Görkəmi məzmununu
tamamlayan məkan
“Teatr binaları” silsiləsindən IV yazı
Adətən, tanımadığımız birini bizə
təqdim edəndə altşüurda belə bir assosiativ təəssürat
yaranır: insanın adı ilə onun zahiri görkəmi,
tanışlıq davam etdikcə isə xarakteri arasında bir
uyarlıq, məntiqi bağ axtarırıq. Yəni Yasəmən
adlı xanımın zərif və gözəl, Aslan adlı
bəyin isə mütləq qorxmaz və cüssəli
olduğuna ümid edirik.
Əslinə qalsa, bu yanaşma tərzi təkcə
insanlara deyil, məkanlara da aiddir. Məsələn, elə
götürək Azərbaycan Dövlət Kukla
Teatrının binasını. Az-çox təxəyyülünə
malik, teatr janrları barədə ötəri
anlayışı olan kimsəyə Xəzər sahilindəki
fransız intibahı üslubunda inşa edilmiş tikilini
göstərib “səncə, burada hansı teatr yerləşir”
soruşsaq, əksəriyyət “kukla teatrı” cavabını
verər. Nədən? O səbəbdən ki, 114 il əvvəl
tikilmiş bina bir neçə dəfə sahibini dəyişsə
də, altmış ildir ki, haqq etdiyi, özünə
yaraşan sakinləri var.
1909-cu ildə isə hər şey başqa cür
olmuşdu…
***
XX əsrin əvvəllərində Bakıda teatrların,
ozamankı dillə desək, sinematoqrafın, əyləncə
məkanlarının planlaşdırılması və
inşası məsələsi aktuallaşmışdı. Səssiz
kino seyri üçün kinoteatra ehtiyac yaranmışdı.
Tələbat yaranıbsa, deməli, təklif də uzaqda
deyil. Bakıda məhz kino göstərməkdən
ötrü ilk bina üçün o zaman yeni bulvar
seçildi. İnşaatçı mühəndis Yuzef
Ploşkonun layihəsinə əsasən, sinematoqraf, indiki dillə
desək, kinoteatrın binası 1909–1910-cu illərdə
inşa edildi.
Binanın tikintisi çoxlu mübahisə
doğurmuşdu. Şəhər rəisi layihəni təsdiq
edəndən sonra 1909-cu ildə tikintiyə
başlanıldı. Bununla belə, şəhər hökumətində
hesab edirdilər ki, gəzinti və istirahət
üçün nəzərdə tutulan bulvarda belə bir
tikintiyə yer yoxdur, bina bulvarın gözəlliyini pozacaq.
Halbuki, həmin məqamda təzə bulvarın yalnız
adı vardı: çünki sahilin bu hissəsi hələ
yaşıllaşdırılmamışdı, ərazinin
abadlığından da söz gedə bilməzdi. Bu səbəbdən
də sinematoqraf binasının bulvarın görkəmini
korlayacağı barədə giley nə qədər məntiqə
uyğundur? Əslində, Y.Ploşkonun layihəsi gerçəkləşəndən
sonra məlum oldu ki, bina bulvarın görkəmini korlamır,
əksinə, yaxınlıqdakı “Qafqaz və Merkuri”
şirkətinin eybəcər anbarları,
tör-töküntü binanın görkəminə xələl
gətirir.
…1910-cu il iyunun 6-da teatr-sinematoqraf binasının
memarı və inşaatçısı, mülki mühəndis
Y.Ploşko kütləvi istifadəyə yararlılıq
predmeti baxımından bu binanın nəzərdən
keçirilməsi üçün komissiya təyin edilməsi
haqqında vəsatətlə Bakı şəhər rəisi
podpolkovnik P.Martınova müraciət etdi. Müraciətə
cavab olaraq rəisin 155 №li əmri ilə 11 iyun 1910-cu il tarixində
komissiya binanı təhvil almalı, Bakı şəhər
telefon şəbəkəsinin hökumət müfəttişi
Borisov bütün elektrik qurğularını yoxlamalı idi.
Artıq 1910-cu il iyunun 17-də “Kaspi” qəzeti “Fenomen”
sinematoqrafının işə başladığı barədə
məlumat verirdi.
Binanın tikintisi təxminən 60 min rubla başa gəlmişdi.
“Fenomen” öz dövründə Bakıda ən iri və ən
müasir texniki avadanlıqla təchiz edilmişdi. Tamaşa
salonunun ölçüləri uzununa 11 sajen (təqribən
24 metr), eninə 5 sajen (11 metr) idi. Salonun
hündürlüyü isə təqribən 10 metr
hesablanmışdı. Parter 400 tamaşaçı
üçün nəzərdə tutulmuşdu. 5 lojada və
xorda (memarlıqda binanın içində adətən ikinci
mərtəbə səviyyəsində qurulan yuxarı
açıq qalereya, yaxud eyvan xor adlanır – müəl.) daha
56 oturacaq var idi. Salondakı digər iki lojaya isə bilet
satılmırdı – bu yerlər şəhər rəisi və
şəhər idarəsinin üzvləri üçün
ayrılmışdı.
Memarın cızdığı sxemə görə
sinematoqrafda skamyalar yox, yalnız ikibir, üçbir kreslo və
stullar düzüldüyündən tamaşaçılar oturacaqlar
arasında rahat hərəkət edə bilirdilər. Yerlər
birinci, ikinci və üçüncü dərəcələrə
ayrıldığından seanslara biletin qiyməti də eyni
deyildi.
Sinematoqrafın ekranı da Bakı üçün
fenomen sayıla bilərdi, çünki neft bumu yaşayan bu cənub
şəhərinin heç bir sinematoqrafında uzunluğu 9
arşın (6,5 metr), eni 7 arşın (5 metr)
ölçüsündə ekran yox idi.
Sinematoqrafın tikintisi zamanı ventilyasiya sisteminə
xüsusi diqqət yetirilmişdi ki, bu hal da Bakı
üçün büsbütün yenilik idi. Ümumiyyətlə,
“Fenomen” Bakıda havalandırma sistemi olan ilk ictimai məkan
idi.
Sinematoqrafın açılışına az
qalmış “Kaspi” qəzeti bu yenilik barədə məlumat
verərkən vurğulayırdı ki, hər on beş dəqiqədən
bir “binanın içindəki korlanmış havanı sormaqla
yayda sərin, qışda isə isti hava ilə təzələməkdən
ötrü” mükəmməl havalandırma sistemi qurulur.
Əvvəlcə, sorucu havalandırma sisteminin
quraşdırılması nəzərdə tutulsa da, bu zaman
tozun da qalxacağı və bu halın sağlamlıq
üçün zərərli olacağını nəzərə
alaraq ondan imtina edirlər. Əvəzində isə havanı
kanal və filtrləri soyudan ozonatordan keçdikdən sonra
salona vurmaq yolu ilə içərini havalandırmaq qərara
alınır.
“Kaspi” qəzetinin 17 iyun 1910-cu il tarixli sayında yer
almış həmin yazıda binanın eksteryeri barədə
belə yazılmışdı: “Bina küçədən də
gözəlliyi ilə diqqəti cəlb edir. İçəri
keçən kimi hiss edirsən ki, bura çox rahat və təmiz
məkandır”.
Binanın məxsus olduğu cəmiyyətin rəhbəri
M.Qofman adlı şəxs çalışırdı ki,
“Fenomen”də nümayiş olunan filmlər şəhərin
digər sinematoqraflarında göstərilən filmlərlə
eyni olmasın.
Bəlkə də o zaman Avropada da “Fenomen” gözəlliyində
sinematoqraf binası yox idi. Binanın boş ərazidə
tikilməsi onu həm də göydəndüşmə məkan
kimi qavramağa şərait yaradırdı. Təntənəli
və möhtəşəm əsas fasad şəhərə
baxırdı. Hündür stilobat (sütun təməli)
üzərində dayanan və mansardı məhəccərlə
əhatələnmiş bina ion suvağı ilə
örtülmüşdü. Kənarlarda yerləşdirilmiş
iki günbəz bütün binanın siluetini tamamlayır, həm
də şəhərdəki bütün binaların
memarlüq üslubunu davam etdirirdi. Binanın künc
boşluqlarında qoyulmuş heykəllər fasadın
kompozisiyasını daha da gücləndirirdi. Ümumiyyətlə,
memarlıq və heykəltaraşlığın sintezinə
Y.Ploşkonun paytaxtımızı bəzəyən digər
memarlıq nümunələrində də uğurlu həllinə
rast gəlinir.
Binanın yuxarı mərtəbəsində bufet
üçün üç veranda nəzərdə
tutulmuşdu ki, onlar icarəyə verilirdi. Yuxarı verandaya
giriş I və II dərəcəli biletlərin sahibləri
üçün pulsuz idi, 3-cü dərəcəli bilet
alanlar isə giriş üçün 20 qəpik ödəməli
idilər. Binanın səhnəsi kiçik olsa da, “Fenomen”in
teatr tamaşaları üçün icarəyə verilməsi
də nəzərdə tutulurdu. Burada kiçik heyətli
tamaşalar oynanılsa da, bina həm də kazino kimi fəaliyyət
göstərirdi.
Düz on il “Fenomen” Bakıda sinematoqraf və kazino kimi
tanındı.
1921-ci ildə memar, inşaatçı mühəndis
Zivərbəy Əhmədbəyovun layihəsi əsasında
“Fenomen”in binasında köklü yenidənqurma işləri
görüldü. Bina daha çox “Satiragit” kimi tanınan Bakı
Azad Türk Tənqid və Təbliğ Teatrına verildi.
1932-ci il dekabrın 28-dək Bakıda fəaliyyət
göstərən teatrın adı daha iki dəfə dəyişsə
də (1925–1927-ci illərdə Bakı Türk
İşçi və Kəndli Teatrı, 1927–1932-ci illərdə
Bakı Türk İşçi Teatrı), səhnəsi dəyişmədi.
Teatr Gəncəyə köçürüldükdən
sonra Musiqili Komediya Teatrı bu binada məskunlaşdı.
1941-1945-ci illərdə “Müdafiə” kinoteatrı,
müharibədən sonra isə yeni yaradılan Azərbaycan Kənd
Təsərrüfatı Muzeyi bu binada yerləşdirilənədək
bir neçə il müstəqil tamaşa-film məkanı
kimi tanındı. 60-cı illərin əvvəlində isə
muzey başqa ünvana
köçürüldü və müstəqil teatr olaraq fəaliyyətə
başlayan Azərbaycan Kukla Teatrı 1963-cü ildən burada
məskunlaşdı. Teatra 1964-cü il aprelin 15-də dövlət
statusu verildi.
***
… Artıq altmış ildir ki, Azərbaycan Dövlət
Kukla Teatrı bir əsrdən çox yaşı olan
binanın özünə yaraşan sahibidir. Bina bir neçə
dəfə təmir olunsa da, qarışısındakı incəsənət
hamisi sayılan ilahə heykəllərinin götürülməsindən
savayı ciddi dəyişikliyə məruz qalmayıb. Yeri gəlmişkən,
Kənd Təsərrüfatı Muzeyi burada yerləşdiriləndə
həmin ilahələri çoban və sağıcı heykəlləri
əvəz etmişdi.
Prezident İlham Əliyevin Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında 19 fevral 2007-ci il tarixli sərəncamına
əsasən, Azərbaycan Dövlət Kukla Teatrı da əsaslı
təmir edildi.
Təmir zamanı teatrın foyesini bəzəyən və
300 kvadratmetr sahəsi olan “Azərbaycanın nağıl aləmi”
pannosu bərpa olundu və Toğrul Nərimanbəyovun bu
şedevri yenidən göz oxşamağa başladı. Səs
və radio sexi son texniki avadanlıqla təchiz edildi, 200 nəfərlik
tamaşa salonu büsbütün yeniləndi.
***
...Bu gün Bakı bulvarı “Fenomen”
sinematoqrafının tikildiyi zamandan bəri çox dəyişib.
Yaşıllıq, abadlıq göz oxşayır. Kukla
Teatrının ətrafı binanın gözəlliyini
tamamlayır, memarlıq incisinin gözəlliyi
yaşıllıqla sonuclanır. Bulvar boyunca hərəkət
etdikcə Neftçilər prospektinin sol qanadında gözəl
memarlıq nümunələri bir-birini əvəz edir. Amma...
Sinematoqraf kimi tikilmiş bu bina öz ilk adını görkəmi
ilə yaşadır. Bir sözlə, fenomen!
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 1 mart(№17).- S.6.