“Baxış – 4”
festivalında daha bir tamaşa
Özünü sənətdə sevənlərin
“Akkompaniator”u
Azərbaycan Teatr Xadimləri İttifaqında
(ATXİ) fəaliyyət göstərən laboratoriyaların
“Baxış – 4” festivalının (4–7 mart)
üçüncü tamaşası teatr aləminə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının iki
aktyorunu fərqli cəhətdən tanıtdı.
Rejissorluq təhsili alsa da, daha çox aktrisa kimi
tanıdığımız Xəyalə Meydanova fransız
müəllif Marsel Mituanın “Akkompaniator” pyesini tamaşaya
qoyub. Pyesi Azərbaycan dilinə Ayla Osamanova çevirib.
Monotamaşada GTT-nin aktyoru Ramil Məmmədov
çıxış edir. Səsini, vücudunu, üz cizgilərini
məharətlə idarə edən gənc aktyor, əslində,
bir tamaşada iki rolda çıxış edir.
Qəza üzündən solo ifaçılıqdan
uzaqlaşıb akkompaniator, yəni müşayiətçi
kimi çalışmağa məcbur qalan Kişi konsertə
gecikən Müğənni ilə bağlı qəribə əhvalat
uydurur ki, tamaşaçılar salonu tərk etməsin.
Peşəsinin kölgədə qalmasından inciyən
Akkompaniator hər məqamda onu üstələyən,
tamaşaçıların alqışlarını təkbaşına
mənimsəyən müğənnini boğub
öldürdüyünü deyir. Həm də öz fikrini elə
əsaslandırır ki, adamın səhnə arxasında faciə
baş verdiyinə inanmağı gəlir. Sonradan məlum olur
ki, Müğənni, sadəcə, tıxaca
düşdüyü üçün konsertə gecikir.
İstedadından daha çox şayiə və hoqqalarla
gündəmdə qalmaq istəyən şou-biznes təmsilçilərindən,
ucuz şöhrət axtaranlardan eşitdiyimiz əhvalatlar
adamın yadına düşür. Axır ki,
özünü konsertə çatdıran Müğənni
(Ramil Məmmədov) səhnədə elə bir performans sərgiləyir
ki, gördüklərinin fransız müəllifin qələmindən
çıxdığını, yaxud rejissor xanımla musiqi tərtibatçısı
Aygül İbrahimovanın fantaziyası olduğunu, yoxsa
aktyorun improvizəsi olduğunu kəsdirə bilmirsən.
Əsərin əsas qayəsini isə – səhnə
adamının göz yaşı içində
gülüş ömrü yaşadığını
anlayırsan. Üstəlik, bu ömrü yaşamağı
seçənlər sənəti özündə yaşatmaq
istəyənlər yox, özünü sənətdə
yaşatmaq istəyənlərdir.
Martın 7-də “Baxış – 4”də sonuncu səhnə
əsəri – Stanislav Stratiyevin eyniadlı pyesi əsasında
“Avtobus” tamaşası oynanıldı. Əsəri tərcümə
edən və quruluş verən Məhəmməd Verdizadədir.
Festivala 10 mart – Milli Teatr Günündə yekun
vurulacaq.
Gülcahan
Mədəniyyət
.- 2024.- 8 mart, ¹(19).- S.2.