Bir rəssamın sənət
dünyası
Azərbaycanın Naxçıvan bölgəsi də
tarixi-mədəni zənginlikləri ilə tanınır. Bu
diyarda müxtəlif sənətkarlıq sahələri ən
əski çağlardan inkişaf edib. Əcəmi
Naxçıvaninin adı ilə məşhur olmuş
memarlıq məktəbini, onun yadigar qoyduğu abidələri
qeyd etmək kifayətdir ki, burada formalaşmış sənət
ənənələri haqqında təsəvvür
yaransın.
Naxçıvanda təsviri və dekorativ-tətbiqi sənətin
də kökləri qədim dövrlərə gedib
çıxır. Tarixin müxtəlif mərhələlərində
bu sənət sahələri ustalar tərəfindən nəsildən-nəslə
ötürülərək yaşadılıb. Bu yazıda rəssam,
dekorativ-tətbiqi sənət ustası Səkinə Qarayeva
haqqında söz açacağıq.
Səkinə Əvəz qızı Qarayeva 1969-cu ildə
Naxçıvan şəhərində anadan olub. 10
yaşından başlayaraq, sənətə meyil göstərib.
Məktəbli qızın zövqlə ərsəyə gətirdiyi
əl işləri mütəxəssislər tərəfindən
təqdirlə qarşılanıb.
1984-cü ildə Səkinə Qarayevanın
Naxçıvan şəhərindəki “Gənc texniklər”
mərkəzində metal üzərində döymə
nümunələri və rəsm əsərlərindən
ibarət ilk sərgisi təşkil olunub. Bu sərgi onun
yaradıcılıq həvəsini daha da artırıb, sənət
axtarışlarına sövq edib. Sonra Naxçıvanda və
Bakıda təşkil olunan sərgi və müsabiqələrdə
iştirak edib, uğurlar qazanıb.
Qəlbən bağlandığı bu sənət
üzrə xüsusi təhsil almaq, yaradıcı
baxışlarını dərinləşdirmək istəyi
onu rahat buraxmayıb. Orta məktəbi bitirib, 1986–1988-ci illərdə
Bakı şəhərindəki 84 nömrəli texniki peşə
məktəbinin reklam üzrə tərtibatçı bölməsində
təhsil alıb. Naxçıvana qayıdıb ixtisası
üzrə əmək fəaliyyətinə başlayıb.
1997–1999-cu illərdə Moskvada əl işləri və
muncuqlarla toxuma üzrə təlim kurslarında oxuyub,
yaradıcılıq təcrübəsini və istiqamətlərini
daha da genişləndirib.
2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ailə
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə Səkinə
Qarayevanın dekorativ əl işləri və kətan üzərində
yağlı boya ilə işlədiyi əsərlərindən
ibarət sərgisi keçirilib. 2015-ci ildə
Naxçıvanda dekorativ əl işləri sərgisində
iştirak edib. Həmin il muxtar respublikanın “Rəşadətli
əməyə görə” medalı ilə təltif olunub.
2015-ci ildə NMR Rəssamlar Birliyinin Bəhruz Kəngərli
adına sərgi salonunda, 2018-ci ildə Bakıda sərgiləri
keçirilib. 2021-ci ildə Naxçıvan şəhərində
müəllifin “Nizami Gəncəvi İli” çərçivəsində
təşkil olunan “Xəmsə” möcüzəsi” sərgisi
böyük maraqla qarşılanıb. Sərgidə “Xəmsə”
motivli metal üzərində döymə, piroqrafiya (taxta
üzərində yandırma) və digər texnikalarda
hazırladığı əsərləri nümayiş etdirilib.
2023-cü ildə Naxçıvan MR-də Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar
təşkil olunmuş rəsm və əl işlərindən
ibarət sərgilərdə də Səkinə Qarayevanın
yüksək məharətlə yaratdığı əsərləri
nümayiş olunub, fəxri fərman və diplomlarla
mükafatlandırılıb.
Səkinə Qarayeva 2022-ci ildə NMR Rəssamlar
Birliyinin üzvü seçilib. Rəssama yeni
yaradıcılıq uğurları arzulayırıq.
Yaqut Quliyeva
NMR Dövlət Uşaq Filarmoniyasının bədii
rəhbəri
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.4.