Şuşanı
görməli və… ardını yaşamalı!
...Axır ki, bizə də Şuşa yolu
göründü: Vokalçıların Bülbül
adına IX Beynəlxalq Müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi və qala-konsert
Şuşada olacaqdı. Bəndəniz də “Mədəniyyət”
qəzetinin təmsilçisi kimi qaliblər, münsiflər,
təşkilat komitəsinin üzvləri və bir neçə
televizyonçu həmkarı ilə birlikdə Şuşaya
yola çıxdı.
Səfər proqramımız ürəyimdən
keçən qədər geniş deyildi: vaxt məhdud, səfər
yoldaşlarımın görəcəyi işlər mənim
Şuşada gəzib görmək arzuladıqlarımla tərs-mütənasib.
Nə isə, fikirləşirəm ki, o qədər də dərin
əcnəbi dil biliyim olmadan yolum
düşən uzaq şəhərlərdə baş
çıxarmışamsa, doğma Şuşada da heç
karıxmaram.
Beləcə, iyunun 8-də, demək olar ki, gün
günortaya varanda Bakıdan yola çıxdıq. Nə edəsən,
müsabiqə qaliblərinin adları münsiflərin
saatlarla sürən gənəşməsindən sonra gecədən
xeyli keçmiş məlum olubsa, onların səhər erkən
səfərə hazır olacaqlarını gözləmək
ağlabatan görünmürdü.
Yolumuz Zəfər yoludur
Bizi istidən sərinə doğru aparan komfortlu
avtobus Bakıdan çıxıb bölgələrimizi geridə
qoyduqca yol, məni ildən-ilə köç edən bir
arzumun gerçəkləşməsinə
yaxınlaşdırır.
Tezliklə yeni Füzuli şəhərinin çoxmərtəbəli
binaları görünür. “Şuşa – 70 km” lövhəsinə
gözlərim sataşan kimi təxminən 6 saatlıq yolun
yorğunluğu bir anda çəkilir. Bizi Şuşaya aparan
gah yoxuşlu, gah enişli yol, sərt və iri nəqliyyat
vasitəsi üçün yetərincə qısa döngələrin
doğurduğu təlaş yamyaşıl dağ
yamaclarının gözəlliyindən zövq almağa mane
olmur. Əksinə! Yumşaqlığına görə
çobanyastığı, formasına görə bu yerlərdə
mollabaşı (ağ əmmanəni
xatırlatdığı üçün) adlanan, bir adı
da ağkirpik olan çiçəklər xalı kimi
dolanbaclı yol qırağına sərilib. Qəfil
yağış başlayır. Əslində, bu yol
üçün, zirvələrə
sığınmış Şuşa üçün
gündə bir neçə dəfə yağışın
yağması adi haldır. Biz isə yolumuzdan qalmırıq.
Peşəkar sürücümüz də deyəsən, təbiətin
bu təşviş doğuran şıltaqlığına
alışıb, göy gurultusu, ildırım
çaxması ilə müşayiət olunan
yağışın altında bəmbəyaz ləçəkli
ağkirpiklər iri yağış damlalarının
hökmülə sanki sərnişinlərə göz vurub,
“hə, necədir, Şuşa yolu xoşunuza gəlir” deyə
xəbər alırlar. Biz də özümüzü tox tutub
“Zəfər yolu ilə qalxırıq, nədən
qorxacağıq ki?!” deyə cavab veririk.
Nəhayət, axşamüstü mənzil
başına yetişirik. Sənədləşmə, yerləşmə.
Hostelə girər-girməz eyvana yüyürüb
tanımadığım doğma şəhərə nəzər
salıram. Şəhərdə küçə
işıqlandırma sistemi normal çalışsa da,
işıqların topa-topa bərq vurması deyir ki, viran
qalmış məhəllələr, yiyəsizlikdən
dağılmış evlər, sahibinə həsrət həyətlər
hələ də gecənin daha da tündləşdirdiyi
qaranlığın içindədir.
Nə isə, Şuşa ilə
tanışlığımız qalsın gün
çıxana.
Mən və içimdəki müsyö Jordan
Sübh tezdən eyvandan ətrafı seyr edəndə
başımın üstündə qaranquşları
gördüm. Hotelin abad həyətindən aşağı
baxandasa… Eh, Şuşaya yatmağa gəlməmişəm ha!
Şəhər hələ tam oyanmamışdı… Amma
gül-çiçək, göy üzündəki əlçim
buludlar, axşamkı yağışda yuyunub
arınmış təbiətin öz gümrahlıq ritmi
var.
Yolu tutub gedir, qarşıma çıxan
gülü-çiçəyin şəklini çəkirəm.
İlahi, ağkirpiklərin böyründə nə qədər
lalə var!... Özü də mənim Bakıda, Abşeronda
gördüyümdən az qala iki-üç dəfə iri
lalə! Bütün hasarlardan, çəpərlərdən
itburnu kolları sallanır: çiçəkləri də
ağ rəngdə: ta onun yeməli, yaxud sırf dekorativ
növ olduğunu ayırd edə bilmirəm. İçimdəki
müsyö Jordanın Şuşa təbiətinə
vurğunluğu nəbati biliyimdən çoxdur deyə,
adını bilmədiyim güllərin, ağacların şəklini
dayanmadan çəkirəm. Amma adını bildiyim bir gül
də var ki, onun axtarışındayam. Hələ ki, tapa
bilmirəm.
Şuşanı tanıma mərhələsi…
Səhər yeməyindən sonra şəhərə
çıxıram. Bazar günü olsa da, şəhərin
hər tərəfindən inşaat texnikasının
uğultusu eşidilir. Betonqarışdıran maşınlar
inşaat gedən obyektlərə gedirlər. Şuşada
artıq bir neçə dəfə olmuş səfər
yoldaşlarımın verdikləri istiqamət üzrə
şəhəri təkcə gəzməyə
çıxıram. Xəbərdarlıq da almışam:
“Mina yoxdur, şəhər tərtəmizdir, amma
dağıntılara, ot basmış həyətlərə
keçməyin! Allah eləməsin, ilan, zəhərli
cücü-filan olar...”.
Yolboyu qarşıma çıxan xarabalıq mənzərələri
adamın ürəyini sıxır. Baxırsan ki, bir ev
abaddır, yəni son illərədək burada
yaşayış olub. Amma onunla üzbəüzdə təkcə
zamanın, baxımsızlığın yox, həm də erməni
vandallığının dağıtdığı
uçuq-sökük bir neçə ev var… İnsan necə
eyvanından, pəncərəsindən xarabazarlığa
baxaraq yaşaya bilər? Heç cür ağlıma
sığmır. Öz sualıma özüm cavab verirəm:
normal adam yaşaya bilməz, amma işğalçı, az
qala dörd-beş arxa dönəninin psixikasına
yeridilmiş “sənin cənnətin türkün
xarabazarındadır” ideyası ilə ömür sürən
yaşayar...
Şuşanın ovqatı
Qala divarlarına tərəf,
üzüaşağı gedirəm. Yolboyu qarşıma
çıxan hər evin, hər həyətin qapısına
vurulan lövhələr adamı arxayınlaşdırır:
“Yoxlanılıb, mina yoxdur”. Hasarlardan küçəyə
baxımsızlıqdan yabanılaşmış
fındıq, ərik ağaclarının kal meyvəli
budaqları sallanır, itburnu kolları çiçəkləri
ilə birgə tikanlarını döyüşə hazır
vəziyyətdə ayaq saxlayanlara nümayiş etdirir.
Görəsən, ağacların, çoxillik bitkilərin
yaddaşı var? Əgər varsa, bax, elə
divarlarının yarısı qalmış Məşədi
Novruzun evinin ikinci mərtəbəsini basmış yabanı
bitkilər, lalələr nələrdən
danışardı? Bu qəribə söhbəti təsəvvür
edəndə ürəyim sıxılır. Erməni əsirliyini
görmüş soydaşlarımızın xatirələri
yadıma düşür… Belə
bir psixoloji paralel nə qədər ağlabatandır,
düzdür, bilmirəm… Amma ilk ağlama gələn budur.
Gəl, bir şəkil çəkdirək,
Böyük KİŞİ!
Qala divarına tərəf endikcə hələlik
öz abadlıq növbəsini gözləyən
dağıntıların ardınca qarşıma bağ
çıxır. Bir an elə bilirəm ki, Böyük
Britaniyanın hansısa abbatlığında yaşı bir əsrdən
çox olan malikanənin həyətinə keçmişəm.
Dekorativ güllük-filan yoxdur, sadəcə, çoxillik
ağaclar, səliqə ilə biçilmiş otluq.
Genişliyin içində bir möhtəşəm heykəl
ucalır – Üzeyir bəyin heykəlidir. Heykəl
Şuşa azadlığına qovuşandan sonra dövlət
başçımız İlham Əliyevin göstərişi
ilə yenidən düzəldilib və əvvəlki yerində,
Natəvan parkında ucaldılıb. Nə yaxşı ki,
yaxınlıqda bir nəfəri görürəm. Oğlunun
bu sakit guşədə fotosessiyasını edən bir nəfərdən
xahiş edirəm ki, Üzeyir bəyin heykəlinin yanında
məni də tarixə salsın.
Cıdır düzü, axtardığım burada da
yoxdur...
Həmkarlarımla yığışıb
Cıdır düzünə gedirik. Konsertə qalan
saatları mənalı keçirmək istəyirik.
Cıdır düzündə gördüyüm mənzərə
məni bir qədər çaşdırır. Sanki
bütün Azərbaycan buradadır.
…Nəvələrinin qollarından sallaşıb gələn
ahıl qadının bəlkə də son arzusudur
Şuşanı, Cıdır düzünü bir də
görmək…
…Körpəsi qucağında Cıdır
düzünü ziyarət edən gənc ananın da
buraları görmək üçün səbəbi var:
çünki qarşıdakı üç-dörd ildə
buraları heç rahat gəzə bilməyəcək. Bir
gözü ayaq tutub haralarasa dırmanmağa həvəsli
övladında qalacaq. Süddişi çıxacaq deyə
toppuş barmaqlarını qamaşan damağına sürtən
bu balaca isə nə vaxtsa Şuşa şəkillərinə
baxanda xatırlamadığı xatirələri
danışacaq.
…Bir ayağını çəkərək çəliyinə
söykənmiş yaxası medallı cavan da şəksiz
qazidir. Bəlkə də sərt qayalıqlarla Cıdır
düzünü fəth etmiş igidlərimizdəndir. Bu
müqəddəs məkanın ziyarətçilərinə
qoşulub ki, dinc dövrün Şuşasını
yaddaşında saxlasın. Axsadığı
üçün ayağını yerə bərk basmır,
kim bilməsə də, o bilir ki, buranın hər
qarışı bir igidin qanı ilə suvarıldığından
bizim ayağımız bu yerlərə dəyir.
Burada da gözüm onu axtarır: tapmıram. Amma ta
dözməyib soruşuram. Aldığım cavab
qanımı qaraldır: “Axtarmayın. Hər gələn o qədər
qopardı ki, bu il heç bitmədi, yəqin kökü kəsildi”.
Mən Şuşanı özünə vətən
seçmiş səhləb növünü –
xarıbülbülü axtarırdım… Qoparmaq niyyətim
yox idi, eləcə onu öz doğma torpağında görmək,
bir atribut olaraq yox, kökü torpağa bağlı doğmam
kimi ona salam vermək istəyirdim.
Mənim gördüyüm Şuşa…
Şuşa səyahətimdən doymadım. Amma
böyük tikinti meydanını xatırladan bu şəhərə
tezliklə gəlmək istəməzdim. Ona görə yox ki,
onsuz da baxımsızlıqdan yarasız hala
düşmüş, ağır hərbi
maşınların, indi də ağır inşaat
texnikasının inlətdiyi şəhəriçi yollar
adamı yorur, infrastruktur hələ tam inkişaf etməyib,
şəhər nəqliyyatı yaradılmayıb.
Sadəcə, Şuşa aldığı ağır
yaralardan sonra komaya düşüb illərlə əcəllə
nəfəs-nəfəsə qalmış, amma haqqın
hökmü ilə bir gün həyata qayıtmış xəstəyə
oxşayır. Komada ikən onun yalnız həyat fəaliyyəti,
nəbzinin vurması dəstəklənib, yaralarının
tam sağalması isə zaman məsələsidir. Bu işi
də Şuşada “təbiblik” edəcək
inşaatçılar yerinə yetirir. Yəni
Şuşanın intensiv terapiyası davam edir. Onların əl-ayağına
dolaşıb işlərini ləngitməyə dəyməz.
Bir də… Bir də Şuşa işğal
dövrü yaşamış bütün şəhərlər
kimi öz qadın simasını hələ bərpa etməyib.
Az qala bir qərinəlik işğalın,
sayğısızlığın, qədirbilməzliyin
yaralarının ilkin sağlama mərhələsində
qadın zərifliyinə, qadın səliqəsinə hələ
ehtiyac yoxdur. Tək-tük marketlərdə, apteklərdə nədir,
hətta mehmanxanaların xidmət personalının
arasında qadın işçi hələ gözə dəymir.
Deyəsən, işğaldan sonrakı dövrün əsl
ilk şuşalısı da hələ dünyaya gəlməyib.
Amma yox, Şuşada bu yay dünyaya göz açanlar var.
…Hostelin eyvanında dayanıb şəhəri seyr edəndə
qaranquşlar lap başımın üstündə öz nəğmələrini
oxuyaraq cövlan edirdilər. Düzü, “Düyməcik”
nağılından başqa heç vaxt bu ürkək
quşların insana yaxın gəlmək cəhdinə
şahid olmamışdım deyə təəccüblənəcəkdim
ki… gözüm eyvanın yuxarı küncündəki
qaranquş yuvasına sataşdı. Deməli, həyat davam
edir.
***
Bəlkə də nə vaxtsa təxminən yüz il
əvvəl görkəmli yazıçı-publisist İlya
Erenburqun qələmindən çıxan “Parisi görməli
və ölməli” ifadəsinin tarixçəsi barədə
nəsə yazdım. Hələliksə təxminən
yüz il arzuların son həddi kimi anlaşılan bu ifadəyə
düzəlişim var: “Şuşanı görməli və
ardını yaşamalı!...”.
Gülcahan Mirməmməd
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.4.