Xalqa xidməti
ömrünün qayəsi sanan maarifçi
Azərbaycan maarifçiləri XIX əsrin ikinci
yarısında cəmiyyətdəki savadsızlıq, gerilik
və ziddiyyətlərin aradan qaldırılması
üçün böyük səy göstərirlər.
Onlar bu vəziyyətdən çıxış yolunu məhz
xalqın maariflənməsində görürdülər. Həmin
dövrdə xalqımızın öndə gedən
ziyalılarından biri də Həsən bəy Zərdabi
idi. Onun təsis etdiyi “Əkinçi” qəzeti ilə cəmiyyətimizdə
maarifçilik meyilləri geniş vüsət aldı və
milli özünüdərkin yeni mərhələsi
başlandı. Görkəmli maarif və mətbuat xadimini
anadan olmasının 182-ci ildönümü münasibətilə
yada salırıq.
Həsən bəy Səlim bəy oğlu Məlikov
28 iyun 1842-ci ildə Göyçay qəzasının Zərdab
kəndində (indiki Zərdab rayonu) maarifpərvər ailədə
anadan olub. İlk təhsilini kənddəki mədrəsədə
alır. Ərəb və fars dillərini öyrənir. Sonra
Şamaxı şəhərində yeni açılan rus məktəbində
təhsilini davam etdirir. Məktəbi bitirmək
üçün imtahan verən zaman Qafqaz Təhsil
Komissiyasının müdiri baron Nikolayın diqqətini
çəkir. Baron onun dövlət təqaüdü ilə
Tiflisə oxumağa göndərilməsini təklif edir. Beləliklə,
gənc Zərdabi istedadlı bir gənc kimi dövlət
hesabına I Tiflis gimnaziyasına qəbul olunur. 1860-cı ildə
gimnaziyadan məzun olan Həsən bəy Moskva Universiteti
Fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq
şöbəsində təhsil almağa başlayır.
1865-ci ildə Moskva Universitetini əla qiymətlərlə
bitirdiyinə və nümunəvi tələbə olduğuna
görə Elmi şuranın qərarı ilə ona təbiət
elmləri namizədi alimlik dərəcəsi verilir. Hətta
ona kafedrada qalıb işləmək təklif olunur. Ancaq onun
məqsədi əldə etdiyi savad və təcrübəni
doğma Vətənində təhsilin, elmin, mədəniyyətin
inkişafına sərf etmək idi. Beləliklə, o, Azərbaycana
qayıdır. Bir müddət Bakıda müxtəlif işlərdə
çalışır. Qubada barışıq məhkəməsinin
katibi olur. Sonra Şamaxıda şəxsi vəkilliklə məşğul
olur. 1869-cu ildə Bakı real gimnaziyasında təbiət
tarixi fənnini tədris edir. 1872-ci ildən Azərbaycanda ilk
“Xeyriyyə cəmiyyəti”nin əsasını qoyur.
1873-cü ilin 10 mart tarixində Əsgər ağa Gorani ilə
birlikdə gimnaziyada M.F.Axundzadənin “Lənkəran
xanının vəziri” komediyasının
tamaşasını təşkil edir. Bununla da Azərbaycan
peşəkar milli teatrının əsası qoyulur.
Araşdırmalarda qeyd edilir ki, təbiətşünas
alim kimi tanınan H.Zərdabi öz ixtisası ilə əlaqədar
dövri mətbuatda maraqlı, maarifləndirici məqalələr
dərc etdirir. Müəllifin “Torpaq, su və hava”, “Sümük,
ət, beyin”, “İnsan bədəninin florası”, “Orqanizmin
yoluxucu mikroblara qarşı mübarizəsi”, “Sərxoşluğa
qarşı peyvənd” və s. məqalələri
maarifçi mühitdə maraqla qarşılanıb.
Həmin dövrdə ana dilində mətbu orqanın
olmaması Həsən bəyi çox
düşündürürdü. O, Azərbaycan dilində qəzet
nəşr etmək üçün hökumətə
müraciət edir. Bununla əlaqədar xeyli zəhmətə
qatlaşır. Nəhayət, 22 iyul 1875-ci ildə Bakıda
qubernator mətbəəsində Azərbaycan dilində
“Əkinçi” qəzetinin nəşrinə müvəffəq
olur. 29 sentyabr 1877-ci ilədək “Əkinçi” qəzeti
ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində
qəzetin 56 nömrəsi işıq üzü görüb.
Maarifçi və demokratik ideyalar carçısı olan
“Əkinçi” realist Azərbaycan ədəbiyyatının
inkişafına da öz töhfəsini verir. Elə buna
görə də belə bir tərəqqipərvər qəzet
mürtəce, işğalçı bir rejimin əsarəti
altında çox davam gətirə bilmir. Çünki bu qəzet
kənd camaatının ağır güzəranını
aydın şəkildə oxucuya çatdırırdı... Nəhayət,
“Əkinçi” qəzeti bağlanır. Ancaq ilk anadilli qəzetimiz
özündən sonra ənənələri bu gün də
davam edən işıqlı bir mətbuat yolu
açmış olur.
H.Zərdabi Bakı realnı məktəbində
işə düzəlir. Ancaq gərgin və çətin
bir şəraitdə işləyir. Çar məmurları
onu davamlı təqib edir. Evində belə rahat buraxmırlar.
Ümumiyyətlə, onu Bakıdan uzaqlaşdırmağa
çalışırlar. 1878-ci ildə Zərdabidən qəti
surətdə tələb olunur ki, Rusiyanın Yekaterinodar
(indiki Krasnodar şəhəri) gimnaziyasına tərbiyəçi
getsin, ya da istefaya çıxsın. Zərdabi vəziyyəti
nəzərə alaraq, müdiriyyətə məktəbdən
azad edilməsi barədə ərizə ilə müraciət
edir.
O, 1880-ci ildə doğma Zərdab kəndinə
dönür. 16 il kənddə yaşamalı olur. Mühafizəkarların
fitnə-fəsad və acı tənələrinə mərdliklə
sinə gərir. Eyni zamanda maarifçilik fəaliyyətini də
davam etdirir. Dövri mətbuat səhifələrində
tez-tez çıxışlar edir. Böyük bir fasilədən
sonra – 1896-cı ildə uşaqlarının təhsili ilə
bağlı Bakıya
dönür. “Kaspi” qəzetində işə düzəlir.
Bir müddət sonra Bakı Şəhər Dumasına deputat
seçilir. Maarif komissiyasının üzvü olur. O,
dumanın iclaslarında şəhərin uzaq məhəllələrində
məktəb və xəstəxana açılması məsələsini
qaldırır. Çox vaxt da məsələlərin
müsbət həllinə nail olur. Həmin dövrdə Azərbaycanda
məktəblərin sayı xeyli artır. Həsən bəy
məktəblərdə ana dilində tədrisə geniş
yer verilməsi üçün də səy göstərir. Eyni
zamanda Bakıdakı xeyriyyə cəmiyyətlərinin
işində də yaxından iştirak edir.
Milli mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə
dəstəyi və H.Zərdabinin məsləhəti ilə
1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman
qadın məktəbi (“Tağıyev qızlar məktəbi”)
açılır. Bununla da böyük maarifçinin daim
arzuladığı və illərlə uğrunda mübarizə
apardığı azərbaycanlı qızlar
üçün təhsil müəssisəsi açmaq
ideyası reallaşır. O, 1906-cı ildə Azərbaycan
müəllimlərinin Bakıda keçirilən birinci
qurultayının işində yaxından iştirak edir. Təşəbbüsü
ilə Bakıda müəllimlərin II qurultayı da
çağırılır.
H.Zərdabi həm də xalq
yaradıcılığının bilicisi kimi tanınıb.
Xalqın mənəvi inkişafında və
dünyagörüşünün formalaşmasında
aşıq sənətinin rolunu yüksək dəyərləndirib.
Aşıqların repertuarında tarixi mahnıların
olmasını vacib hesab edib. El nəğmələrinin
insanın ruh və əxlaqına təsirini dərk edən
ziyalı 1901-ci ildə “Türk nəğmələri məcmuəsi”ni
nəşr etdirir. Uşaqları elmə, təhsilə və
tərəqqiyə həvəsləndirmək məqsədilə
xalq mahnılarını toplayır. Bu mahnılar 1901, 1903 və
1909-cu illərdə çap olunur. Görkəmli maarifçi
mahnılara hələ “Əkinçi” qəzetinin nəşri
zamanında yüksək dəyər verirdi: “Əkinçi” qəzeti
çıxanda o vaxtın şairlərindən təvəqqe
etdim ki, bülbülü və gülü tərif, bir-birlərini
həcv etməkdən əl çəkin. Elm təhsil etməyin
nəflərindən və biz müsəlmanlara olan zülmlər
barəsində şeirlər yazın. Onları bizim
aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər
ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb
olsunlar”.
Azərbaycan maarifçilik hərəkatının
öncüllərindən olan Həsən bəy Zərdabi 28
noyabr 1907-ci ildə Bakıda vəfat edib. Bakıda Bibiheybət
qəbiristanlığında dəfn olunub. 1948-ci ildə
Bakıda Fəxri xiyaban yaradılarkən böyük
maarifçinin qəbri həmin xiyabana
köçürülüb.
Savalan Fərəcov
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.6.