“Adın müqəddəsdir
sənin, ey qadın...”
Bölgələrdəki mədəniyyət müəssisələrində
xanımların bayramı ilə bağlı tədbirlər
keçirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində 8
Mart – Beynəlxalq Qadınlar Gününə həsr
olunmuş “Adın müqəddəsdir sənin, ey qadın”
adlı tədbir keçirilib. Çıxışlarda qeyd
olunub ki, Azərbaycan qadını öz zəkası,
müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası,
yüksək analıq keyfiyyəti ilə hər zaman
xalqımızın adını uca tutub.
Bədii hissədə ədəbi-bədii kompozisiya,
videoçarxlar nümayiş olunub, rayonun tanınmış
incəsənət ustaları tərəfindən mahnı və
şeirlər səsləndirilib.
Qusar rayon Mədəniyyət Mərkəzində
“Qayı Bulax” və “Şahnabat” xalq kollektivlərinin
iştirakı ilə “Bayramınız mübarək, əziz
qadınlar!” adlı konsert keçirilib. Müğənnilərin
solo ifaları, “Ləzginka”, “Ləzginka Assa” rəqs
qruplarının çıxışları və yumoristik səhnəcik
nümayiş etdirilib.
***
Cəbrayıl rayon Karxulu, Xələfli, Qaracallı,
Şıxlar, Hovuslu, Qovşudlu kənd klubları və rayon
MKS-nin İsaxlı kənd kitabxana filialının (Biləsuvar
rayonu) əməkdaşları 44 günlük Vətən
müharibəsinin şəhid baş leytenantı Təhmasib Mustafayevin
ailəsini ziyarət ediblər. Ailədəki
xanımlara, xüsusilə də,
şəhidin yadigarı Faidə balaya Beynəlxalq Qadınlar
Günü münasibətilə təbriklərini
çatdırıblar.
***
Astara rayon Heydər Əliyev Mərkəzində
“Ümummilli lider Heydər Əliyev və qadın siyasəti”
mövzusunda tədbir keçirilib. Bildirilib ki, 1993–2003-cü
illərdə Ulu öndər tərəfindən qadınlarla
bağlı imzalanmış fərman və sərəncamlar
Azərbaycanda dövlət qadın siyasətinin
formalaşmasına böyük təkan verib.
Çıxışlardan sonra şagirdlərin sualları
cavablandırılıb.
Lerik rayon Heydər Əliyev Mərkəzində
“Qadın gülərsə, bəşəriyyət gülər”
mövzusunda bilik yarışı təşkil edilib.
Yarışmada rayonun mədəniyyət müəssisələrində
çalışan qadınlardan ibarət komandalar iştirak
ediblər. Rayon Mərkəzi Kitabxananın “Xəmsə”
komandası I yerə layiq görülüb. Qalib komanda və
yarışda fəal iştirak edən digər komandalar
diplomlarla təltif olunublar.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.4.