İstanbulda “Zəngəzur
sənətkarlığı” sərgisi
İstanbulda fəaliyyət göstərən
“Xarıbülbül” Azərbaycan Vizyon Teatrı və “Tək
Hədəfim Təhsil” birlikləri tərəfindən həyata
keçirilən “Biz birlikdə güclüyük!” layihəsi
çərçivəsində “Validə Sultan” gəmisində
“Zəngəzur sənətkarlığı” adlı sərgi
nümayiş olunub.
Sərgi Azərbaycan Respublikası QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Tətbiqi
Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə
Yardım” ictimai birliyinin həyata keçirdiyi layihə əsasında,
ölkəmizin İstanbuldakı Baş Konsulluğu və
Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət
Mərkəzinin dəstəyi ilə açılıb.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin
səsləndirilməsi ilə başlayan tədbirin rəsmi
hissəsində çıxış edən
“Xarıbülbül” Azərbaycan Vizyon Teatrı” birliyinin rəhbəri
Kamalə Kamal Cabbarova, Azərbaycan Baş Konsulluğunun əməkdaşı
Zaur Allahverdizadə, “Mərmərə Qrupu” Strateji və
Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver,
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir
Abbasov, “Tək Hədəfim Təhsil” birliyinin rəhbəri
Cem Yıldırım və digərləri Zəngəzurun
tarixi, mədəni irsi, qədim yurd yerimizdə
xalqımıza məxsus mirasın ermənilər tərəfindən
yox edilməsi haqqında danışıblar.
Zəngəzur sənətkarlığına dair sərgini
ərsəyə gətirən Sərdarlar ailəsinin üzvləri
– Lalə Sərdarlı (“Tətbiqi Sənət Nümunələrinin
Qorunmasına və Təbliğinə Yardım” ictimai
birliyinin sədri), Toğrul Sərdarlı və İsgəndər
Sərdarlı çıxış edərək layihə
haqqında məlumat veriblər, sərginin qardaş ölkədə
təşkilində iştirak edən hər kəsə təşəkkürlərini
bildiriblər.
Sonra layihə çərçivəsində
hazırlanan sənədli film nümayiş etdirilib.
Bədii hissədə Azərbaycan milli musiqi və rəqs
nümunələri ifa edilib, milli mətbəximizin təamları
qonaqlara təqdim olunub.
Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.8.