Cəlil Məmmədquluzadənin
əsərləri fransız dilində
Parisdəki “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat
evlərinin ofisində Fransanın Elmi-Tədqiqatlar Milli Mərkəzinin
(CNRS) tədqiqatçısı, XX əsrdə Yaxın Şərq
və Mərkəzi Asiyanın İslam tarixçisi, rus,
özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının
tərcüməçisi Stefan Düdvanyonun (Stephane
A.Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında
hazırladığı “Dəllək və digər
novellalar” kitabının təqdimatı olub.
Kitabda görkəmli ədibin “Dəllək”,
“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”,
“Kişmiş oyunu”, “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi”,
“Molla Fəzləli” kimi novellaları yer alıb.
Təqdimatda Stefan Düdvanyon ədibin həyat və
yaradıcılığı haqında məlumat verib. Onun
Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti
redaksiyasında fəaliyyətindən, yazıçı və
jurnalist kimi formalaşmasında qəzetin və onun redaktoru Məhəmməd
ağa Şahtaxtinskinin rolundan söz açılıb. Diqqətə
çatdırılıb ki, Cəlil Məmmədquluzadə
ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan
“Molla Nəsrəddin” jurnalının nəşri ilə Azərbaycanda,
eləcə də türk-müsəlman dünyasında
satirik jurnalistikanın əsasını qoyub.
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.7.