Səhnəmizin ağ çiçəyi

 

Filarmoniyada Xalq artisti Roza Cəlilovanın 95 illik yubiley gecəsi

 

İyunun 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında milli rəqslərimizin mahir ifaçısı, Xalq artisti Roza Cəlilovanın 95 illiyinə həsr olunmuş “Səhnəmizin ağ çiçəyi” adlı yubiley konserti keçirildi.

Tədbirdə əvvəlcə rəqqasənin həyat və sənət yolundan söz açıldı, ifa etdiyi milli və dünya ölkələri rəqslərinə qatdığı gözəlliklərdən bəhs olundu. Roza Cəlilovanın milli rəqs sənətimizin inkişafına verdiyi töhfələrdən danışıldı.

Sonra F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifalarında bir-birindən incə rəqs nömrələri nümayiş olundu. Vaxtilə bu rəqslərlə müxtəlif səhnələrə çıxan Roza Cəlilova və indi həyatda olmayan bir çox sənət həmkarları alqış selinə bürünmüşdü. Bu dəfə də səslənən alqışlar, ilk növbədə, ona – zalda tamaşaçılarla birgə əyləşən 95 yaşlı sənətkara ünvanlanmışdı...

Roza Cəlilova 1929-cu il mayın 17-də Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs ansamblı ilə bir sıra ölkələrdə qastrolda olub. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də yer tutub.

Sənətkarın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq artisti” fəxri adına, “Şərəf” və “Şöhrət” ordenlərinə, Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Roza Cəlilova 95 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunub. Mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları mayın 18-də sənətkarı evində ziyarət edərək ona yubileyi münasibətilə təbriklərini çatdırmış və fəxri diplomu təqdim etmişdilər.

 

 

 Mədəniyyət .-2024.- 28 iyun,¹47-48.- S.1;2.