Filmlərdən
yadigar qalanlar: fayton, maşın...
Dekorator Şənol Əhmədov: “Kinopavilyonda ikimərtəbəli
villa da qurmuşuq...”
Filmlərimizdə yer alan saraylar, kiçik otaqlar, təbiət
mənzərələri və digər təsvirlər, hadisələr
qədər olmasa da, yaddaşlarda iz qoyur. Onların əksəriyyəti
“Azərbaycanfilm” kinostudiyasının dekorasiya sexində
hazırlanıb. Həmin dekorasiyalar filmlərimizlə
bağlı yaddaşımızı təzələyir,
kinosevərlərə nostalji hisslər yaşadır.
Hər gün redaksiyamızın yerləşdiyi
Dövlət Film Fonduna gələndə bizi binanın həyətində
vaxtilə filmlərimizdə yer alan müxtəlif dekorasiya
nümunələri qarşılayır: tramvay, kiçik
yük maşını, “Korolevski” markalı divan, cürbəcür
texniki avadanlıqlar. Bu günlərdə onların
sırasına yeni əlavə olunmuş üç fayton diqqətimi
çəkdi.
Dövlət Film Fondunun beş
addımlığında yerləşən dekorasiya sexi vaxtilə
“Azərbaycanfilm”in Dekorativ-texniki xidmətlər şöbəsi
kimi fəaliyyət göstərib. Hazırda sex işini sərbəst
sifarişlər əsasında davam etdirir...
Onu illərdir burada görsəm də, adını
heç vaxt bilməmişəm. Qışın soyuğunda,
yayın qorabişirən çağında nəsə
hazırlayır, yonur... Sexin qapısını döyüb
içəri daxil oluram. Yanındakı bir nəfərlə
hansısa detalı müzakirə edir. “Bir dəqiqə
gözləyin, indi gəlirəm” deyir. Mən də fürsətdən
istifadə edib buradakı avadanlıqlara nəzər yetirirəm.
Divarda müxtəlif illərdə hazırlanmış
böyük plakatlar var. Güman ki, vaxtilə siyasi motivli filmlər
üçün hazırlanıb.
Nəhayət, həmsöhbətim gəlir və
özünü təqdim edir: Şənol Əhmədov.
İlk olaraq bayırdakı faytonları xəbər alıram.
– Bu faytonları siz hazırlamısınız, yoxsa təmir
üçün gətirilib?
– Hacı Zeynalabdin Tağıyev haqqında film
(Bakı Media Mərkəzinin layihəsi olan “Himayədar”
çoxseriyalı filmi – red.) çəkilirdi. Bu faytonlar da həmin
filmin çəkilişlərində istifadə olunub.
Onları biz hazırlamamışıq. Bəzi hissələrində
problemlər var, onları aradan qaldırıb çəkilişi
həyata keçirən şirkətə qaytaracağıq.
– Sexdə işlər necə gedir?
– 1986-cı ildən bu sexdə
çalışıram. Vaxtilə kinostudiyanın
balansında idi, hazırda icarəyə verilib. Biz də burada
müstəqil çalışırıq. Əsasən,
televiziya kanalları üçün dekorasiyalar
hazırlayır, eyni zamanda reklam işləri
üçün dekorlar düzəldirik.
– Siz həm restavrasiya edir, həm də müxtəlif
məhsullar hazırlayırsınız?
– Bəli, burada çalışan ustaların
hamısı bacarıqlıdır və iş təcrübəsinə
malikdirlər. Son 40 ilə yaxın müddətdə çəkilən
filmlərimizin dekorasiyasında bizim də əməyimiz var. Mən
işimi çox sevmişəm. Bu iş həddindən
artıq maraqlıdır. Buranın xırda bir daşı da
mənə əzizdir.
– Ən son hansı filmdə
çalışmısınız?
– Ən son işlərimiz rejissorlar Asif Rüstəmovun
“Mərmər soyuğu” və Vaqif Mustafayevin “Həyat, deyəsən,
gözəldir” filmləri üçün olub.
– Peşəniz necə adlanır?
– Biz dekoratoruq. Bu peşənin sahibləri digər sahələrdən
də xəbərdar olmalıdır. Misal üçün,
elektrik işi, dülgərlik, rəssamlıq və s. Bu sahədə
ənənələrin sıradan çıxmasına təəssüf
edirəm. Vaxtilə biz Xalq rəssamı Rafiq Nəsirovun rəhbərliyi
altında çalışırdıq. Zaman dəyişir,
müasir yanaşmalar tətbiq olunur...
– Deməli, əsas işbirliyi rəssamla olur.
– Rəssam rejissordan sifarişi alır, sonra biz işə
başlayırıq.
– Həm pavilyon, həm də açıq məkan
dekorasiyaları hazırlayırsınız?
– Bəli, məsələn, pavilyon və naturada
çəkiliş üçün biz hissələri düzəldib
quraşdırırdıq. Dekorasiyaların formaları sexdə
taxtadan və digər tikinti materiallarından düzəldilir.
Daha sonra pavilyonda quraşdırılaraq üzərində
lazım olan bəzək işləri görülür.
Seximiz hər cür mürəkkəblikdə olan pavilyonda,
qapalı məkanlarda və ya təbiət qoynunda yerləşdirilməsi
nəzərdə tutulan dekorların tikintisini həyata
keçirməyə imkan verir.
– Bəs təkrar emal olurmu? Məsələn, bir film
üçün işlənmiş dekoru digər film
üçün cüzi dəyişiklik edib istifadə etmək
mümkündürmü?
– Bəli, film sənayesinin çiçəkləndiyi
dövrdə, ildə bir neçə filmin çəkildiyi
zamanlarda olub.
– Ən maraqlı dekorunuz hansı olub?
– Mənim üçün bütün işlərim
maraqlıdır. Amma bir neçə gün əvvəl antik
bir stul sifariş vermişdilər, düzəltdim və bəyənildi.
Daha böyük işlərimizdən Yavər Rzayevin 2015-ci
ildə çəkdiyi “Xeyirlə Şərin rəqsi” filmi
üçün pavilyonda ikimərtəbəli dekorasiyanı
qeyd edə bilərəm. Birinci dəfə idi ki, biz pavilyonda
ikimərtəbəli villa qururduq. Çəkiliş
zamanı hər iki mərtəbəsindən istifadə
olundu.
– Burada çalışdığınız illər
ərzində filmlərin çəkiliş prosesi ilə
bağlı, yəqin ki, maraqlı xatirələriniz olar...
– Etiraf edim ki, mənim xatirə danışmaq qabiliyyətim
yoxdur. Ani olaraq nəsə yadıma düşərsə, deyərəm.
Amma hansısa hadisəni yadıma salım, danışım,
bunu bacarmıram.
– Yaxşı, onda sualı belə qoyaq. Ən
çox sevdiyiniz film hanısıdır?
– Rasim Ocaqovun filmləri. Onun yanaşması, qəhrəmanlarını
çox bəyənirəm.
– Sexin həyətindəki dekorasiyalar əvvəllər
harada saxlanılırdı?
– Burada anbarlar vardı. Dekorasiyalar şitlərdə
qorunub saxlanılırdı. Təsəvvür edin, “O
olmasın, bu olsun” filmindən bu yana bütün dekorasiyalar həmin
anbarlarda qorunurdu. Ölçüsündən asılı
olmayaraq, qapı-pəncərələr və s.
– Bəs necə oldu?
– Lazımsızlar atıldı, yararlı olanlar
laboratoriyanın binasında qorunur. Dekorasiya gərək
günəşdən, küləkdən, yağışdan
qorunsun.
– Həyətdəki tramvayın tarixçəsi haqda
nə bilirsiniz?
– Onu da biz düzəltmişik. O vaxt “İkarus”
avtobusları vardı, ondan hazırlamışıq. Ulu
öndər Heydər Əliyevə həsr edilən film
üçün düzəltmişdik. Bu tramvaydan sonralar
televiziyalar, əsasən, Yeni il şənliklərində
istifadə edirdilər.
– Bəs yük maşını?
– 1990-cı illərin sonlarında polyaklar Bakıda
film çəkirdilər. XX əsrin əvvəllərini əks
etdirən həmin filmdə istifadə olunub. Biz o
maşının taxta konstruksiyalarını
hazırlamışdıq.
***
Həmsöhbətimə təşəkkür edib
redaksiyaya yollanıram. Onu da qeyd edim ki, sexdə eyni zamanda
teleseriallar, musiqi klipləri, reklam çarxları,
televerilişlər, mədəni-kütləvi tədbirlər,
təqdimat mərasimləri, sərgilər üçün də
dekorların hazırlanması və
quraşdırılması həyata keçirilir. Sexin
göstərdiyi xidmət növlərinə interyer
dekorları, landşaft dekorları, xüsusi dekorlar (dəmiryol
vaqonu, gəmi, helikopter və s.), maketlərin
hazırlanması, rəngkarlıq işləri, üz çəkilməsi,
dülgərlik işləri, işıqların
quraşdırılması kimi dekorasiya işləri də
daxildir. Ötən ilin yayında burada düzəldilən
helikopter maketini xüsusi qeyd etmək istərdim. Həmin maket
hazırda Laçın rayonunda “Hocazfil”min dekorasiyaları
sırasında yer alır.
Aylar, illər ötür, həftələr
dolanır. Neçə-neçə insan bu dekorasiyaların
qarşısından keçir. Bəziləri xoş xatirələri
yada salır, bəzilərinin isə diqqətini çəkmir.
Amma bu eksponatlar özlərində kino tariximizin unudulmaz
anlarını yaşadırlar.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.6.