Mədəniyyət
tariximizdə ilklərə imza atan qadınlar
Ötən yüzillikdə öz
yaradıcılıqları ilə Azərbaycan mədəniyyətində
silinməz iz qoyan, incəsənətin müxtəlif sahələrində
ilklərə imza atan qadın sənətkarlarımız
olub. Onların bir neçəsi haqqında qısa söhbət
açmaq istəyirik.
Rəssam Qeysər Kaşıyeva. 7 iyun 1893-cü ildə
Tiflis şəhərində dünyaya göz açan Qeysər
Seyfulla qızı Kaşıyeva məktəbli
çağlarından təsviri sənətə maraq göstərib,
bədii qurama və toxuma işləri hazırlayıb. Bir
gün Tiflisdə nəşr olunan “Molla Nəsrəddin”
jurnalının alman karikaturaçı rəssamı Oskar
Şmerlinq Qeysərin əl işlərinə baxır. Ona
Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin
nəzdində rəssamlıq məktəbində təhsilini
davam etdirməyi məsləhət görür. Həmçinin
cəmiyyətin sədri, rəssam Riçard Zommerdən Qeysər
Kaşıyevaya rəssamlığın sirlərini öyrətməyi
xahiş edir. Qeysər 1907–1908-ci illərdə burada mükəmməl
rəssamlıq təhsili alır.
Riçard Zommer Qeysərə təhsilini Moskvada davam
etdirməyi məsləhət bilsə də, o dövrdə
bir müsəlman qızının yad şəhərdə
oxuması çətin idi. Ancaq Qeysər
Kaşıyevanın şöhrəti gündən-günə
artır, müxtəlif sərgilərdə iştirak edir. O,
portret və mənzərə janrlarında “Azərbaycan
ziyalısı”, “Göl sahili”, “Qoca keşikçi”,
“Gürcü qızı”, “Ovçu” və s. əsərlər
yaradıb. Eyni zamanda “Şərq qadını” jurnalına
illüstrasiyalar çəkib.
Azərbaycanda, eləcə də müsəlman Şərqində
ilk peşəkar qadın rəssam hesab olunan Qeysər
Kaşıyeva 17 aprel 1972-ci ildə Bakıda vəfat edib. Rəssamın
bir çox əl işləri Azərbaycan Milli İncəsənət
Muzeyində saxlanılır.
***
Kinorejissor Qəmər Salamzadə. O, 5 may 1908-ci ildə
Naxçıvanda görkəmli satirik şair, publisist
Əliqulu Qəmküsarın ailəsində anadan olub. 1912-ci
ildə valideynləri Tiflis şəhərinə
köçür. Atası 1919-cu ildə menşeviklər tərəfindən
qətlə yetirilir. Qəmər əmisi, publisist, maarif xadimi
Rzaqulu Nəcəfovun himayəsində qalır. Orta təhsilini
başa vurduqdan sonra 1929-cu ildə Moskva Dövlət
Kinematoqrafiya Texnikumuna daxil olur. Məşhur kinorejissor Aleksandr
Dovjenkonun yanında təcrübə keçir. Təhsilini
bitirib Bakıya dönən Qəmər Salamzadə “Natəvan”
və “Nizami” qısametrajlı filmlərinin ssenarisini
yazır. 1944-cü ildə kinostudiyada həkim Hüsniyyə
Diyarova haqqında lentə alınan “Şəfa nəğməsi”
sənədli filminin ssenari müəllifi və rejissoru olur.
Onun sənət bioqrafiyasında “Qızıl kol”
(rejissor köməkçisi), “Əlsiz adamlar”, “Səbuhi”, “Bir ailə” filmləri (hər
üçündə rejissor assistenti) də var. Q.Salamzadə
20 aprel 1994-cü ildə vəfat edib.
***
Kinomexanik Nailə Bədəlova. 8 mart 1913-cü il
tarixdə Nuxa (indiki Şəki) şəhərində anadan
olan Nailə Bədəlova 1939-cu ildə Bakıda kinomexaniklər
kursuna yazılıb. Həmin il “Bakkommuna” kinoteatrında təcrübəçi
kimi əmək fəaliyyətinə başlayıb.
1940-cı ildən kinomexanik vəzifəsinə keçirilib.
1941–1945-ci illərdə, müharibə dövründə
Şəki şəhərindəki “Yeni yol” kinoteatrında, Zəyzid,
Kiş, Göynük kəndlərindəki kinoqurğularda
filmlər nümayiş etdirib. 1945–1946-cı illərdə
Bakı kinostudiyasında, 1948-ci ildə Bakı
kinoteatrında, 1949–1972-ci illərdə isə Nizami
kinoteatrında kinomexanik işləyib.
1946-cı ildə “Qafqazın müdafiəsinə
görə”, 1967-ci ildə “Əməkdə fərqlənməyə
görə” medalları ilə, müxtəlif illərdə fəxri
fərmanlarla təltif olunub. 27 may 2000-ci ildə Bakıda vəfat
edib.
***
Bəstəkar Ağabacı Rzayeva. İlk qadın bəstəkarlarımızdan
olan Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr
1912-ci ildə Bakıda dünyaya göz açıb.
Dövrünün məşhur tarzəni Mirzə Fərəcin
nəvəsidir. Ağabacı erkən çağlardan musiqiyə
maraq göstərir. Orta məktəbi bitirdikdən sonra
Pedaqoji Texnikuma qəbul olunur. Təhsilini 1929-cu ildə
başa vurub təyinatla Maştağa, Kürdəxanı və
Saray kəndlərində müəllimlik edir.
Həmin dövrdə Üzeyir Hacıbəyli
konservatoriyada Xalq musiqisi şöbəsi
açmışdı və ilk bəstələrini ərsəyə
gətirən Ağabacının da bu sahədə parlamaq
imkanı yaranmışdı. Ağabacı Rzayevanın “Gənc
vətənpərvərlər” marşını dinləyən
Üzeyir bəy gənc müəllifə konservatoriyanın Bəstəkarlıq
şöbəsinə daxil olmağı məsləhət
görür. O, əvvəlcə Üzeyir bəydən, daha
sonra Qara Qarayevdən bəstəkarlıq dərsləri
alır. Əsasən mahnı və romanslara diqqət
ayırır. Onun yazdığı uşaq mahnıları
“Kukla”, “Qaranquş”, “Balaca kapitan”, “Bakı metrosu”, “Qərənfiləm
mən”, “Ağ göyərçinim” və s. mahnıları
geniş şöhrət qazanır. Eləcə də “Evimizə
gəlin gəlir”, “Toy mahnısı”, “Telli sazım”,
“Şuşanın yolları” və başqaları musiqisevərlər
tərəfindən maraqla qarşılanır. O, eyni zamanda
bir çox mahnı və romansların, “Höcət eləmə”
(İsmayıl Quliyevlə birgə) musiqili komediyasının,
xalq çalğı alətləri orkestri, simli kvartet
üçün pyes və simfonik əsərlərin, İ.Nəsiminin
sözlərinə bəstələdiyi 7 romansın,
“Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar
ellər”, “Dilbərim” adlı xor əsərlərinin müəllifidir.
1960-cı ildə “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülən Ağabacı
Rzayeva 5 iyul 1975-ci ildə vəfat edib, II Fəxri xiyabanda dəfn
olunub.
***
Teatr rejissoru Ulduz Rəfili. 15 dekabr 1922-ci ildə Gəncədə
anadan olub. Məşhur Rəfibəylilər nəslindəndir.
İndiki Mədəniyyət və İncəsənət
Universitetinin Rejissorluq fakültəsində təhsil alıb.
1952-ci ildə Azərbaycanın ilk qadın teatr rejissoru kimi Gənc
Tamaşaçılar Teatrının rus bölməsində
işə başlayan U.Rəfili 1972–1975-ci illərdə
teatrın baş rejissoru olur. Burada Azərbaycan və rus
bölmələrində tamaşalar hazırlayır. O bu səhnədə
V.Hüqonun “Qavroş”, “Ümid nəğməsi”, “Hünər”,
S.Qədirzadənin “Şirinbala bal yığır”, “Xoruz”,
X.Əlibəylinin “Dovşanın ad günü”, K.Qoldoninin
“İki ağanın bir nökəri”, M.Təhmasibin “Rübailər
aləmində”, Anarın “Ötən ilin son gecəsi”,
S.S.Axundovun “Qaraca qız” və s. əsərlərə
maraqlı quruluşlar verib.
1975-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında pedaqoji fəaliyyət göstərən
rejissor burada S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”,
F.Əmirovun “Sevil”, Motsartın “Fiqaronun toyu” və s. əsərləri
uğurla səhnələşdirib.
Əməkdar incəsənət xadimi U.Rəfili 8
yanvar 2006-cı ildə Bakıda vəfat edib.
Mədəniyyət sahəsində uğurlara, o
cümlədən rəngarəng sənət aləmində
bu və digər ilklərə imza atan xanımlarımız,
sözsüz ki, adları sadalananlardan qat-qat çoxdur və
gələcəkdə də olacaq.
Savalan Fərəcov
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.1;5.