Musiqisi Şəfiqə Axundovanındır...

 

Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illik yubileyi münasibətilə martın 18-də Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən yubiley gecəsində bəstəkarın ömür yoluna nəzər salınıb. Çıxışlarda qeyd olunub ki, 1924-cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova uşaqlıqdan musiqiyə maraq göstərib. O, müsəlman Şərqində ilk opera yazan qadın kimi tarixə düşüb. Müxtəlif janrlarla musiqiləri, o cümlədən unudulmaz melodiyalı mahnıları ona Azərbaycanın hüdudlarından kənarda da şöhrət gətirib.

Sonra bəstəkara həsr olunan videoçarx nümayiş etdirilib.

Konsert proqramında Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Təhmiraz Şirinov, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, İlkin Əhmədov, Gülüstan Əliyeva, Nüşabə Ələsgərli, Arzu Əliyeva, müğənnilər Rəvanə Qurbanova, İlahə Rüstəmova, Sərxan Bünyadzadə, Orxan Hüseynov və Ramazan Şərifzadə Şəfiqə Axundovanın bəstələrini səsləndiriblər. Onları Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin instrumental qrupu müşayiət edib.

Tədbirdə tanınmış ziyalılar, bəstəkarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəngarəng konsert proqramı alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 29 mart, №23-24.- S.5.