“Musiqi sərhəd tanımır”

 

Bəstəkarlarımızın əsərləri Milanda səslənib

 

İtaliyanın Milan şəhəri Azərbaycan bəstəkarlarının klassik əsərlərinin səsləndirildiyi “Musiqi sərhəd tanımır” adlı konsert proqramına ev sahibliyi edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Konsert proqramı Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı, eləcə də Avropada yaşayan və Azərbaycandan olan musiqiçilərin iştirakı ilə keçirilib. “Villa Clerici” incəsənət muzeyinin konsert salonunda Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Vasif Adıgözəlov və digər görkəmli bəstəkarlarımızın əsərləri ifa olunub.

İtalyanın mədəniyyət xadimi Ancelo Montovani qonaqlara Azərbaycan mədəniyyəti, musiqisi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan dünya səhnəsində öz musiqisi ilə seçilir.

Almaniyanın Düsseldorf şəhərində yaşayan pianoçu, Almaniya Azərbaycanlıları Alyansı idarə heyətinin üzvü Səbinə Məmmədovanın, Milanda yaşayan opera müğənnisi Çinarə Şirin və tarzən, Əməkdar artist Sahib Paşazadənin ifası qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 8 mart, ¹(19).- S.8.