Bəstəkar
Rüfət Xəlilovun müəllif konserti
“İthaf”dan “Ornamentlər”ədək
Beynəlxalq Muğam Mərkəzində bəstəkar
Rüfət Xəlilovun müəllif konserti keçirilib.
Fevralın 24-də təqdim olunan konsert proqramına bəstəkarın
yeni audiovizual kompozisiyası “İthaf”, eləcə də
müxtəlif illərdə bəstələdiyi “Məsafələr”,
“Ornamentlər” və digər kamera əsərləri daxil
edilib.
Konsertdən əvvəl musiqişünas Şəfaqət
Məmmədova müəllif və proqrama daxil edilmiş əsərlər
haqqında məlumat verib. Bildirib ki, Rüfət Xəlilov
1993-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini
fortepiano ixtisası üzrə bitirib. Həmin il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
bəstəkarlıq (İsmayıl Hacıbəyovun sinfi) və
fortepiano şöbəsinə (Həqiqət Məhərrəmovanın
sinfi) daxil olub. 1999-cu ildə magistraturada təhsilini bəstəkarlıq
üzrə İ.Hacıbəyovun, orkestrləşdirmə fənnində
Fərəc Qarayevin sinfini bitirib. Həmçinin Alman Akademik
Mübadilə Mərkəzinin (DAAD)
təqaüdçüsü olub, bu ölkədə təhsilini
davam etdirib.
İnstrumental, kamera-instrumental və simfonik əsərlərin
müəllifi olan Rüfət Xəlilovun 2009-cu ildə Azərbaycan
Bəstəkarlar İttifaqının 75 illiyinə
yazılmış simfonik rapsodiyası mükafata layiq
görülüb. Avropa ölkələrində, o cümlədən
Sofiya (Bolqarıstan), Obersdorf (Almaniya), Cenon (Fransa) şəhərlərində
müasir üslubda yazılmış solo və kamera əsərləri
səsləndirilib.
Daha sonra müəllifin əsərlərindən ibarət
konsert proqramı başlanıb.
“İthaf” audiovizual kompozisiyası Vətən
müharibəsi şəhidlərinə həsr olunub. Bəstəkarın
2004-cü ildə bəstələdiyi “Fortepiano
üçün sonatina” isə dahi bəstəkar Üzeyir
Hacıbəyliyə ithaf edilib. Əsər 2009-cu ildə ABŞ-də keçirilən
fortepiano üçün əsərlər müsabiqəsində
ikinci yerə layiq görülüb. “Məsafələr” əsərinin
adı da birmənalı deyil. Burada məsafə yadlaşma,
uzaqlaşma anlayışını bildirir. Piano və rəqəmsal
səslər üçün əsər 2023-cü ildə
yazılıb və ilk dəfə bu konsertdə səslənib.
Müəllifin dediyinə görə, əsərin ideyası
uzun müddət boşluqdan yaranan sakitlikdir. Onu yay
aylarında Aralıq dənizində səyahət gəmisində
dəniz ləpələrini seyr edərkən yazıb.
“Həyatın mənasının
axtarışında” (2020) altıhissəli bir ifaçı
üçün musiqili-səhnə əsəridir. İdeya və
süjeti bəstəkara məxsusdur. Bu əsəri bəstəkar
Erix Fromun “Azadlıqdan qaçış” kitabını
oxuduqdan sonra yazmağa başlayıb. Əsər koronavirus
pandemiyası zamanı yazılıb.
Müəllifin “Ornamentlər”i isə simli kvartet
üçün yazılmış birhissəli əsərdir.
Bu kvartet 2014-cü ildə yazılsa da, əsərin texniki
çətinliyinə görə ifası mümkün
olmayıb. Əsər ilk dəfə bu konsertdə ifa olunub.
Konsertdə əsərləri Səidə
Tağızadə (piano), Əməkdar artist Əyyub
Əliyev (violonçel), simli kvartetdə Ümid Mustafazadə
(violin), Fatimə Nəsirli (violin), Üzeyir Mahmudbəyli
(viola) və Əsmər Kərimli (cello) ifa edib.
Lalə
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.5.