İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (8)
Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin anadan olmasının 530-cu
ildönümüdür. Dövlət
başçısının müvafiq sərəncamı ilə
yubiley geniş şəkildə qeyd ediləcək.
Füzulinin həyatı haqqında az məlumat var, o cümlədən
onun təvəllüd (1494) və vəfat (1556) tarixi ilə
bağlı əlimizdə dəqiqliyinə səhih bilgilər
yoxdur. Ötən əsrin ortalarında bu məlumatlar indikindən
də az idi. Yəqin həm də o səbəbdən
şairin vəfatının 400 illiyi ilə bağlı qərar
1958-ci ildə qəbul olunmuşdu.
Mətbuat səhifələrindən budəfəki
seçmələrin biri həmin yubileyə dair qərarla
bağlıdır. Yeri gəlmişkən, bu, mütəfəkkir
şairimizin dövlət səviyyəsində qeyd olunan ilk
yubileyi idi və Füzuli irsinin
tədqiq və təbliğinə də böyük təkan
oldu. “Ədəbiyyat və incəsənət” qəzetinin 66 il əvvəlki
sayından digər seçmələrimiz də dövrün
mədəni, ədəbi mühiti haqqındadır. Bu
xüsusda ovaxtkı Azərbaycan Dövlət
Konservatoriyası nəzdindəki məktəbdə Azərbaycan
milli musiqi alətləri sinfinin olmaması barədə tənqidi
qeyd də maraq doğurur...
Seçmələr qəzetdə olduğu kimi
(orfoqrafiyası da saxlanılmaqla) təqdim edilir.
Məhəmməd Füzulinin vəfatının 400
illiyini keçirmək haqqında
Azərbaycan KP MK 1958-ci ilin dekabr ayında Azərbaycan
ədəbiyyatının klassiki Məhəmməd
Füzulinin vəfatının 400 illiyi yubileyini keçirmək
haqqında qərar qəbul etmişdir.
M.Füzulinin vəfatının 400 illiyi yubileyinə
hazırlıq görmək və onu keçirmək
üçün Mirzə İbrahimov (Azərbaycan SSR Ali
Sovetinin sədri – red.) yoldaşın sədrliyi ilə
respublika komitəsi yaradılmışdır. Komitənin heyətinə
yazıçılar, alimlər, bəstəkarlar, rəssamlar
və başqaları daxildir.
Məhəmməd Füzulinin vəfatının 400
illiyi münasibətilə 1958-ci il dekabr ayında M.F.Axundov
adına Azərbaycan Dövlət Opera və Balet Teatrında
təntənəli yığıncaq keçiriləcəkdir.
Yubiley bayramına qardaş sovet respublikalarından və xarici
ölkələrdən qonaqlar dəvət ediləcəkdir.
Azərbaycan Elmlər Akademiyasına və Azərbaycan Sovet
Yazıçıları İttifaqına
tapşırılmışdır ki, dekabr ayında birgə
elmi sessiya keçirsinlər. Füzulinin əsərlərinin
yubileyi nəşrlərinin, şairin həyatı və
yaradıcılığı haqqında elmi və elmi-kütləvi
ədəbiyyat nəşrinin planı təsdiq edilmişdir.
Azərbaycan SSR Mədəniyyət Nazirliyinə
tapşırılmışdır ki, 1958-ci ildə “Leyli və
Məcnun” adlı rəngli musiqili kino filminin çəkilişinə
başlanmasını təşkil etsin. M.Füzuliyə həsr
edilmiş ən yaxşı bədii əsərlər, musiqi əsərləri,
habelə təsviri incəsənət əsərlərinin
yaradılması üçün Azərbaycan
yazıçıları, bəstəkarları, rəssamları
ittifaqları ilə birlikdə müsabiqə elan etsin.
Mədəniyyət Nazirliyinə, Bakı şəhər
icraiyyə komitəsinə, Azərbaycan Sovet Rəssamları
İttifaqına və respublika sovet arxitektorları
İttifaqına tapşırılmışdır ki, Bakı
şəhərində qoyulmaqdan ötrü M.Füzulinin ən
yaxşı abidəsi üçün bu ilin fevral ayında
müsabiqə elan etsinlər.
Azərbaycan SSR Nazirlər Soveti yanında radio
verilişləri və televiziya komitəsinə təklif
edilmişdir ki, M.Füzulinin vəfatının 400 illiyi
münasibətilə radio və televiziya ilə xüsusi ədəbi-bədii
və musiqili verilişlər təşkil etsin.
Azərbaycan Sovet Yazıçıları
İttifaqında
Bu günlərdə Azərbaycan
Sovet yazıçıları İttifaqının uşaq ədəbiyyatı
bölməsinin növbəti iclası olmuşdur. İclasda
Mirvarid Dilbazinin “Turan çay əfsanəsi” poeması və
Ələviyyə Babayevanın “Anam mənə deyir ki...”
hekayəsi oxunub müzakirə edilmişdir.
Mikayıl Rzaquluzadə, Eynulla Ağayev, Hüseyn
Abbaszadə, Həbibə Zeynalova, Ələviyyə Babayeva,
Emin Mahmudov və Hikmət Əfəndiyev yoldaşlar
çıxış edərək müasir nağıl “Turan
çay əfsanəsi” poemasının maraqlı bir əsər
olduğunu qeyd etmişlər. Çıxış edənlər
poemanın bir qədər yığcam hala
salınmasını, bir sıra dil və ifadə xətalarının
aradan qaldırılmasını müəllifə məsləhət
görmüşlər.
Müəllif əsəri çapa hazırlarkən
bu məsələləri nəzərə
alacağını bildirmişdir.
Müzakirədə çıxış edənlər
Ələviyyə Babayevanın “Anam mənə deyir ki...”
hekayəsinin nöqsanlarını göstərmiş və
müəllifə bir sıra yaradıcılıq məsləhətləri
vermişlər.
Gənc musiqiçilər
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyası yanında yerləşən onillik musiqi məktəbində
(indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
– red.) istedadlı musiqiçi kadrları yetişdirməkdə
mühüm işlər görülür. Vaxtilə bu məktəbi
bitirmiş gənclərdən Nazim Əliverdibəyov, Elmira Nəzirova, Xəyyam Mirzəzadə, Azər və
Həsən Rzayevlər və başqaları hazırda
respublikamızın bacarıqlı bəstəkarlarındandır.
Məktəbdə neçə illərdən bəri
piano, simli və nəfəsli alətlər bölmələri
ilə yanaşı, yeni başlayan bəstəkarlar
üçün də xüsusi sinif təşkil
edilmişdir. Bu sinifdə təhsil alan tələbələr
arasında gələcəkdə bəstəkar olmağa
ümid verən gənclər çoxdur. Bunlardan Afaq Cəfərova,
Ədilə Rəhimova, Rəşid Əfəndiyev, Mina
Quliyeva, Vəfa Əliyeva, Müslüm Maqomayev, Vladimir
Gevorkov, Rasim Bədəlov və başqalarını göstərmək
olar.
Məktəbi bitirənlər arasında
bacarıqlı musiqiçilər vardır. Bunlardan
pianoçular Akif Abdullayev, Salihə Əfəndiyeva, Bela
Pavlovskaya, Eleonora Allahverdiyan və başqalarını
göstərmək olar. Skripka çalan gənclərdən
Rauf Adıgözəlov, Vladimir Belyakov, fleytada çalan
Müzəffər Ağamalıyevin ifaçılıq
qabiliyyəti yaxşıdır.
Bütün bunlarla yanaşı indiyə kimi məktəbdə
Azərbaycan milli musiqi alətləri sinfinin olmaması təəccüblüdür.
Halbuki gənclər arasında tar, kamança, nağara və
başqa Azərbaycan musiqi alətlərində
çalmağı öyrənmək istəyənlər
çoxdur. Məktəbin tədris işində nəzəri
cəlb edən nöqsanlı bir cəhət də burada Azərbaycan
musiqisinə kifayət qədər diqqət verilməməsidir.
Buna görə də məktəbi bitirənlərin əksəriyyəti
Azərbaycan musiqisinin əməli və nəzəri məsələlərini
yaxşı bilmirlər.
Azərbaycan SSR Mədəniyyət Nazirliyi məktəbin
tədris həyatındakı bu nöqsanı aradan
qaldırmaq üçün tədbir görməlidir.
“Ədəbiyyat və incəsənət” qəzeti,
1 mart 1958-ci il
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.7.