Köhnə-yeni səhnələr
– uzunömürlü tamaşalar
151 yaşını tamamlayan Azərbaycan peşəkar
milli teatrının tarixində yüzlərlə, bəlkə
də minlərlə tamaşa olub. Ötən əsrin 20-ci
illərində dövlət teatrları şəbəkəsinin
təşəkkül tapmasından sonra isə teatrların
cari repertuarları daha sistemli və nizamlı şəkil
alıb. Tamaşa hazırlığı həm də bu sahədə
plana bağlanıb. Bu müddətdə bir (bir neçə)
mövsüm səhnədə qalan tamaşalar da olub, illərlə
göstərilib seyrçi rəğbəti qazananlar da.
Təbii ki, teatrlar hər zaman cari repertuara rəngarənglik
qatmaq, tamaşaçıların diqqətini cəlb etmək
üçün mütəmadi olaraq ona əl gəzdirirlər.
Üstəlik, mövcud qayda-şərtlərə görə,
sırf dövlət sifarişi ilə hazırlanan tamaşa ən
azı ona sərf olunan vəsaiti çıxarana qədər
cari repertuarda qalmalıdır. Hərçənd burada da suallar
yaranır. Əgər tamaşanın bir neçə
nümayişdən (aydan) sonra uğursuz olduğu
görünürsə, tamaşaçı (yetərincə)
cəlb etmirsə, niyə repertuarda saxlanılsın? Amma bu,
başqa bir yazının mövzusudur. İndilik isə,
mövzumuz teatrlarımızın repertuarındakı ən
yaşlı, necə deyərlər, qocaman tamaşalardır.
Milli teatr cameəsinin peşə bayramı (10 mart) ərəfəsində
bu mənzərəyə nəzər salmaq istədik...
Başlayaq Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrından.
Milli operamızın banisi Üzeyir Hacıbəylinin
səhnəmizi bir əsrdən çoxdur (fərqli
quruluşlarda) bəzəyən “Leyli və Məcnun”unu,
1937-ci ildə premyeradan sonra, demək olar ki, səhnədən
düşməyən (yenə fərqli rejissor yozumlarında)
“Koroğlu” kimi ölməz əsərlərini hesaba almasaq,
teatrın qocaman tamaşaları sırasında Cüzeppe Verdinin
“Aida” operası ilk sıradadır. Tamaşa 1965-ci ildə
gürcü rejissoru M.Kvaliaşvili tərəfindən
hazırlanıb və o vaxtdan səhnədədir. Hazırda
tamaşanın musiqi rəhbəri – dirijoru Xalq artisti
Yalçın Adıgözəlovdur. C.Verdinin “Riqoletto”
operası isə 1976-cı ildən (quruluşçusu
B.Massini) oynanılır.
Adolf Adanın əsrarəngiz “Jizel” baleti də
qocamanlar sırasındadır. 1961-ci ildə SSRİ Xalq
artisti Qəmər Almaszadə tərəfindən xoreoqrafik
quruluş verilən balet hələ də sevilərək
baxılır. İkipərdəli klassik baletin libretto müəllifləri
İ.Qotye, V.Sen-Jorja, J.Korallidir. Hazırda baletin dirijoru Əməkdar
artist Əyyub Quliyevdir.
Fikrət Əmirov yaradıcılığının
şah əsərləri sayılan ecazkar “Min bir gecə”
baleti isə 1979-cu ildə Əməkdar incəsənət
xadimi Nailə Nəzərova tərəfindən səhnələşdirilib
və mütəmadi oynanılır. Baletin librettosunu Maqsud və
Rüstəm İbrahimbəyovlar yazıblar.
***
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının ən köhnə tamaşası Xalq
yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və
qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə”dir.
Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş müəllifi
olduğu tamaşa 2011-ci ildən repertuardadır. Səhnə
tərtibatını Əməkdar rəssam İsmayıl Məmmədov
verib.
Teatrın uzunömürlü tamaşaları
siyahısında elə həmin ildə hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
da var. Mirzə Fətəli Axundzadənin ölməz əsərinə
quruluşu mərhum rejissor, Əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğlu vermişdi, səhnə tərtibatını
isə mərhum rəssam Rəşid Şerif
hazırlamışdı.
A.Saqarelinin “Xanuma”sı da 2011-ci ildə yeni
quruluşla teatrın səhnəsinə çıxıb.
Tamaşanın quruluşçu rejissoru Mikayıl
Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
***
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
1998-ci ildən yeni quruluşda repertuara daxil edilən “O
olmasın, bu olsun” (Üzeyir Hacıbəyli) ən
uzunömürlü tamaşa sayılır. İkihissəli
musiqili komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət
Səlimovadır.
Rauf Hacıyev yaradıcılığından “Talelər
qovuşanda” adlı ikihissəli operetta 2003-cü ildən cari
repertuardadır. Nümunənin quruluşçu rejissoru Faiq
Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı
İsmayıl Məmmədovdur.
Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı
isə 2009-cu ildən yeni quruluşda repertuara daxil edilib.
Operettanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.
Yaradıcı heyətdə həmçinin dirijor Fəxrəddin
Atayev (Əməkdar incəsənət xadimi),
quruluşçu rəssam Nabat Səmədova (Əməkdar rəssam),
quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər
(Əməkdar artistlər) və başqaları var.
Teatrın repertuarında uzun ömür qazanan uşaq
və yeniyetmələr üçün tamaşalardan
“Qızıl cücə” (V.Ulyanovski, V.Orlov; 1989-cu il) və
“Qırmızıpapaq” (E.Sabitoğlu, Y.Şvarts; 1994) da var.
***
Akademik Rus Dram Teatrının cari repertuarındakı ən
uzunömürlü tamaşa M.F.Axundzadənin 200 illik yubileyinə
töhfə olaraq hazırlanan və 2011-ci ildə səhnəyə
çıxan “Müsyö Jordan və dərviş Məstəli
şah”dır. Tamaşanın quruluşçu rejissoru Xalq
artisti Aleksand Şarovski, quruluşçu rəssamı Nikita
Sazanov (Rusiya), geyim üzrə rəssamı Əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfovadır. Xalq artisti Məbud Məhərrəmov
bu illərdə Müsyö Jordanı yorulmadan oynayıb.
***
Dövlət Gənc Tamaşaçılar
Teatrının repertuarının ən yaşlısı bu
günlərdə premyerasının 30 illiyini qeyd etdiyi “Bir dəlinin
qeydləri”dir. N.Qoqolun əsəri 1994-cü ildə Xalq
artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə
təqdim olunub. Əməkdar artist Şövqi Hüseynovun
oynadığı monotamaşa xarici festivallarda da uğurla
nümayiş olunur.
Uşaqlar üçün hazırlanan “Göyçək
Fatma” tamaşası da 2011-ci ildən bəri repertuardadır.
Azərbaycan xalq nağılı əsasında hazırlanan
tamaşaya Cənnət Səlimova quruluş verib.
“Mənim ağ göyərçinim” (Tamara Vəliyeva)
də teatrın repertuarındakı uzunömürlü
nümunələrdən sayılır. 20 Yanvar qurbanlarına
həsr olunan və 2013-cü ildə premyerası keçirilən
bu tamaşanın da quruluşçu rejissoru Cənnət Səlimovadır.
***
İrəvan Dövlət Azərbaycan Dram
Teatrının ən qocaman nümunəsi Əməkdar incəsənət
xadimi, şair-dramaturq Hidayət Orucovun “Məhəbbət
yaşayır hələ” əsəridir. 1976-cı ildə –
hələ teatr İrəvanda fəaliyyət göstərərkən
hazırlanan tamaşaya mərhum rejissor, pedaqoq Nəsir
Sadıqzadə quruluş vermişdi. Səhnə işi
2000-ci ildə isə mərhum Xalq artisti Vaqif Əsədovun
quruluşunda yenidən ərsəyə gəlib.
Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri
də 2014-cü ildən teatrın repertuarındadır.
İkihissəli xronoloji tarixi dramın quruluşçu
rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.
***
Şuşa Dövlət Musiqili Dram Teatrının ən
qocaman səhnə işi M.F.Axundzadənin 200 illik yubileyi
münasibətilə hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
(2012-ci il) tamaşasıdır. Tamaşanın
quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov,
quruluşçu rəssamı Xalıq Cabbarovdur.
Burada bir haşiyə də çıxım ki,
yaradıcı heyət 1992-ci ildə köçkün düşməzdən
öncə Ü.Hacıbəylinin “Arşın mal alan”
musiqili komediyasını da hazırlayıb Şuşada
nümayiş etdirib. Tamaşaya quruluşu Əməkdar artist
Yadigar Muradov verib. Quruluşçu rəssam Valeh Məmmədov,
rejissor köməkçisi Əməkdar artist Azad Məmmədov
olub.
***
Yuğ Dövlət Teatrının cari
repertuarındakı ən uzunömürlü nümunə
“Metamorfoza” tamaşasıdır. 2016-cı ildən
nümayiş olunan tamaşa yazıçı Saida
Haqverdiyevanın hekayələri əsasında rejissor
Günay Səttarın quruluşunda hazırlanıb. Səhnə
əsərində Oqtay Mehdiyev, Zümrüd Qasımova və
Elgün Həmidov çıxış edirlər.
***
30 illiyini qeyd edən Dövlət Pantomima
Teatrının ən çox oynanılan tamaşası isə
özü ilə yaşıd olan “Pantomima buketi”dir.
İfaçıları nəsillər keçdikcə dəyişən
səhnə işinin yaradıcısı Xalq artisti Bəxtyar
Xanızadədir. Tamaşanın quruluşçu rəssamı
Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı
Əməkdar artist Elman Rəfiyevdir.
***
93 yaşlı Azərbaycan Dövlət Kukla
Teatrının repertuarında da uzunömürlü
tamaşalar az deyil. Zaman-zaman kuklaların istismar müddətini
başa vurması səbəbindən repertuar yenilənsə
də, “Cik-cik xanım” öz “qocaman”lıq sırasını
heç kimə vermir. 2001-ci ildə Əli Səmədlinin
eyniadlı nağılı əsasında hazırlanan
tamaşaya mərhum kuklaçı, Əməkdar artist Ələkbər
Hüseynov quruluş verib. Quruluşçu rəssam Sənubər
Səmədova, bəstəkar Hikmət Mirməmmədlidir.
2010-cu ildən cari repertuara daxil edilən “O olmasın,
bu olsun” marionet kukla tamaşası da uzunömürlü
sayıla bilər. Ü.Hacıbəylinin eyniadlı
operettasına kuklaçı rejissor Elşad Rəhimzadə
quruluş verib. Quruluşçu rəssam Lətifə Quluzadə,
kukla ustası Rusiyadan dəvət olunmuş Tatyana
Melnikovadır. Onu da qeyd edək ki, tamaşada yeganə
canlı planı – Məşədi İbad obrazını mərhum
Xalq artisti Yaşar Nuri ifa edib.
***
Sumqayıt Dövlət Dram Teatrının cari repertuarında
olan ən uzunömürlü tamaşa M.F.Axundzadənin
“Müsyö Jordan və dərviş Məstəli şah”
komediyasıdır. Teatr 1969-cu il martın 14-də ilk dəfə
pərdəsini Cənnət Səlimovanın quruluş müəllifi
olduğu bu tamaşa ilə açıb. Tamaşanın
quruluşçu rəssamı İsmayıl Axundov, bəstəkarı
Emin Sabitoğlu olub. 1995-ci ildə isə teatrın baş
rejissoru Xalq artisti Firudin Məhərrəmov
əsərə yeni traktovka verib.
Həmidə
Mədəniyyət .-
2024.- 8 mart, №(19).- S.5.