Kinorejissorun arxivində
dövlət başçılarından məktublar da var
Bir neçə ildir Dövlət Film Fondunda görkəmli
kino xadimlərinin şəxsi arxiv fondu yaradılır. Məqsəd
kino salnaməmizin sanballı səhifələrini qoruyub
saxlanılmasıdır. İndiyədək fonda Leyla Bədirbəyli,
Həsən Seyidbəyli, Şahmar Ələkbərov,
Gündüz Abbasov, Lətif Səfərov, Məlik Dadaşov
və başqa kino xadimlərinin arxiv sənədləri daxil
olub.
Bu günlərdə Xalq artisti, görkəmli
kinorejissor Tofiq Tağızadənin (1919–1998) şəxsi arxiv
materialları da bu zənginliyə qatılıb. Rejissorun 105
illiyi münasibətilə yaradılan şəxsi arxiv fondu
barədə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyevdən məlumat aldıq.
“Neçə müddət idi Tofiq Tağızadənin
də şəxsi arxivini yaratmaq haqqında
düşünürdük. Bu illər ərzində müəyyən
materiallar toplamışdıq. Onların bəziləri
kinematoqrafçılar, bəziləri sənət
dostları, bir qismi də mənim şəxsi arxivimdən
idi. Sonra əməkdaşımız Babək Abbaszadə Tofiq
müəllimin kürəkəni Əməkdar artist Firdovsi
Atakişiyevlə əlaqə saxlayıb sənətkarın
ailəsində qorunan sənədləri fond üçün
istədi. Firdovsi müəllim materialları məmnunluqla bizə
təhvil verdi. Düzdür, arxiv o qədər də geniş
deyil. Əldə nə olubsa, onu da təqdim edib. Bura fəxri
fərman və fotolar daxildir”, – deyə Cəmil Quliyev bildirdi.
Direktorun sözlərinə görə, sənədlərin
içərisində ən qiymətli olanlar Ulu öndər
Heydər Əliyevin və Türkiyənin keçmiş
prezidenti Süleyman Dəmirəlin rejissora təbrik məktublarıdır.
Digər kino xadimlərimizin “Azərbaycanfim”
kinostudiyasında saxlanılan əlyazma və rejissor ssenariləri
barədə danışan C.Quliyev deyir ki, həmin sənədlər
vaxtilə Milli Arxiv İdarəsinə təhvil verilib: “Vaxtilə
kinostudiyanın rəhbərliyi nəyi rəva bilibsə, onu
da Dövlət Film Fonduna təhvil verib. Hazırda bizə
daxil olan şəxsi arxiv fondları ayrı-ayrı şəxslərdən
əldə olunub. Fondda yalnız sənədlər
saxlanılır, burada filmlərin geyim rekvizitləri və s. əşyaların
saxlanılmasına texniki şərait yoxdur və bina bunun
üçün nəzərdə tutulmayıb”.
Qeyd edək ki, kinorejissor T.Tağızadə 1955-ci ildə
özünün ilk filmini – “Görüş” kinokomediyasını
çəkib. 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli
yer tutan r “Uzaq sahillərdə” filminə quruluş verir. Film
Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında
diploma layiq görülür. Bundan sonra T.Tağızadə
“Əsl dost” (1959), “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”
(1970), “Dədə Qorqud” (1975), “Babamızın
babasının babası” (1981), “Bağ mövsümü”
(1985), “O dünyadan salam” (1992) və s. filmlərə
quruluş verib.
Lalə Azəri
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.5.