Səhnə
arxasında son görüş
“Teatr gərək öz yüksək simasını həmişə
saxlasın”
Mədəniyyətimizin böyük hamisi Heydər
Əliyev teatr sənətinə xüsusi diqqət
ayırırdı. Dövlət rəhbərliyində
olduğu bütün dövrlərdə, özəlliklə
də müstəqil Azərbaycana prezidentliyi zamanı gərgin
iş qrafikindən, bir gündə bəzən bir neçə
rəsmi görüş və toplantılardan vaxt tapdıqca
teatra da gedir, yeni tamaşalara baxırdı. Hər
tamaşadan sonra da adəti üzrə səhnə arxasına
keçərək yaradıcı heyətlə səmimi
atmosferdə görüşər, fikirlərini
bölüşər, sənət adamlarının
qayğıları ilə maraqlanar, onların da fikirlərini
dinləyərdi.
2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında Vilyam Şekspirin “Hamlet” faciəsi yeni
quruluşda səhnəyə qoyulmuşdu. Tamaşaya görkəmli
rejissor mərhum Azər Paşa Nemətov quruluş
vermişdi. Ulu öndər Heydər Əliyev həmin ilin 7
dekabrında teatra gələrək tamaşaya baxdı, sonra
yaradıcı heyətlə söhbət etdi. Budəfəki
söhbət əvvəlki belə səhnəarxası
görüşlərdən, bəlkə də, daha çox
çəkmişdi. Azərbaycan teatrı, ümumilikdə teatr
sənəti, repertuar seçimi, bədii tərtibat,
ayrı-ayrı aktyorların oyunu – söhbətin mövzu əhatəsi
də geniş idi.
Bu, Heydər Əliyevin teatr xadimləri ilə son
görüşü idi...
Azərbaycan peşəkar milli teatrının
yaranmasının 151-ci ildönümü, 10 mart – Milli Teatr
Günü ərəfəsində həmin söhbətin mətnini
oxuculara təqdim edirik.
***
7 dåêàbr 2002-ci il, Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrı.
Heydər Əliyev: Sizinlə yenidən
görüşümdən çox məmnunam. Xeyli vaxt idi
ki, teatra gəlmək ya mümkün deyildi, yaxud da ki, siz
çağırmırdınız. Hər halda, mən sizin
teatrı həmişə sevmişəm, tamaşalara gəlmişəm.
“Hamlet” tamaşasının göstəriləcəyini
eşitdim, maraqlandım. Dedilər ki, tamaşa çox
yaxşı hazırlanıbdır. Yaxşı quruluşu
var, yaxşı ifa edirlər. Təbiidir ki, bu, Azərbaycanın
teatr həyatında, mədəni həyatında böyük
hadisədir. Çünki klassiklərin əsərləri həmişə
yaşayır. Daim yaşayan əsərlər var. Əsərlər
var ki, müəyyən dövrə həsr olunub, ancaq o
dövrdə yaşayır, yaşaya bilir. Klassiklərin əsərləri
isə həmişə yaşayır. Xüsusilə
Şekspir yaradıcılığı, onun əsərləri...
İndi Azərbaycan teatrının 130 illik yubileyinə
hazırlaşırıq. Azərbaycan teatrı vaxtilə, hələ
çox onilliklər bundan öncə Şekspirin əsərlərinə
müraciət edibdir. “Hamlet” Azərbaycan səhnəsində
otuzuncu illərdə çox uğurla göstərilibdir. Mənə
belə gəlir ki, Abbas Mirzə Şərifzadə Hamlet
rolunu ilk oynayan bizim görkəmli aktyorlarımızdan biri
olubdur. Deyirlər ki, sonralar da bu əsər dəfələrlə
göstərilibdir. Elçin Əfəndiyev (Baş nazirin
müavini – red.) buradadır, yoxsa yox? O, məlumat verdi ki,
“Hamlet” Azərbaycan səhnəsində dördüncü dəfədir
ki, qoyulur.
Elçin Əfəndiyev: Bəli, dördüncü
dəfədir...
Heydər Əliyev: Təbiidir, ola bilər ki, bu
azdır. “Hamlet” əsəri bizim səhnəmizdə çox
göstərilsəydi, teatrımız üçün daha
yaxşı olardı. Ancaq bunlar tarixdir, hər şey arxada
qalıb, olanlar barədə heç nə demək olmaz.
Əsas odur ki, indi siz Şekspir
yaradıcılığına yenidən müraciət
etmisiniz. Onun ən görkəmli əsərlərindən
birini – “Hamlet” faciəsini səhnəyə qoymusunuz.
Otuzuncu illərdə “Hamlet” bizim sevimli pyeslərimizdən
biri idi. Burada bizim nəsildən olan adamlar var, yəqin salonda
da belələri vardı. Mən Hamleti Abbas Mirzə Şərifzadənin
ifasında görmüşəm. Sonralar da “Hamlet” əsəri
şəxsən məni həmişə
maraqlandırıbdır. Bu pyesi Moskvada tamaşaya qoyublar, mən
onu görmüşəm. Nəhayət, film vardı, məşhur
aktyor Smoktunovski Hamlet rolunu çox gözəl ifa edirdi.
Biz bunların hamısını müəyyən qədər
yada salarkən deyə bilərik ki, dünyada, ola bilər,
yüzə qədər quruluşda “Hamlet” tamaşası
olsun. Hər rejissor, hər aktyor onu özünün bildiyi
kimi göstərir. Amma bunun əsası Şekspirin
yaradıcılığıdır, onun fəlsəfəsidir.
Bu, böyük bir fəlsəfədir. Şekspir həmişə
ona görə yaşayır ki, onun hər bir əsəri
özündə fəlsəfi fikirlər daşıyır.
Ona görə də mən çox məmnunam ki, siz bu əsəri
səhnəyə qoymusunuz. Əgər siz gələcəkdə
də belə əsərləri unutmasanız, yaxşı
olar. Çünki hansısa günə aid olan əsərlər
gəldi-gedər əsərlərdir. Mən demirəm ki, siz
onlardan imtina edəsiniz. Hər günün tələbini də
ödəmək lazımdır. Ancaq teatr teatrdır.
Bilirsiniz, teatr gərək öz yüksək simasını həmişə
saxlasın.
Biz Azərbaycan teatrı ilə fəxr edirik. Mən
bunu dəfələrlə demişəm. Siz bilirsiniz ki, Azərbaycan
teatrının 100 illik yubileyində mən Respublika
sarayında məruzə ilə çıxış etmişəm.
Sonra mənə dedilər ki, “Sən respublikanın rəhbərisən,
teatrşünas deyilsən, nə üçün məruzə
edirsən?”. Dedim ki, məruzə etdim və hər halda,
teatrşünaslardan pis etmədim. Bu, qəzetlərdə
qalıbdır, arxivlərdən tapmaq olar. Mən bunu niyə
deyirəm? Çünki bizim teatr, həqiqətən, klassik
teatrdır. Əgər klassik teatr olmasaydı, bu qədər
yaşaya bilməzdi. Teatrı belə yaşatmaq
lazımdır.
İndi mən görürəm ki, siz bu
addımları atırsınız. Mən bunu bəyənirəm.
Bu barədə sizə yardımçı olmağa
hazıram ki, bizim teatrımızın səviyyəsini getdikcə
yüksəldəsiniz.
Bugünkü tamaşa haqqında indi nə deyə
bilərəm? Quruluşçu rejissora (Azər Paşa Nemətov
– red.) təşəkkür edirəm, əsərə
çox yaxşı quruluş veribdir. Çox gözəl
musiqi müşayiəti var. Siyavuş Kərimi çox
qeyri-adi, müasir bəstəkardır.
Keçmişdə “Hamlet” tamaşasında dekorasiyalar
vardı. Özü də zəngin dekorasiyalar, sarayların
dekorasiyaları vardı, onları bilirsinizmi? Siz gəncsiniz, yəqin
görməmisiniz. Amma mən bunu görmüşəm.
Ümumiyyətlə, bizim həmin teatrımızda –
keçmişdə o, Musiqili Komediya Teatrının yerində
idi – böyük-böyük dekorasiyalar vardı. Ona görə
də – bayaq dedilər ki, tamaşa 4 saat davam edəcək – o
vaxt 6 saat çəkirdi. 4-5 pərdə... Bir pərdə
oldu, fasilə, gərək dekorasiyalar dəyişiləydi.
Amma indi burada dəyişiklik var, dekorasiya yoxdur.
Dekorasiyasız da pis deyil, bəlkə daha da
yaxşıdır. Ona görə də mən bu barədə
rəssamların (Elçin Məmmədov, Nazim Bəykişiyev
– red.) işini qeyd etmək istəyirəm. Çox
yaxşı bədii tərtibat veriblər. Bunlar, deməli,
tamaşanın təşkilatçılarıdır.
O ki qaldı tamaşanın ifaçılarına, hamınız
çox yaxşı oynadınız. Özü də bu
tamaşada məni sevindirən odur ki, – burada siz azsınız
– səhnədə çoxlu adamlar vardı.
Çox gözəldir ki, belə kütləvi səhnələri
olan bir tamaşa yaratmısınız. Ancaq bu tamaşanın
bütün ağırlığı, təbiidir ki, Hamlet
rolunun ifaçısının üzərinə
düşübdür.
Fuad Poladovu mən 1970-ci illərdən yaxşı
tanıyıram. Elə bu səhnədə çox gözəl
rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir
və deyə bilərəm ki, bu rolu çox məharətlə
oynadı. Fuad, mən səni təbrik edirəm.
Çünki bu dörd saatın, demək olar ki, xeyli hissəsini
Hamletin monoloqları, danışıqları təşkil
edir. Şekspir əsəri belə yaradıb, başqa cür
etmək olmaz. Ancaq kim bu rolu ifa etmək istəyirsə, bu
ağırlıq onun üzərinə düşür. Kim bu
ağırlığı necə daşıyırsa, o,
başqa məsələdir, bu fərqlidir.
Mən hesab edirəm ki, bu gün Fuad Poladov Azərbaycan
teatrında Hamlet rolunu çox məharətlə ifa etdi. Yenə
də deyirəm, mən səni təbrik edirəm. Güman
edirəm ki, gələcəkdə də klassik əsərlərdə
belə rolları ifa etməkdə davam edəcəksən.
Bu çox faydalıdır, cəmiyyət
üçün faydalıdır. Hər bir rolu ifa etməyin
çətinliyi var. Amma belə rolu ifa etmək, təbiidir
ki, aktyordan böyük istedad, məharət, bilik tələb
edir. Çünki ifa etdiyin surətin daxili aləmini dərk
edə bilməsən, əsərin fəlsəfəsini duya
bilməsən, əlbəttə ki, bu rolu oynamaq mümkün
deyildir. Bunların hamısını biz bu gün
gördük.
Bu pyes belədir ki, burada bir rol hamısından fərqlənir.
Ona görə də başqa rolu Fuadın ifası ilə
müqayisə etmək mümkün deyildir. Ancaq mən
çox məmnunam ki, məsələn, Kraliça rolunun
ifaçısı (Sənubər İsgəndərli – red.)
da çox gözəl çıxış edirdi. Bu rolun
ifaçısını mən əvvəllər görməmişdim,
bu qızı birinci dəfədir ki, görürəm.
Xülasə, çox yaxşı çıxış
edirdi. Ofelya rolunun ifaçısı (Məsmə
Aslanqızı – red.) da çox gözəl
çıxış edirdi. Bu qadın rollarını
xüsusi qeyd edirəm. Bilirsiniz, bu rollar bizim Azərbaycan həyatının
xüsusiyyətinə uyğun rollar deyildir. Çünki bu
rolların hamısı Danimarkanın, İngiltərənin o
dövrdəki həyatı ilə bağlıdır.
Bunları məhz o cür göstərmək, yəni həmin
surətləri “azərbaycanlaşdırmamaq” əsas şərtdir,
məsələ bundadır. Əgər kimsə Şekspiri
istəsə azərbaycanlaşdırsın, bu, əlbəttə
ki, mənfi nəticə verəcəkdir.
Dünən maestro Niyazinin 90 illik yubileyi idi. Mən
orada çıxış edib xatirələrimi
danışarkən dedim ki, Niyazi bütün başqa
istedadı ilə yanaşı, bizim Azərbaycan bölgələrinin
ləhcələrini çox gözəl
yamsılayırdı. O çox gözəl aktyor idi. Məsələn,
Şəki ləhcəsini, yaxud da ki, Gəncə, Qarabağ
ləhcəsini... Mənim yadımdadır – biz ailəvi dost
olmuşduq – bir dəfə o danışırdı ki, Şəki
teatrında tamaşaya qoyulmuş “Otello”da Şəki ləhcəsi
ilə deyilirdi: “...Mənim ciyimin yaylığı necə
oldu?” Rolu azərbaycanlaşdırmaq olmaz. Ona görə də
Fuadın da, bu qızların da ifasında mən məhz o
ölkənin, həmin xalqın xüsusiyyətlərini hiss
etdim. Bu da bunların əsərə çox ciddi
yanaşmasının nəticəsidir.
Sonra əsərdə, əlbəttə ki, Kral surəti
var. Rafael, çoxdandır ki, səni səhnədə
görmürdüm, sən harada idin, yox idin. Yayda səni bir dəfə
çimərlikdə görmüşəm. Bazar günü
mən çimərliyə getmişdim ki, görüm insanlar
necə istirahət edirlər. Qəflətən getdim,
heç kəs bilmirdi. Gəlmişdim çimərliyə,
Buzovna çimərliyi idi, yoxsa?...
Rafael Dadaşov: Buzovna yox, Zuğulba çimərliyi
idi.
Heydər Əliyev: Hə, Buzovna ilə Zuğulba
arasındakı çimərlik idi. Oturdum, bir az çay
içdim, su içdim, bir az söhbət etdim. Bir də
gördüm ki, Rafael anası ilə gəlir. Rafaelin anası
Sofiya Azərbaycanın Xalq artistidir. Onun anası da artist idi.
Naxçıvanda 1930-cu illərdə teatr çox
güclü idi. Güclü artistlər vardı. Orada da
baş rolları iki-üç aktrisa oynayırdı.
Onların da biri Xədicə xanım Qazıyeva idi. Xədicə
Qazıyeva da orada aktyorlardan hansınasa ərə getdi. Ondan
da Rafaelin anası Sofiya doğuldu. Sofiyanı uşaqlıqdan
tanıyıram. İndi görürsünüzmü, mən
sizə hansı tarixi söyləyirəm.
Xədicə xanımın gözəl
çıxışları olurdu. Orada yaxşı aktyorlar
vardı, məsələn, İsa Musayev, ən gözəl
aktyor Miribrahim Həmzəyev idi.
Rafael Dadaşov: Bəli, Miri müəllim...
Heydər Əliyev: Miribrahim Həmzəyev. Zəroş
xanım – Miribrahim Həmzəyevin xanımını
oynayırdı. Bəli, Rafaelin anası və nənəsi də
teatr sənəti ilə bağlıdırlar. Səni orada
gördüm, amma teatrda yox idin. Sonra eşitdim ki, “Hamlet”də
oynayırsan, dedim çox yaxşı ki, buraya gəlmisən.
Amma çox belə cüssəlisən... Yəqin ki, idmanla məşğul
olmusan. Hə? Daş qaldırmısan, ya nədirsə...
Rafael Dadaşov: Yəqin ki, bu, ifa etdiyim rola uyğun
olar.
Heydər Əliyev: Bəli, Kral da... Doğrudan da,
Şekspir bu faciəni necə yaradıbsa – mən bu əsəri
birinci dəfə deyil ki, görürəm – hər dəfə
adamda çox böyük təəssürat doğurur. Mənə
dedilər ki, tamaşaya iki saat baxacaqsan. İki saat elə
keçdi ki, heç xəbərim olmadı. İkinci pərdə
qısa oldu. Mən burada nə qədər oldumsa,
yorulduğumu hiss etmədim. Biz buraya yorulmağa gəlmirik.
Əksinə, istirahət etməyə gəlirik. Mən tam
istirahət etmişəm. Çünki bu çox
güclü əsərdir. Əsərə ki,
alışırsan, onda, həqiqətən, istirahət edirsən.
Səni də təbrik edirəm, bu teatra gəlmisən.
Güman edirəm ki, teatrdan ayrılmaq lazım deyildir.
Bu gün görürəm, qarşımda durublar, Səyavuş,
Yaşar... Siz həmişə çox yaxşı
oynayırsınız. Elə aktyorlarsınız ki, sizin
haqqınızda nə qədər desək, yenə söz
qurtarmayacaqdır. Amma bu dəfə xüsusi rollar
oynayırsınız. Məsələn, Səyavuş elə
həmişə adamı güldürür. Amma bu dəfə
elə bir rol (Poloni – red.) oynayırdın ki, onun da öz
xüsusiyyəti var.
Səyavuş Aslan: Məni zorla oynatdılar...
Heydər Əliyev: Yox əşşi... Amma
yaxşı oynayırdın. Qəbirqazan surətini də
Yaşar yaxşı oynayırdı. Çox yaxşı
oynayırdınız. Daha kimi deyim? Hamınız yaxşı
oynayırdınız. Elədir, yoxsa yox?
Gənclər də, təbiidir ki, inkişaf edirlər.
Mən bunu görürəm. Bu gün tamaşada mən
çoxlu gənc ifaçı gördüm, gənclər
gördüm. Demək, bu teatra gənc aktyorlar gəlib. Onlar
çoxdurlar.
Əliabbas Qədirov (teatrın bədii rəhbəri
və direktoru Xalq artisti): Bəli. Teatra gənclər cəlb
olunur.
Heydər Əliyev: Teatra gərək gənclər gəlsin.
Gənclər gəlsin ki, onlar Səyavuşun, Yaşarın,
o birilərin işlərini davam etdirsinlər. Fuad özü
hələ cavandır. Doğrudan, mən səni
çoxdandır ki, görmürəm, dəyişilməmisən.
Özünü yaxşı saxlamısan. Çoxdandır,
gör nə vaxt idi, mən səni 1970-ci illərdə səhnədə
görmüşəm. 20 ildir, 20 ildən də çoxdur...
Amma bu 20 ildə heç dəyişilməmisən.
Ovaxtkı kimisən.
Səyavuş Aslan: Heydər müəllim, Rus Dram
Teatrında işləyir, buraya dəvətlə gəlibdir.
Heydər Əliyev: Burada işləmir?
Səyavuş Aslan: Yox, burada işləmir. Amma
arzumuzdur ki, bizimlə işləsin, ona yalvarırıq,
deyirik, indi nə vaxt qayıdacağını bilmirik.
Heydər Əliyev: Artistlərin bu işinə
qarışmaq olmaz.
Əliabbas Qədirov: Mən onu dəvət etmişəm.
Heydər Əliyev: Mən bu məxluqu yaxşı
tanıyıram. Çünki dəfələrlə demişəm,
mən özüm teatr həvəskarı olmuşam, lap gənc
vaxtımda, Naxçıvanda dram dərnəyində mən də
çıxışlar etmişəm. Miribrahim Həmzəyev
bizim dram dərnəyinin rəhbəri idi. Sonra burada,
Bakıda, Azərbaycan Sənaye İnstitutunda oxuyanda da bizim
dram dərnəyimiz vardı. Mən orada da
çıxış etmişəm. Hətta bir dəfə
“Hamlet”dən bir pərdə hazırlamışdılar, mən
də özüm bacardığım kimi çıxış
etdim. Yəni bilirəm ki, bu artistlər xüsusi məxluqdur.
Onların işinə qarışmaq olmaz. Onları gərək
başlı-başına buraxasan. Nə edirlərsə, qoy
etsinlər. Bu teatrdan çıxıb başqa teatra gedirlər.
Bu sizin öz işinizdir. Keçmişdə bu teatrdan da gedən
olubdur. Rəhmətlik Mehdi Məmmədov neçə dəfə
buradan getmiş və neçə dəfə də buraya
qayıtmışdı. Yadınızda deyilmi? O da Rus Dram
Teatrına getmişdi. Elədirmi?
Əliabbas Qədirov: Bəli, opera teatrına da
getmişdi.
Heydər Əliyev: Opera teatrına, Rus Dram Teatrına
da getdi. Sonra mən onu 1970-ci illərdə buraya gətirdim,
dedim gəl bu teatra. Gəldi, burada baş rejissor oldu.
Özü də oynayırdı, yadımdadır, Xəyyamı
çox oynadı.
Əliabbas Qədirov: “Meşşanlar”da, “Canlı
meyit”də...
Heydər Əliyev: Bəli, “Canlı meyit”də... “Xəyyam”
mənim xatirimdə çox yaxşı qalıbdır, “Xəyyam”
pyesini qoydu, elədirmi?
Əliabbas Qədirov: Elədir.
Elçin Əfəndiyev: “İnsan”da da oynadı.
Əliabbas Qədirov: 1969-cu ildə...
Heydər Əliyev: Mən xahiş etdim, o, Səməd
Vurğunun “İnsan” pyesini tamaşaya hazırladı.
İndi kim-kimə yalvarır, bu sizin öz
işinizdir, mənim işim deyildir. Əgər Fuad Rus Dram
Teatrındadırsa, bir gün gedəcəyəm, orada görəcəyəm.
Bəlkə Səyavuş, sən də Rus Dram Teatrına gəldin.
Sənin özün gah orada – Musiqili Komediya Teatrındasan, gah
buradasan. Belədir də. Bu tamamilə təbii haldır. Bunu
heç kəs heç kimə irad tutmasın. Hesab edirəm
ki, bu, təbii haldır.
Bir sözlə, hamınız bu gün bu ağır
tamaşanı göstərdiniz. Mən çox məmnunam ki,
sizin bu teatrda da öz içərinizdən çıxan
direktorunuz var. Sən həm teatrın bədii rəhbərisən,
həm də direktorusan?
Əliabbas Qədirov: Bəli.
Heydər Əliyev: Daha bunu tərifləməyə
ehtiyac yoxdur. Bilirsiniz də, bu da böyük rollar
oynayıbdır, indi də teatra başçılıq edir və
yaxşı başçılıq edir.
Son dəfə mən sizin maaşlarınızı da
artırdım, bilirsiniz də.
Səyavuş Aslan: Çox sağ olun. Sizin
sağlığınız bizim teatr üçün hər
şeydir. 22 nəfərə də Prezident mükafatı təyin
etmisiniz.
Heydər Əliyev: Özü də hərəyə
2 milyon manat (2006-cı il denominasiyasından sonra 400 AZN –
red.)... Hə?
Əliabbas Qədirov: Bəli, 22 nəfərə iki
milyon, milyon yarım, ən azı bir milyon manat Prezident
mükafatı vermisiniz.
Heydər Əliyev: İndi Azərbaycanda heç kim
dövlətdən bu qədər pul almır. Başqa yerdən
alanlar var.
Səyavuş Aslan: Heydər müəllim, 3-4 nəfər
də yaxşı gənc aktyorlarımız var, işləyirlər.
Onların fəxri adları yoxdur.
Heydər Əliyev: Sən bunu dedin, mən Fatma
xanıma (Prezident Administrasiyasının şöbə
müdiri Fatma Abdullazadə – red.) tapşıràram, nə dərdiniz
varsa, deyin.
Əliabbas Qədirov: Cənab Prezident, çox sağ
olun. Teatrımıza Sizin gəlişiniz bizi
ruhlandırır. Sizin buraya gəlişiniz bizim
üçün həmişə bayramdır. Hamı bilir ki,
Sizin gəlişiniz burada necə təntənə ilə
qarşılanır və bilirik ki, Siz bizə çox
böyük qayğılar göstərmisiniz. Mən 1969-cu
ildən bu teatrda işləyirəm. O vaxtdan bu günə qədər
bizim teatra Sizin qayğınız həmişə olub. Biz Sizə
çox təşəkkürümüzü bildiririk. Biz bir
neçə ay Sizin buraya gəlişinizin təəssüratı
ilə yaşayacağıq. Bilirik ki, Siz həmişə
teatrın qayğısını çəkmisiniz. Bayaq da
söhbətimiz oldu, düzdür, Səyavuş da deyir, Siz də
dediniz ki, nə lazımdırsa, yəni gələcəkdə
aktyorlarımıza fəxri ad verilməsi məsələləri,
teatrımıza milli teatr statusu verilməsi...
Heydər Əliyev: Fatma xanım, bunların
hamısını yaz, ver. Mənim incəsənətə, ələlxüsus
teatra münasibətimi sübut etmək lazım deyil. Ona
görə də nə lazımdırsa etmişəm və
edəcəyəm.
Səyavuş Aslan: Özünüz də
gördünüz, yaxşı gənclərimiz var.
Heydər Əliyev: Görürəm, siz veteranlar da
yaxşısınız.
Səyavuş Aslan: Gəncləri də bizim
siyahıya salsanız, yaxşı olardı.
Heydər Əliyev: Gəncləri də siyahıya
salarıq. Sən narahat olma. Səyavuş, yəqin sənin
heç ağlına gəlməzdi ki, sənə birdən 2
milyon manat mükafat təyin edəcəyəm, hə?
Səyavuş Aslan: Heç indi də ağlıma gəlmir.
İndi də çox sevinirəm. Qəflətən oldu.
Heydər Əliyev: İndi bir də görəcəksən
ki, nə isə etdim, sənin heç ağlına gəlməz
ki, bunu etmişəm. Bir sözlə, çox sağ olun. Mən
çox məmnunam, sizə yeni-yeni uğurlar arzulayıram.
Mədəniyyət .-
2024.- 8 mart, ¹(19).- S.6.