamalı, teatrda da var olmalı idi. Çünki teatr
səni hər an prosesdə, formada saxlayır. Sənin
canlılığını, ünsiyyətini qoruyub
saxlayır. Bu mənada teatr mənim üçün çox
maraqlıdır. Amma onu da etiraf edim ki, mən kinonu daha
çox sevirəm. İstər aktyor, istərsə də
tamaşaçı kimi.
– Bəlkə ona görə ki, sizi də kino geniş
tamaşaçı auditoriyasına tanıtdı?...
– Hesab eləmirəm və söz ilə ifadə etmək
də çətindir. Bu lap kiməsə sevginin ifadəsizliyinə
bənzəyir.
– Amma nə edək ki, ilk rolunuzu
oynadığınız “Köpək” filminin kinematoqrafik
taleyi uğursuz oldu.
– Eh, o filmi çox gözlədim, çox, lap
çox gözlədim və kəsdim atdım. Artıq
özümə təlqin etdim ki, yoxdur, gözləmə.
Kinonun ağır dönəmində kinoda olmaq başqa bir
duyğu idi. Əslində, heç o zaman biz bunu dərindən
hiss etmirdik də. Mən həmin dövrdə də, elə
indi də heç o sual, təəssürat haqqında dərindən
düşünmürəm. Bir anlıq 90-cı illərə,
o ağır, fiziki və mənəvi savaşlardan
çıxan ölkə insanlarının biri olan Məmmədsəfanın
cavanlığına qayıdaq. Bir anlıq ora gedəndə də
düşüncələr burulğanına düşürəm.
Çünki bütöv şəkildə heç
özümü ekranda təsəvvür belə eləmirdim.
Vaxt olub, səsimdən belə çaşmışam ki, bu mənim
səsimdir? Tələbə vaxtlarımızda belə
sınaqları az da olsa edirdik. Amma kinoda, böyük ekranda təsvirimi
heç görməmişdim. Heç sınaq çəkilişlərində
də olmamışdım. Qulaq yaddaşımda səsim,
gözümdə ekran təsvirim yox idi. Belə məqamda
psixoloji cəhətdən çətin filmdə var ola bilmək,
özü də böyük sənətkarlarla bir filmdə
oynamaq mənim üçün unudulmaz idi. Həyəcan, məsuliyyət
o film vaxtı çökdü qəlbimə. Kino ilə
teatrda var olmaq arasında böyük fərqlər var və mən
onu o filmdə böyük insan Tofiq Tağızadədən
öyrəndim. Bu mənada operator Rafiq Quliyevin də, tərəf-müqabillərimin
də böyük köməyi oldu. Amma elə onda da
aktyorlarımız var idi ki, tərəf-müqabili
qarşısında əyləşmir, özünü fərqli
hiss etdirməyə çalışırdı.
– Deyəsən, bu tendensiya indi də var: “sənin
planın çəkilir, özün oyna”.
– Bəli, var və qətiyyən qəbul edə
bilmirəm. Bu da bir aktyor mədəniyyətidir və hesab
edirəm ki, sən kimliyindən asılı olmayaraq, tərəf-müqabilinin
qarşısında əyləşməli, səni çəkməsələr
belə sən, ona kömək etməlisən. Bu bir
yaradıcılıq tandemidir və bunu tərəf-müqabilindən
əsirgəmək olmaz.
– Yəqin buna görə istisnasız və təmənnasız
gənc rejissorların, tələbələrin diplom filmlərində
də çəkilirsiniz. Kino, kamera üçün
darıxırsız, yoxsa o gənclərə təkan verməyə
çalışırsınız?
– Mədəniyyət və İncəsənət
Universitetinin çox istedadlı tələbələri var.
Kino, teatr, televiziya ixtisaslarında yetişən və
onları yetişdirən peşəkar komanda da öz yerində.
Düşünürəm ki, onların hər biri sabah
kinomuzun, televiziyamızın, teatrımızın
sütunları ola bilərlər. Bu gün o tələbələrin
yanında olmaq, dəstək vermək hər bir peşəkar
aktyorun borcudur. Elə düşüncəyə malik gənclərimiz
var ki, qürur duyur insan. Bir-bir ad çəkmək istəmirəm,
amma əksəriyyətinin diplom işlərində sevə-sevə
çəkildim. Həmin məqamlarda bir neçə məni
incidən nüansı da eşitdim. Sən demə, bir
neçə aktyorumuz, hansıların ki fəxri adları, təminatları
belə var, tələbələrdən o qısametrajlı
filmlərində çəkilmək üçün fantastik
məbləğlərdə qonorarlar istəyiblər. Hətta
alanlar da var. Düşünürəm ki, tələbədən
qonorar almaq olmaz. Əksinə, bacardıqca onlara kömək
eləmək lazımdır. Bilirsiniz, pul bu gün var, sabah
yoxdur. Amma o məbləğə görə tələbəyə
kömək etməməyi heç bir həmkarıma
yaraşdırmıram. Düşünürəm ki, hər
birimiz tələbələrimizin arxasında dayanmalı,
onlara dəstək olmalıyıq. Onlar buna layiqdirlər.
– Kino fəaliyyətinizin 30 ili tamam olur. Bu müddətdə
kino Məmmədsəfaya nə verdi?
– Belə deyim, mən kinoya heç nə verə bilməmişəm.
Heç nə! Çünki oynaya biləcəyim rollar hələ
qarşıdadır. O da qismət olsa. İndi durum deyim ki,
kinoda nə isə eləmişəm, yox. Qəribədir,
heç can da atmamışam
ki, onu yox, bunu oynamaq istəyirəm. Soruşsanız ki,
hansı rolu, nəyi oynamaq istəyirsiniz,
cavabım olmayacaq. Oynadığım rollar da hansısa bir
formadasa məni tapıb, oynamışam. Amma duyğularım,
varlığım, o daxili gücüm mənə deyir ki,
görəcəyim işlər, əsl rollarım hələ
qabaqdadır.
– Sənətdə şans anlayışına necə,
inanırsınız?
– Bir şeyi bilirəm ki, teatr, kino bir bəxt, tale,
qismətdir. Məsələn, Allah aktyora lazım olan
bütün səhnə, sənət imkanlarını verə
bilər, amma ona bəxt verməyəcəksə, nə
olacaq?! Mənim üçün aktyor sənəti
başdan-ayağa şans sənətidir.
– Bəs istedad, təcrübə, zəhmət...
– Onda sual yaranır: Allah sənə hər şey
verir, bəxtdən başqa?
– Belə çıxır ki, Məmmədsəfa
müəllimin sənətdə bəxti gətirib? Axı,
belə deyil. Siz uzun və əzablı sənət yolu
keçmisiniz.
– Əlbəttə, əzabsız, zəhmətsiz də
heç nə olmur. Amma o qədər istedadlı və zəhmətkeş,
şanssız aktyorlarımız olub ki… Bu mənada birmənalı
olaraq düşünürəm ki, aktyor sənəti
amansız peşədir. O, heç vaxt vəfalı olmur və
səni hər cür sınayır.
– Bu kontekstdə yanaşanda özünüzü bəxti
gətirmiş hesab edirsiniz?
– Adi aktyorlardanam və görə biləcəyim
işlər hələ qabaqdadır. O da tale, bəxt,
ömür qismət edib, vəfa qılsa…
– Kino obrazlarınız maraqlı, fərqli olub...
– Düşünürəm ki, o da aktyorun bir xoşbəxtliyidir
ki, müxtəlif janr və formalarda özünü yoxlaya bilsin.
Amma sən saydığını say, gör rejissor nə
sayır. Komediyada da, dramda da, faciədə də oynaya bilərəm.
Çünki onların hər birində özümü
görürəm, hiss edirəm. Deyim ki, mən gözəl
bir komediyada oynamaq istərdim. Qismət olsa.
– Amma ən çox Qarabağ mövzusunda filmlərdə
uğur qazandınız. Tamaşaçı sizi, belə demək
mümkünsə, məğlub dövrdə çəkilən
“Dolu”da (2012) Komandir, Zəfərdən sonra çəkilən
“Köhnə çamadanlar”da (2021) Şəhid atası kimi
gördü.
– Hər iki film mənim üçün çox
doğmadır. Çünki sevdiyim rejissorlarla maraqlı bir
çəkiliş dövrü keçmişik və
zövqlə oynamışam. Sevinirəm ki, hər iki iş mənim
kino taleyimə toxuna, ona təsir edə bildi.
– Kinodan fərqli olaraq, teatr aktyor üçün
özünüifadə mənasında hüdudsuz məkandır,
yəqin...
– Bəli. Tamaşada nəyisə düzəltmək
mümkündür. Bu oyunda nə isə doğru
alınmırsa, növbəti tamaşada bunu mütləq həll
edirsən. Bu mənada kinonun məsuliyyəti daha
böyükdür. Peşmançılıq hissinin
yaranmaması, “kaş belə edərdim”in olmaması
üçün. Çünki bir dəfə çəkilir
və bitir. Teatrda isə bunu həll eləmək olur.
– Hər iki halda aktyor sənəti asılı sənətdir
və bəzən sənin oyununla rejissorun istəkləri
üst-üstə düşmür.
– Mən özümü heç kimdən
asılı hesab eləmirəm. Öz işimi görürəm,
öhdəmə düşən vəzifəmi icra edirəm.
Üstəlik, mənim üçün böyük-kiçik,
xətir-hörmət, mənəvi-əxlaqi dəyərlər
daha vacibdir. Həyatda da, sənətdə də əsas meyar
budur. Amma bir məqam da var, mən sevmədiyim insanla nə
teatrda, nə kinoda tərəf-müqabili olmaram. Öz prinsiplərim
var və yəqin ki, məni tanıyanlar daim bunu nəzərə
alırlar.
– Sənətdə dostlarınız çoxdur, yoxsa həyatda?
– Həyatda daha çoxdur. Bilmirəm, bu nə ilə
bağlıdır. Heç vaxt kiminləsə öcəşməmişəm,
rəqabətə girməmişəm, mizan-tərəzini
qırmamışam. Öz işim ilə məşğul
olmuşam. Zatən dərindən dərk edəndə aktyor sənəti
dəhşətli dərəcədə ağır, çətin
sənətdir. Arada mənə elə gəlir ki, deyəsən,
heç yerimdə deyiləm, bu sənəti düz seçməmişəm.
Söhbət təkcə peşədən yox, münasibətlər,
hansısa bir məsələdə özünü tapa bilməkdən
gedir. Bəzən düşünürsən ki, orada
olmamalıydımsa, niyə gedib çıxdım? Anam həmişə deyərdi ki,
bu peşə sənlik deyil. İndi də bu fikirdədir. Hərdən
düşünürəm ki, gərək zamanında ona qulaq
asardım.
– Nədir bu qənaətin səbəbi?
– Mən bilmirdim bu peşə bu qədər məsuliyyətli,
bu qədər çətindir. Bilməzdim ki, onun alternativi
yoxdur. Bu çətinlikləri anlasaydım, bəlkə də
o yaşımda qorxar və bu sənətə gəlməzdim.
– Lap Yuğ poetikasına uyğun
danışırsınız. Məkan, ruh, qutsal hisslər və
var olmaq... Niyə məhz Yuğ və Vaqif İbrahimoğlu?
Niyə bir tələbə məhz bu üslubu, çətin,
vədsiz yolu seçsin?
– Bu da bir təsadüfdür. Günlərin bir
günü müəllimim İsrafil İsrafilov
çağırdı və “Tutursunuz Vaqif müəllimin ətəyindən,
özü də buraxmırsınız. Sizi istədiyiniz
bütün məqamlarla müəllim özü aparıb
çatdıracaq” dedi. İlk dəfə Vaqif müəllim
bir tamaşamıza baxdı və oradan bizə məşqlərinə
qatılmaqla bağlı təlimat verdi. O zamandan
başladı təmasımız. Onu da deyim ki, uzun müddət
müəllimin dediklərini edə bilmirdim. Anlayırdım,
amma bu az idi. Başa düşdünsə, göstərməlisən
axı. Hətta bir gün gəlib dedim ki, “Vaqif müəllim,
sabahdan məşqə gəlməyəcəm”. Niyəsini xəbər
alanda da edə bilmədiyimi bildirdim. Cavabı “qələt
edirsən” oldu və o gündən bağlandıq, müəllimlə
qaldıq. Və nə yaxşı ki qaldıq, qaldım.
– Bu mənada Yuğ teatrı sizin üçün nədir?
– O zamandan məndə formalaşıb qalan dəyərlərdir.
Vaqif müəllim, həqiqətən, böyük insan, sənə dəstək ola
bilən varlıq idi. Hər anımızda yanımızda
olub. Bunu daim hiss etmişik. Rejissordan əvvəl o, qardaş,
ata idi. Onda Yuğ da başqa, böyük bir kollektiv idi. Amma
bu da bir dövr, zaman idi.
– Aktyor kimi özünüifadə qəlibsizliyi mənasında
da soruşuram...
– Bu teatr mənim üçün teatrdan daha çox
bir kino estetikasıdır. Yeganə məkandır ki,
tamaşaçı ilə üz-üzə, göz-gözəsən.
Qaçmaq mümkün deyil. Tamaşaçının
gözündə iri plandasan. Bu teatr elə bil ki, kinoya bir
qapı idi mənim üçün. Bu gün də belədir
və onun teatr variantını, estetikasını özüm
üçün müəyyənləşdirməmişəm.
Bəlkə də bu məkanın balaca olmasından,
tamaşaçı ilə yaxın ünsiyyətindən irəli
gəlir. Yəqin tale, qismət də belə gətirib ki, bizə
belə kiçik, dar məkanlar nəsib olub. Heç vaxt iri,
akademik teatrların binaları kimi binalarımız,
tamaşaçı ilə o teatrlardakı kimi məsafəmiz
olmayıb. Bu mənada Yuğ mənim üçün digər
teatrlardan köklü şəkildə fərqlənib.
– Özünüzü böyük səhnədə
təsəvvür etmirsiniz?
– Mən hər hansı səhnədə oynaya bilərəm
və oynamışam da. Tamaşaçı ilə
üz-üzə oturmaq problemim də yoxdur. Amma çox istərdim
ki, bizim də rahat, işləmək üçün əlverişli
səhnəmiz, zalımız olsun. İnanın, arada elə fiziki
əzab çəkirəm ki, az qalıram tamaşanı
yarımçıq qoyub gedim. Sözsüz ki, Mədəniyyət
Nazirliyi, dövlətimiz teatrları diqqət mərkəzində
saxlayır və mümkün şəraiti yaradır. Biz
artıq 8 ildir ki, Dövlət Kukla Teatrında məskunlaşmışıq.
Bu teatrdan narahatlığımız,
narazılığımız yoxdur. Amma çətindir.
İnanıram ki, yaxın zamanda bu məsələ həll
ediləcək və biz öz üslubumuza, poetikamıza,
janrımıza uyğun tamaşa
yaradıcılığımızı özümüzə
məxsus məkanımızda davam etdirəcək və daha
yaxşı tamaşalar hazırlayacağıq. Vaqif müəllimin
təkcə bizə yox, xalqımıza mirası olan bu teatr,
dövlətin teatrı özünün daimi məkanını
tapacaq. Buna çox inanıram.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.5.