Azərbaycan Bəstəkarlar İttifaqının 90 yaşı tamam olur

 

 

XX əsrin əvvəlində Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir səhifə açıldı. Bu,  Avropa anlamlı bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı idi. Azərbaycanda çoxsaylı peşələrin sırasına biri də əlavə olundu: bəstəkarlıq. Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə intibaha başlayan musiqimiz XX əsrin ortalarına doğru opera, balet, operetta, simfoniya, konsert kimi irihəcmli musiqi janrlarını, habelə bir sıra xırda musiqi formalarını da əks etmiş oldu.

Azərbaycan musiqisinin XX əsrin birinci yarısında kifayət qədər qısa zaman kəsiyində nail olduğu inkişaf, hər şeydən öncə, müsəlman Şərqində ilk dəfə respublikamızda təşəkkül tapan üçpilləli təhsil sistemi ilə bağlı idi: ibtidai musiqi məktəbləri, musiqi texnikumu və ali təhsil ocağı kimi Dövlət Konservatoriyası.

Milli musiqiçi kadrların, o cümlədən bəstəkarların hazırlanması üçün Moskva və Leninqraddan Bakıya yüksəkixtisaslı professor-müəllim heyəti dəvət olunmuşdu. 1921-ci ildə Bakıda təsis edilmiş Azərbaycan Dövlət Konservatoriyasında (ADK) Ü.Hacıbəyli ilə yanaşı, bəstəkar nəzəriyyəçilər –  Z.M.Rudolf,  N.S.Çumakov, Z.P.Yablonko, daha sonralar Q.Qarayev və C.Hacıyevlə bahəm B.İ.Zeydman kimi mütəxəssislər bəstəkarlıq ixtisasını tədris etmişlər.

Musiqi sahəsində təşkilatlanmanın başlanğıcı kimi isə 1919-cu ildə Bakıda Orkestr Musiqiçiləri İttifaqının yaradılmasını qeyd etmək olar. 1920-ci ildə musiqiçilərin daha bir ictimai təşkilatı “Simfonik musiqi cəmiyyəti” mədəni həyata qoşulur.

1920-ci illərin sonlarında Üzeyir bəyin rəhbərliyi ilə ADK-da “Türk musiqisinin tədqiqi və inkişafı üzrə Azərbaycan elmi cəmiyyətinin yaradılması” layihəsi hazırlanır.

Bu dövrdə yaradılmış “Azdramkom” adlı təşkilat – Azərbaycan dramaturqları və kompozitorları cəmiyyəti isə Azərbaycan Bəstəkarlar İttifaqının bilavasitə sələfi sayıla bilər. Bu təşkilat, adından da göründüyü kimi, öz sıralarında teatrla bağlı iki peşə sahiblərini – dramaturqları və bəstəkarları birləşdirib. Bəstəkarlar İttifaqının məhz bu mürəkkəb və ziddiyyətli dövrdə yaradılması, problemləri qismən də olsa, həll etməli idi.

1933-cü ilin iyun ayında Bəstəkarlar İttifaqının 15 nəfərdən ibarət Təşkilat bürosu yaradılır. Bu qurumun artıq müəyyən səlahiyyətləri vardı: bəstəkarlara kateqoriyalar üzrə qonorarların verilməsini həll edir, vaxtaşırı iclas və yığıncaqlar keçirirdi. Təşkilat bürosuna sədrlik rus Sergey Paniyevə həvalə olunmuşdu. Lakin onun bəstəkar kimi işi məqbul sayılmadı. Təşkilat bürosu bir il sonra, 1934-cü il iyunun 17-də keçirilmiş iclasında Bəstəkarlar İttifaqının təsis yığıncağının çağırılmasına qərar verir.

1934-cü il iyun ayının 30-da 17 nəfərin – Ə.Bədəlbəyli, Z.Hacıbəyov, Niyazi, A.Refatov və başqalarının iştirakı ilə ümumi yığıncaq keçirilir. Məhz bu gün musiqi tariximizdə  Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) yaranma günü sayılır.

İttifaqın ilk yığıncağında təşkilatın sədri vəzifəsinə milliyətcə Krım tatarı olan Asan Mahmudoviç Refatov seçilir. 6 nəfərdən ibarət idarə heyətində müxtəlif millətlərin nümayəndələri – A.Refatov, G.Burşteyn, V.Çebanenko və başqaları ilə yanaşı, bu tərkibdə yeganə azərbaycanlı olan, musiqi tariximizdə layiqli yer tutmuş Əfrasiyab Bədəlbəyli də vardı. Təftiş komissiyasının sədri vəzifəsi isə gələcəyin böyük dirijoru və bəstəkarı 22 yaşlı gənc Niyaziyə həvalə olunmuşdu.

İlk nizamnamədə əsas vəzifə kimi bəstəkar və musiqişünasları bir araya gətirmək nəzərdə tutulurdu. Həmçinin ittifaqa ayrıca bina və gündəlik iş üçün pianino verilməsi də qarşıya qoyulmuşdu. Təxminən 20 ilə yaxın qurumun ayrıca binası olmasa da, o fəaliyyətini ümumən uğurla davam etdirib. Artıq 1934-cü il noyabrın  4-də ABİ radio dinləyicilərinə ilk hesabat konsertini təqdim etmişdi.

Üzeyir bəy ilk illərdə ABİ-nin rəhbərliyində təmsil olunmasa da, onun yaranması və fəaliyyətində bilavasitə iştirak və prosesə faktiki rəhbərlik edib. O, həmçinin 1934-cü ildə ABİ-də yaradılan Tənqid və musiqişünaslıq bölməsinin sədri idi. 1937-ci ildə Ü.Hacıbəyli ittifaqın sədri seçilir və ömrünün sonunadək (1948) ona rəhbərlik edir.

Bu gün Bəstəkarlar İttifaqının fəaliyyətində Üzeyir Hacıbəylinin ənənələri yaşadılır. 2018-ci ildə ABİ tərəfindən  “Üzeyir Hacıbəyli” fəxri medalı təsis edilib. Ü.Hacıbəyli irsinin yaşadılmasına, Azərbaycan musiqisinin dünyaya tanıdılmasına xidmət edən ən böyük layihələrdən biri də 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsası qoyulan və hər il Bəstəkarlar İttifaqının da yaxından iştirakı ilə gerçəkləşən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır...

 

Bəyim Dadaşova

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi

Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.1;6.