70 yaşın “Yaz qatarı”nda görüş...

 

Firuzə İbadova: “Özümdə ən çox sevdiyim cəhət başqalarının uğuruna sevinə bilməyimdir”

 

“Yaz qatarı”... Onu hər görəndə bu mahnı düşür yadıma. Beləcə, illər ötsə də, qapqara gözləri, şux baxışları, məhrəm təbəssümü ilə uşaqlıq yaddaşımdan boylanan qadın dəyişmir ki, dəyişmir.

Musiqidə, səhnədə, nəğmə qanadlarında keçən ömrün növbəti dayanacağında onunla yenidən görüşdük. Şou-biznes qalmaqallarından, efir-ekran reytinq hesablaşmalarından arınmış ovqat söhbəti elədik. İstədim klassik, xalq, estrada nəğmələrinin sədaları altında hamılıqla dünənə boylanaq. Sabahı daha yaxşı görmək üçün...

Həmsöhbətim sevilən nəğmələrin mahir ifaçısı, bu il 70 yaşını qeyd edən Əməkdar artist Firuzə İbadovadır.

– Yubileyiniz mübarək! Yəqin 70-ə çatmaq, daha doğrusu, bu yaş daha cazibədar görünür...

– Qocalığa heç bu qədər qəşəng tərif verən olmamışdı (gülür). Mənə təsəlli verirsənsə, min şükür. Ötən hər ilə sevinirəm. Əlim-ayağım, səsim yerində, oxuyub-oynaya gəlib çatdım 70-ə. Cazibədar deyəndə, hələ təzə-təzə dil tapırıq. Onu əla qarşıladım, sonrasına baxarıq (gülür).

– Hə, saytlarda gördüm, gözəl yubiley tədbiri keçirmisiniz.

– Bəli, məni sevən dostlarımı, doğmalarımı bir yerə yığdım ki, oturub söhbətləşək, ötənləri yada salaq.

– Yada salmaq demişkən, unudulmaq qorxunuz olurmu?

– Olur, amma tez də o fikri qovuram. Üstəlik, Allahdandır, yoxsa bəndədən, bilmirəm, bu hissə qapılan kimi bir də görürəm qapı döyülür, ya da telefonum zəng çalır. Elə götürək ad günümdən az əvvəl edilən təbriki. Mədəniyyət nazirimiz cənab Adil Kərimli məni ad günüm münasibətilə təbrik etdi. Nazirliyin məsul şəxsləri evimizə gəldi, mənə nazirliyin təbrik məktubunu çatdırdı, ən sevdiyim hədiyyəni – böyük gül dəstəsini bağışladılar. Çox sağ olsunlar, biz sənət adamlarına bundan gözəl nə ərməğan ola bilər? Sözsüz ki, sevgi və diqqət. Sağ olsun dövlətimiz, qədirbilən xalqımız, biz ifaçıları heç vaxt sevgilərindən məhrum etməyib.

– 70-dən ən böyük qazancınız?

– Hə, bax burada mənim öz meyarlarım var və Allah da bilir ki, necə hiss edirəmsə, onu da deyirəm: mənim qazancım da bu xalqın, əziz tamaşaçılarımın sevgisidir. Güvən yerim də onlardır. Nə var-dövlətim,  nə də dəbdəbəli ev-eşiyim var. Varım bir balam, nəvəm və məni heç vaxt utandırmayan, yarı yolda qoymayan səsimdi, sənətimdi. Daha nə olsun ki?

– Səhnədən getmək barədə düşünürsünüzmü?

– Elə bir fikrim yoxdur! Şükür, səsim, avazım yerindədir. Eh, hələ o qədər oxumaq istədiyim mahnılarım var ki. Ömrümün uzun illəri səhnədə, ölkənin ucqar bölgələrində keçib. Arzu edirdim ki, Qarabağımızda, Şuşamızda konsertlər verim. İnşallah, azad və abad Qarabağ elimizdə də konsertlərim olacaq. Sonra getmək barədə düşünərəm (gülür).

– Ötənlərdə “35 ildən sonra” adlı solo konsertiniz oldu. Bu qədər uzun zaman niyə gözlədiniz?

– Qastrollarım, dövlət tədbirlərində, məclislərdə çıxışlarım, efirlərim dayanmadı, fasiləsiz oxudum. Amma solo konsert üçün gözləmək də olardı. Düşünürəm ki, 35 il ərzində daha səmərəli işlər gördüm. Hər yerdə sevgi ilə musiqimizi təbliğ etmişəm. Konserti də verdim, tamaşaçılar maraqla gəldilər. Klassik mahnıları oxudum, özümü də, onları da o illərə aparmağa çalışdım.

– Konsert verməməyin bir səbəbi də, bəlkə, dəyişən dinləyici zövqüdür?

– Bəli, çox düz vurğuladınız. Son zamanlar Azərbaycan musiqisi sahəsində müəyyən bir pis ənənə formalaşdırılıb: bayağı, lazımsız, gündəlik, az qala birdəfəlik melodiyalar, bayağı sözlərdən ibarət zümzümələr çıxıb ortaya. Nəhəng sənətkarların yaratdığı sənət inciləri də arxivə atılıb sanki. Əvəzində də Bəxtiyar Vahabzadə demişkən, başı yox, ayağı tərpədən notları ortaya atıblar. Yəni dincələn ruh yox, ritmin ahəngində danqıltıdan yorulan ayaqlardır. Təəssüf ki, indi bu üslub, janr, manera at oynadır musiqi meydanında.

– Yəni çağdaş tamaşaçı klassik estradanı duymur, dinləmir?

– Bəli, əvvəlki kimi kütləvi deyil. Dinləyici zövqü də korlanıb.

– Bu məsələdə hər bəstəkar və müğənni çiynini geri çəkir. Yəni heç kim öz ayranına turş demir.

– Deməsin də. Amma vəziyyət göz önündədir. Mahnı janrımız görün hansı vəziyyətdən hara gəlib?

– Yəqin olduğunuz məclislərdə sizdən trendə düşən, bayağı dediyiniz mahnıları da istəyirlər, çarəsiz oxuyursunuz, hə?

– Yox, vallah, oxumuram. İsrar edən də olmur heç. Zatən mən meydana gələndə, səhnəyə çıxanda Azərbaycan klassik bəstəkarlarının, xalq mahnılarımızın elə nümunələrini seçirəm ki, onları dinləyən hər kəs şəksiz ovsunlanır. Görün, bizim hər ruh və ovqata xitab edən nə qədər gözəl, şən nəğmələrimiz var. Onlar qala-qala ağzımı ağrıdıb o mənasız söz yığınlarını oxumaram. Heç qulaq da asmıram. Öz zövqüm, düşüncəm var. Əslində, o yeni nəsli də qınaya bilmirəm. Zövqləri müəyyən tənəzzül dövründə formalaşdı. Yəqin bu da bir səbəbdir. Bu mənada, mən və yəqin bizim nəsil ifaçılar özlərini həm də ona görə xoşbəxt sayırlar ki, nəhəng sənətkarların yaşayıb-yaratdığı dövrdə sənətlə, musiqi ilə tanış olmuşuq. Gənc yaşımdan televiziyanın solisti, Azərbaycan Dövlət Filarmoniyası “Lalə” qızlar ansamblının solisti kimi görün necə sənətkarları görmüşəm. İndi də yadıma düşəndə bilirsiniz necə dil-dodağım əsir?! Məni keçmişə apardınız. 17 yaşlı qızın səhnədə gördüyü nəhəng sənətkarlardan sonra...

– Böyük sənətkarlarla bir səhnədə olmaq başqa bir əzəmət idi yəqin...

– Əksəriyyəti necə mehriban, səmimi, sadə idi. İndikilər kimi ədabazlıq, bəzilərinə xas yekəxanalıq yox idi onlarda. Sən gəncsənsə, tanınmırsansa, arxa planda qalmalısan deyə bir kobud qayda yox idi. Yadıma düşdü, bir xatirə danışım. Günlərin bir günü filarmoniyada konsertqabağı məşq idi. Mən də filarmoniyanın iri pəncərəsindən bayıra baxıram. Birdən xoş avazla “Gedər bu gözəllik, sənə də qalmaz”ı eşidib cəld qanrıldım. Qarşımda böyük sənətkar Əlibaba Məmmədovu görəndə qeyri-ixtiyari diksindim və “Ay Allah, diri Əlibaba Məmmədov” deyib heyrətlə ona baxdım. Bu sözümə qəşş elədi, rəhmətlik. Sonra “Ay bala, mən sağam e, bura da filarmoniyadır, özünə gəl” dedi. Təbii ki, biz o vaxta qədər bu sənətkarları televiziya ekranından görmüşdük və ağzımdan “canlı” kəlməsi yerinə “diri” sözü çıxmışdı. O sözüm uzun müddət filarmoniyadakıların ağzından düşmədi.

– Hansı sənətkara bənzəmək istəmisiniz, onun vurğunu olmusunuz?

– Mənim üçün sənət günəşi sevimli müəllimim Şövkət Ələkbərova idi. O mənim üçün ölməyib, daim qəlbimdə, ruhumda, düşüncələrimdə yaşayır. Öz əbədiyaşarlıq haqqını böyük sənəti və şəxsiyyəti ilə qazanıb. Çox səmimi, mehriban, mərhəmətli idi. Bizə ana kimi qayğı göstərirdi. Təsəvvür edin, dərsə girəndə nə öyrəndiyimizdən əvvəl ac olub-olmadığımızı soruşurdu. Mütləq çantasında meyvə, konfet gətirib bizə paylayardı. Bizi tez-tez evinə çağırar və mütləq bişirdiyi yeməklərdən yedirərdi...

– Bu gün meyarlar dəyişib. Yəqin siz də çox darıxırsınız.

– Darıxmaq nədir, hönkür-hönkür ağlayıram o illər üçün. Çünki o zaman efirə çıxarkən geyim-keçimdən mimikalarımıza, əl-qol hərəkətlərimizədək hamısı müəyyən nizamda olmalı idi. Bunun nəyi pis idi? Adını indi senzura qoyub pisləyirlər. Amma o dövrü də görən adam kimi deyim ki, hər cür gözəllik, zəriflik, o zamanda daha yaxşı idi. Sevinirəm ki, mənim də populyarlığım o dövrə təsadüf etdi, lent yazılarım “qızıl fond”a düşdü. Dünyamı dəyişəndə o yazılar məni xatırladacaq.

– O dövrdə hər kəsin həm də öz yeri vardı yəqin. Məsələn, konsertlər sıralaması, müəllimlər və onların şagirdləri...

– Bəli, nəsillər arasında rəqabətdən çox xətir-hörmək vardı. Məsələn, “Dan ulduzu”nun bir konsert buraxılışı olurdusa, orada yalnız korifeylər – Şövkət xanım və sənət dostları oxuyardı. Üzərindən bir müddət keçər və başqa bir proqramla biz gənclər oxuyardıq. O zaman mənim səhnədə ən yaxşı tərəf-müqabilim, duet ortağım rəhmətlik Məhəbbət Kazımov idi. Bizim nəsildən olan müğənnilərin də ayrıca konserti olardı. Bunlar hamısı ustalıqla nizamlanırdı. Bilirsiniz, biz “olmaz”larla asanlıqla razılaşırdıq, anlayırdıq.

 

– O dediyiniz “olmaz”ların yolunuzda səddə çevrildiyi məqamlar da olub yəqin. Sizin nəsildən bir çox müğənnilər o dövrü xatırlayarkən qadağaların “qəhrəmanlarını” da unutmurlar.

– Çox görmüşəm, çox yolumu kəsiblər. Elə olub ki, qastrol siyahısından adımı çıxarıblar. Televiziya konsertlərində yazılarımı pozdurublar. Amma indiki kimi açıq deyildi belə məsələlər. Örtülü aparılırdı. Onu da deyim ki, müəllimimiz Şövkət Ələkbərova bizi çox qoruyurdu. Təəssüf ki, ona bata bilməyənlər acığını tələbələrindən çıxmağa çalışırdılar. Bizi kimlərsə incidəndə, adlarımızı siyahıdan çıxaranda Şövkət xanım əsl döyüşçü kimi atılırdı meydana. Yadımdadır, bir dəfə Aybəniz Haşımova bu barədə ona giley edəndə rəhmətlik Şövkət xanım necə əsəbiləşdisə, qalxıb filarmoniyaya getdi və məsələni həll elədi. Eh, hansını deyim? Həvəslə xarici ölkələrdən birinə səfərə hazırlaşırdım. Böyük sənətkarımız Rəşid Behbudovun rəhbərliyi ilə onun Mahnı Teatrının dəvətli solisti kimi dünyanın 30-dan artıq ölkəsində konsertlərdə olmuşdum. Belə konsertlərin birində məşhur ifaçılardan biri qulağım eşidə-eşidə “Firuzə kimdir ki, mən qala-qala qastrola gedir!” deyib qışqır-bağır saldı. Təsəvvür edirsiniz ki, Rəşid müəllim məcbur olub ən yuxarı təşkilata zəng etməklə bu məsələni həll elədi və mən o səfərdə oldum. Amma bəzən də gedə bilmirdim. Uzun əllər yolumu kəsirdi...

– Amma sənətə gələn hər kəsin bir amalı, arzusu olur...

– Mən 9 yaşımdan “Bənövşə” uşaq xorunda oxudum. O yaşda uşaq nə bilir şöhrət nədir. Biz indikilər kimi deyildik ki. Bilirsiniz, yanaşmamız, tərbiyəmiz ayrı idi. Mən dünya malında gözü olmayan adamam. Biz bu dünyadan heç nə aparmırıq. Bircə xoş xatirələrdən başqa. Xalqın sənətkarı olmaq başqa bir zirvədir və biz sənətə gələrkən ustadlarımızdan bu kimi məqamları da öyrəndik.

– Firuzə xanım, təəssüf ki, artıq siz deyən o sənətkar sözü də elə bil urvatdan düşür. İndi daha başqa bənzətmələr edilir

– Bəli, təəssüf ki, düşüb urvatdan. Bu da məni xeyli qəhərləndirir. Kimsə elə düşünməsin ki, mən gəncləri, populyar ifaçıları həzm edə bilmirəm. Vicdanım haqqı, yox. Sadəcə, klassiklərə, böyük sənətkarlara, onların mirası olan mahnılara toxunub zay eləməsinlər. Böyük bəstəkarlarımızın ritmi, melodiyası, sözü, milizması yerində olan mahnılarına toxunmasınlar. İnciməsinlər, o mahnıların möhürü zamanında vurulub, nə qədər çalışsalar da, onu korlamaqdan başqa bir şey əldə etməyəcəklər.

– Bu yaşda kim və nə üçün təəssüflənirsiniz?

– Bilmirəm bu pisdir, yoxsa yaxşı, amma bu yaşımda da utancaqlığımı, kövrəkliyimi ata bilmirəm. Buna görə çox divardan-divara çırpılmışam. Amma yenə də özümə “çox sağ ol” demişəm. Şikayət eləməmişəm. Çünki bu da bir yazı idi...

  Ömrünüzün az qala 60 ili sənətdə, səhnədə keçib. Bu illər sizə əsas nəyi öyrətdi?

– Dözüm, səbir və minnətdarlıq. Çünki it-bata da düşə bilərdim. Şan-şöhrətə aldanıb kimlərinsə yolunda qaratikan olmadım, cəbhələrə bölünmədim, qapılar kandarını ağartmadım, ad-san üçün sənət dostlarımla üz-göz olmadım. Özümdə ən çox sevdiyim cəhət də məhz budur: mən başqalarının uğuruna sevinə bilirəm. Mənimlə eyni vaxtda, hətta çox-çox sonralar gələnlər də yüksək fəxrin adları, mükafatları alıblar. Ürəkdən təbrik etmişəm, onların adına sevinmişəm. Sözsüz ki, taleyimlə barışaraq “yəqin belə lazımdır” da demişəm.

– Həm də zaman-zaman anlayırsan ki, sənətdə istedad və peşəkarlıqdan savayı şans da öz sözünü deyir.

– Özü də necə. Mütləqdir bu şans, alın yazısı. Neyləməli, buna da şükür. O şansı tutmalı və əlindən buraxmamalısan. Mənim ədəb-ərkanımsa həmişə buna mane olub. Heç vaxt məni qapılarda, kimlərinsə kabinetlərində, qəbullarında görməzsiniz. Bu günədək etməmişəmsə, bundan sonra da çətin. Hələ 1982-ci ildə ovaxtkı mədəniyyət nazirimizin “Tezliklə “Əməkdar artist” adını alacaqsınız” sözünü eşitdim. Moskvada mədəniyyət ongünlüyündə bu sözləri eşidəndə sevindiyimdən az qalırdım uçam. Amma o “Əməkdar artist” adını 2006-cı ildə aldım. Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin sərəncamı ilə. Min şükür.

– Yubiley ilində ovqatınız hansı notdadır?

– Lirik. Özü də müəllimimin oxuduğu avazda: “Bir könül sındırmışam”, “Yaz qatarı”, “Məhəbbət”. Yəni öz ruhuma uyğun...

– Həmişə belə kövrək olmusunuz, yoxsa yaş ötdükcə...

– Mənimki əzəldən belə gətirib: kövrək, boynu çiynində olan Firuzə. Rəhmətlik Şövkət xanım mənə tez-tez “Boynunu bükmə, düz, məğrur dayan. Bu qədər utancaq olma” deyirdi. Neyləyim, dəyişmədi xasiyyətim. Nə yaxşı dəyişmədi də...

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 8 mart, ¹(19).- S.7.