Bölgələrdə
Su çərşənbəsi ilə bağlı şənliklər
2023-cü ilin may ayında 31 illik ayrılıqdan sonra
öz sakinlərini qoynuna almış Laçın şəhərində
Novruzun dörd müjdəçisindən ilki – Su çərşənbəsi
(27 fevral) münasibətilə bayram şənliyi təşkil
olunub.
Bayram toplantısında Azərbaycan Respublikası
Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi,
“Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti”
ASC-nin nümayəndələri, Laçın sakinləri
iştirak ediblər.
“Gilabi Ceramics” yaradıcılıq mərkəzində
keçirilən bayram şənliyində tonqal qalanıb, ətrafında
yallı rəqsi oynanılıb. Laçınlılar öz
evlərində hazırladığı şirniyyatlarla
süfrələri bəzəyib, milli adət-ənənələrə
uyğun olaraq gənc qızlar folklor nümunələri
söyləyiblər. Qızlar bulaqdan su götürərək
çiçəklərə, ağaclara və ətraf ərazilərə
səpiblər. Orta və yaşlı nəslin nümayəndələri
32 il öncə Laçında keçirdikləri Novruz mərasimlərini
yada salıb, təəssüratlarını
bölüşüblər. Həmçinin mərkəzdə
uşaqlar üçün ustad dərsləri təşkil
olunub, onlar yumurta bəzəyib və gildən əl işlərinin
hazırlamasını izləyiblər.
***
İsmayıllı rayonunun Mərkəzi meydanında
Su çərşənbəsi ilə bağlı şənlik
keçirilib. Tədbirdə İsmayıllı rayon Heydər
Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət
göstərən “Niyal” instrumental ansamblının
ifasında Novruz bayramına həsr edilən mahnılar səsləndirilib,
rayon sakinləri təbiətin oyanışının rəmzi
olan bayram tonqalı ətrafına toplaşıblar.
***
Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət
müəssisələrinin birgə təşkilatçılığı
ilə keçirilən şənlikdə milli şirniyyatlar,
təamlar, yerli sənətkarların əl işləri,
Qazax Dövlət Rəsm Qalereyasının dərnək
üzvlərinin Novruza həsr etdikləri rəsm əsərləri
nümayiş olunub. Tədbir boyu Qazax Dövlət Dram
Teatrı və Tovuz rayon Xalq teatrı aktyorlarının
ifasında maraqlı səhnəciklər, saz və qarazurnada
musiqi nömrələri ifa olunub. Su çərşənbəsinə
məxsus adət-ənənələrin nümayişi tədbir
iştirakçılarında xoş ovqat yaradıb.
***
Salyan Tarix-Diyarşünaslıq Muzeyində
keçirilən tədbirdə iştirak edən uşaqlara
Su çərşənbəsi haqqında, su ilə
bağlı qədim məişət əşyalarının
tarixindən bəhs edilib. Sonra uşaqlar arasında müxtəlif
oyunlar təşkil olunub.
***
Şuşanın işğaldan azad edilən
Turşsu kəndində də bir qərinədən sonra
çərşənbə tonqalı qalanıb. Böyük
Qayıdış proqramı çərçivəsində
yenidənqurma işləri aparılan kənddə
çalışan fəhlə və ustalar Su çərşənbəsini
qeyd ediblər.
Yenidən qurulan kəndin layihə rəhbəri Elnur
Abdullayevin sözlərinə görə, dəniz səviyyəsindən
1938 metr hündürlükdə yerləşən kəndin
ümumi ərazisi 122,7 hektardır. Kənddə
yaşayış evləri, kommunikasiya xətləri və digər
tikililər tamamən yenidən qurulacaq. Tikinti işləri
vahid memarlıq üslubunda görüləcək. Həmçinin
mərkəzi və əsas küçələrdən biri
turizm üçün nəzərdə tutulub. Kəndin
yaxınlığında yerləşən Turşsu
bulağı ətrafında da turizm sektoru üçün
vacib olan obyektlərin qurulması planlaşdırılır.
Gələcəkdə burada kempinq tipli istirahət mərkəzi
yaradılacaq.
***
Mirzə Fətəli Axundzadə adına Şəki
şəhər Mədəniyyət Mərkəzində Su
çərşənbəsi ilə əlaqədar tədbir
keçirilib. Çıxış edənlər ilaxır
çərşənbələrdən birincisi olan Su çərşənbəsinin
icra olunan ayinlərindən söz açıblar. Tədbir
şəhər Mədəniyyət Mərkəzi, Uşaq incəsənət
məktəbi və 4 nömrəli Uşaq musiqi məktəbinin
birgə hazırladığı konsert proqramı ilə davam
edib.
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.4.