Türk dünyasının ilk
qadın hökmdarı rənglərin işığında
“Tomris” sərgisində qardaş ölkələrin rəssamlarının
işləri nümayiş olunub
Martın 5-də Heydər Əliyev Mərkəzində
Türk dünyası rəssamlarının “Tomris” adlı
beynəlxalq sərgisinin açılışı
keçirilib. Sərgi Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
birgə təşkilatçılığı ilə
gerçəkləşib.
Sərginin məqsədi qədim Azərbaycan-türk
qədim dövlətçilik tarixinin simvollarından biri,
Massaget hökmdarı, qəhrəmanlıq, ədalət
örnəyi kimi qəbul olunan Tomris obrazının təsviri
sənətdə inikasını göstərməkdən
ibarətdir.
Tədbirdə dövlət və hökumət rəsmiləri,
millət vəkilləri, Mədəniyyət Nazirliyinin məsul
şəxsləri, tanınmış mədəniyyət, incəsənət
xadimləri və digər qonaqlar iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına
ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına
aiddir. Erkən dövrdə Avropa monastırlarında, Herodotun
“Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə
Rubens, Kastano, Centileski və s. rəssamların
yaradıcılığında Tomris obrazı əksini
tapıb.
Diqqətə çatdırılıb ki, XX əsrin
ortalarından başlayaraq, təsviri sənətdə Tomris
obrazı türk bədii mühitində yenidən
canlanır.
Uzun müddət türk sənət
dünyasının bir çox nümayəndələri
Tomris obrazına müraciətlərində yerli bədii
xüsusiyyətlərlə yanaşı, onun ümumtürk
mahiyyətini də vurğulamağa
çalışıblar. İlk dəfə olaraq TÜRKSOY-a
üzv ölkələrin rəssamları tərəfindən
yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni
dəyərləri müstəvisində təqdim edilir.
TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq
Qadınlar Günü ərəfəsində keçirilən
sərginin Türk dünyası xalqlarının qadınlara
verdiyi önəmin təzahürü olduğunu bildirib:
“Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda
təşkil edilməsi heç də təsadüf deyil.
Tarixi məlumatlara görə, Tomris xatın bu torpaqlarda
yaşayıb və Türk dünyasının ilk qadın
hökmdarı ünvanını alıb. “Tomris” sərgisi
Türk dünyasının, birliyimizin, dostluğumuzun
simvoludur...”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın
əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi
ifadə edir: “Bu cür tədbirlərin keçirilməsi
ortaq köklərə sahib olan türk xalqları arasında
körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə
iştirakınız üçün hər birinizə təşəkkürümü
bildirir, sizləri türk xalqlarının sənət
dünyasından zövq almağa dəvət edirəm”.
Qazaxıstan Rəssamlar İttifaqının
üzvü Botagöz Toleş, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar
İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab
Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin
əhəmiyyətini vurğulayıb, sərginin təşkilində
əməyi keçənlərə təşəkkür
ediblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən
sərgidə əsərləri nümayiş olunan rəssamlara
mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət
Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq
görülüb.
Sonda qonaqlar sərgi ilə yaxından tanış
olublar.
Qeyd edək ki, sərgidə Mərkəzi Asiya,
Türkiyə və Azərbaycanı təmsil edən 20-dən
çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov,
Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov
(Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov,
Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın
Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı
Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və
başqalarının son 30 ildə ərsəyə gətirdikləri
30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq
əsəri yer alıb.
Nurəddin
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.1;3.