Gənc rəssamın
sənətin incəliklərinə “Toxunuş”u
Martın 6-da Azərbaycan Milli Xalça Muzeyində gənc
rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi
sərgisi açılıb.
Muzeyin direktoru vəzifəsini müvəqqəti icra
edən Mira Məmmədxanova, Milli İncəsənət
Muzeyinin direktoru Şirin Məlikova, Rəssamlar
İttifaqının sədr müavini Xalq rəssamı
Ağaəli İbrahimov, Xalq rəssamları Aydın Rəcəbov
və Arif Hüseynov çıxış edərək müəllifin
yaradıcılığından danışıb, ona sənət
yolunda uğurlar arzulayıblar.
Lalə Hüseynova sərgiyə gələn hər kəsə
təşəkkür edib. Bu yolda ona dəstək olan müəllimi
və atası Əməkdar rəssam Məmmədhüseyn
Hüseynovun əməyini xüsusi vurğulayıb: “Atam mənə
sənətin incəliklərini, rəssamlıqda peşəkar
düşüncə formalarını, incəsənət
tarixi ilə bağlı əsas məqamları
aşılayıb. Hər zaman vurğulayır ki, sənət
çox zərifdir, çalışmasan, yaratmasan, o səni
bağışlamayacaq. Mən də bunu qulaqlarımda
sırğa eləmişəm...”.
Qeyd edək ki, sərgidə rəssamın 40-dan
artıq əsəri nümayiş olunur. Onlar ənənəvi
xalça sənətini müasir incəsənət növləri
ilə birləşdirərək milli irsimizi keçmişdən
gələcəyə daşıyan özünəməxsus
nümunələrdir. Burada müəllifin şəxsi
kolleksiyasından qrafik əsərləri, türkiyəli yazar
Nihal Adsızın “Bozqurdların ölümü” kitabına
çəkdiyi illüstrasiyaları, həmçinin Azərbaycan
Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer
alır.
“Toxunuş” sərgisi təbiətlə insanın
minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm
vəhdətinin sənət dili ilə ifadəsidir.
Buradakı əsərlər 4 təbiət
ünsürünün – su, od, hava və torpağın daxili
monoloqunun, o cümlədən müəllifin sərhədsiz
yaradıcılıq dünyasının, zəngin təxəyyülünün,
duyğu və düşüncələrinin mücərrəd
şəkildə təqdimatıdır. İnsanın ətraf
mühitlə sıx qarşılıqlı əlaqəsini
göstərən kompozisiyaların əsas ilham mənbəyi
isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi
məna daşıyan xalça motivləridir.
“Toxunuş” sərgisi martın 12-dək davam edəcək.
1995-ci ildə anadan olan Lalə Hüseynova Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət
fakültəsini fərqlənmə diplomu ilə baş vurub.
Tələbəlik illərindən müxtəlif sərgilərdə
iştirak edib, mükafatlara layiq görülüb. 2017-ci ildə
Gənclər və İdman Nazirliyinin Gənclər
mükafatı ilə təltif olunub. Hazırda Rəssamlıq
Akademiyasında çalışır.
L.Azəri
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.2.