İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (9)
Mətbuat xronikasından budəfəki seçmələrdə
iki qəzetə – 43 il öncəki “Kommunist” qəzetinə və
30 il əvvəlki “Mədəniyyət” qəzetinə nəzər
saldıq. Tədbirlər, yubileylər, xatirə
axşamları... Bunlar hər zaman olub. Bir də mədəniyyətin
problemləri. O vaxtlar da vardı, indi də az deyil... Məsələyə
ziyalı baxışına o vaxt da ehtiyac vardı, indi də
var...
Seçmələrdə qəzetlərin
orfoqrafiyası saxlanılıb...
***
Yazıçının yubileyi
Görkəmli Azərbaycan ədəbiyyatçısı
İbrahimbəy Musabəyovun anadan olmasının 100 illiyi
münasibətilə Aktyor evində yubiley
yığıncağı keçirilmişdir. Respublika
Yazıçılar İttifaqı idarə heyətinin katibi
Hüseyn Abbaszadə yığıncağı
açmış, Azərbaycan mədəniyyətinin, o
cümlədən kinematoqrafiyamızın inkişafında
İ.Musabəyovun xidmətlərindən danışmışdır.
Respublikada kinematoqrafın yaranması tarixi onun eyniadlı əsəri
əsasında 1916-cı ildə çəkilmiş “Neft və
milyonlar səltənətində” bədii filmi ilə
bağlıdır.
Filologiya elmləri doktoru Bəkir Nəbiyev İ.Musabəyovun
həyatı və yaradıcılıq fəaliyyəti
haqqında məruzə etmişdir.
Yığıncaqda ədəbiyyatçılar və
yubilyarın yaradıcılığının tədqiqatçıları,
habelə onun qızı – respublikanın əməkdar müəllimi
Zemfira Məmmədova-Musabəyova çıxış
etmişlər.
Axırda yığıncağın
iştirakçılarına İ.Musabəyovun “Neft və
milyonlar səltənətində” əsəri əsasında
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında yenidən ekranlaşdırılmış
film göstərilmişdir.
“Kommunist” qəzeti, 6
mart 1981-ci il
***
Mədəniyyətimizin inkişaf yollarını nədə
görürsünüz?
Məmməd Araz:
– Birinci növbədə fədakarlıqda... Yəni
biz hərəmiz ayrılıqda, yəni biz hamımız
birlikdə bir az tamahımızdan kəsməsək, bir az
sağlamlığımızdan kəsməsək, bir az
bacarığımızdan kəsməsək, bir az yuxumuzdan kəsməsək
və bütün bunların hamısını müəyyən
müddət mədəniyyətimizin dirilməsinə həsr
etməsək, çətin olacaq. Çətin olacaq
xalqımıza, dərd-sərimizi, ümidimizi bir adamın
boynuna yıxsaq. Hamımız bilirik, lakin çoxumuz bilmək
istəmirik ki, biz kiçik vətən müharibəsi deyil,
Böyük Vətən müharibəsi aparırıq.
Əslində bu düşmən başqa düşməndən
daha kəmfürsətdir. Gücü çatanda daha qəddardır,
gücü çatmayanda min sifətə girəndir. Odur ki,
biz hər şeydə fədakar, hər yerdə qənaətcil
və israfçılıqdan uzaq olmalıyıq. Biz bir
şeyi bilməliyik ki, bu düşmən, gücü
çatsa Leninqraddan betər mühasirədə saxlayar bizi.
Özü də 800 gün, 9 min gün! Bəlkə də
bütün ömrü boyu saxlayar. İndi oturub həmin
parlaq günü gözləməməliyik ki, – o gün
öz-özünə gələcək, düymə basılacaq və hər
şey öz yerində bərqərar olacaq. Belə gün
heç vaxt olmayacaq. Bu gündən, sabahdan, indidən hərəmiz
bir işin qulpundan yapışıb, bayram
yır-yığışına başlayan kimi işə
başlamalı, çox işi ictimai əsaslarla, öz
hesabımıza, fədakarlığımız hesabına
görməliyik.
Xatirə gecəsi
A.M.Şərifzadə adına Aktyor evində
tanınmış səhnə ustası, xalq artisti Mustafa Mərdanovun
anadan olmasının 100 illiyi münasibəti ilə xatirə
gecəsi keçirilib. Gecədə respublikanın xalq artistləri
Leyla Bədirbəyli, Lütfi Məmmədbəyli, sənətşünaslıq
doktoru, professor İnqilab Kərimov, əməkdar mədəniyyət
işçisi Cahangir Aslanoğlu, qocaman rejissor Məcid
Zeynalov çıxış edərək, M.Mərdanovla
bağlı xatirələrini söyləmişlər. Sonra mərhum
sənətkarın çəkildiyi “O olmasın, bu olsun”
filmi nümayiş etdirilmişdir.
“Mədəniyyət” qəzeti, 5 mart 1994-cü il
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.6.