“Səni belə xatırladıq”
Unudulmaz aktyor Hamlet Xanızadə haqqında kitab təqdim
olundu
Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın
unudulmaz teatr və kino aktyoru, Əməkdar artist Hamlet
Xanızadənin (1941–1990) xatirəsinə həsr olunmuş
“Səni belə xatırladıq” kitabı çapdan
çıxıb. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi
ilə ötən il işıq üzü görüb.
Martın 7-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) nəşrin təqdimatı keçirildi.
Əməkdar mədəniyyət işçisi Rahib
Azərinin aparıcılığı ilə keçən təqdimatda
ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Sonra sənətkarın həyat və fəaliyyətini
əks etdirən videoçarx nümayiş olundu. Rahib Azəri
Hamlet Xanızadənin həyat və sənət yolu barədə
söhbət açdı. Tədbir boyu aktyorun sənət
dostları və ailə üzvləri onunla bağlı xatirələrini
və ürək sözlərini bölüşdülər.
Kitabın redaktoru, yazıçı Mustafa Çəmənli
nəşrin ərsəyə gəlməsində göstərdiyi
dəstəyə görə Mədəniyyət Nazirliyinə
minnətdarlığını bildirdi.
Teatrşünas, professor Məryəm Əlizadə,
Xalq artistləri Əbdül Mahmudov, Hacı İsmayılov,
“ASAN Radio”nun direktoru Emin Musavi çıxış edərək
aktyorun özünəməxsus sənətkarlığından
danışdılar.
Vurğulandı ki, Hamlet Xanızadə
yaradıcılığı Azərbaycan
teatr sənətinin parlaq səhifələrindən birini təşkil
edir. O hər an dəyişən, yeniləşən aktyor
idi. Qeyd olundu ki, aktyor haqqında düşünəndə
ilkin olaraq tamaşaçının gözləri
önündə Topal Teymur obrazı canlanır. Sənətkar
Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli
yığıncağı”, Nəriman Həsənzadənin
“Atabəylər”, Nazim Hikmətin “Şöhrət və
unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal
Teymur”, Səməd Vurğunun “Vaqif”, Vilyam Şekspirin “Antoni və
Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” və
s. əsərlər əsasında hazırlanmış
tamaşalarda müxtəlif xarakterli obrazları böyük sənətkar
məharəti ilə yaradıb.
Kino salnaməmizdə də iz qoyan aktyor “Yeddi oğul
istərəm”, “Qətl günü” və s. filmlərdə
yaratdığı parlaq obrazlarla yaddaşlara
köçüb.
Sənətkarın bacısı Ofeliya Xanızadə
qardaşı ilə bağlı xatirələrini
bölüşdü, kitabın ərsəyə gəlməsində
zəhməti olanlara təşəkkür etdi. Bildirdi ki,
evini bu gün də qardaşının fotoları bəzəyir
və həmin şəkillərlə danışır, dərdləşir.
Atasının onlara Şekspirin məşhur qəhrəmanlılarının
adını qoyduğunu deyən Ofeliya xanım əmisi
uşaqlarına da Azərbaycan
yazıçılarının məşhur qəhrəmanlarının
adının verildiyini qeyd etdi.
Sonda Jalə Cəfərova çıxış edərək
kitabın ərsəyə gəlməsində əməyi
keçən hər kəsə təşəkkür etdi:
“Hamlet Xanızadə 1990-cı ilin 20 Yanvar hadisələrindən
sarsılaraq dünyasını dəyişib. Bu gün zalda
şəhid anaları iştirak edir. Onlar sənətkarın
xatirəsinə ehtiram olaraq tədbirə qatılıblar”.
Müəllif bildirdi ki, kitabda aktyorun sənət
dostlarının, doğmalarının, eləcə də sənətşünasların
xatirələri yer alıb. Kitabda həmçinin aktyorun
ömür yolunu, səhnə və kino fəaliyyətini əks
etdirən foto və sənədlər toplanıb.
Tədbir boyu aktyorun oynadığı tamaşaların
lent yazılarından və çəkildiyi filmlərdən
fraqmentlər təqdim olundu. BMM-in solistlərinin və Əməkdar
artist Teymur Əmrahın ifasında musiqi nömrələri səsləndi.
Lalə
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.1;2.