İordaniyada
“Qarabağ xanlığı: tarixi və mədəni kimlik”
albom-kitabının təqdimatı
Əmman şəhərində yerləşən
İordaniya Muzeyində Azərbaycanın İordaniya
Haşimilər Krallığındakı Səfirliyi, Avrasiya
Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı
ilə “Qarabağ xanlığı: tarixi və mədəni
kimlik” adlı albom-kitabın təqdimatı olub.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər
Nazirliyinin dəstəyi ilə çap edilmiş kitab
Gürcüstan Milli Muzeyinin arxivlərindəki Qarabağ
xanlığının tarixinə dair nadir sənədlər,
eksponatlar haqqındadır.
Mərasimdə çıxış edən
İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın
bu ölkədəki səfiri Eldar Səlimov indiyə qədər
ingilis, fransız və ispan dillərində işıq
üzü görmüş nəşrin Azərbaycanın
Qarabağ bölgəsində tarixən formalaşmış
mədəni irsi haqqında geniş məlumatın dünyaya
çatdırılmasında əhəmiyyətini
vurğulayıblar.
Eldar Səlimov kitaba daxil edilən materialların
Gürcüstan Milli Muzeyinin arxivlərində yüz ildən
artıq qapalı saxlanıldığını, yalnız bir
neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü
ilə aşkarlandığını diqqətə
çatdırıb.
Nəşrin elmi redaktoru, ABİA-nın idarə heyətinin
sədri Elçin Əsgərov, İordaniya Universitetinin
professoru, tarixçi Məhəmməd Vahib,
yazıçı və tarixçi Məhəmməd İsa
əl-Udvan Azərbaycan tarixi irsinin bir parçası olan alban
mədəniyyətinə aid mədəni artefaktların
süni şəkildə erməniləşdirilməsindən
bəhs edib, Rusiya imperiyası dövründə
toplanmış və bu gün Gürcüstanda qorunan bu
etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin
mühüm mərkəzlərindən biri olduğunu göstərdiyini
vurğulayıblar.
Tədbir çərçivəsində
“Qarabağın inciləri” adlı fotosərgi
açılıb. Sərgidə Gürcüstan Milli Muzeyinin
kolleksiyalarından Qarabağ xanlığına (1747–1822) aid
artefaktların şəkilləri nümayiş etdirilib.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.8.