Azərbaycanlı dirijor Beynəlxalq
Şalyapin Opera Festivalında
2 fevral – 1 mart tarixlərində Tatarıstan Dövlət
Akademik Opera və Balet Teatrında keçirilən 42-ci Beynəlxalq
Şalyapin Opera Festivalına Rusiya, Azərbaycan, İtaliya və
Belarusun tanınmış dirijor və solistləri
qatılıb.
Builki festival Kazan Opera Teatrının 150 illiyinə həsr
edilib. Festivalın ən yaddaqalan tamaşalarından biri Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub
Quliyevin idarə etdiyi C.Puççinin “Toska” operası olub.
Rusiyanın Bolşoy (Moskva), Mariinski (Sankt-Peterburq) və
Belarusun Bolşoy teatrlarının solistlərinin yer
aldığı tamaşa yerli mətbuatda xüsusi
işıqlandırılıb.
Festivalın açılış günü Kazan səhnəsində
premyerası keçirilən Mixail Qlinkanın “İvan Susanin”
(“Çar üçün həyat”) operası da böyük
maraq doğurub. İlk klassik rus professional operası sayılan
əsərə tanınmış rejissor Yuri Aleksandrovun
quruluş verib, tamaşanı isə dünyaca məşhur
dirijor, Rusiyanın Bolşoy və Mariinski teatrlarının rəhbəri
Valeri Gergiyev idarə edib.
Festival çərçivəsində C. Rossininin
“Sevilya bərbəri”, C.Verdinin “Aida”, R.Leonkavallonun “Məzhəkəçilər”,
M.Musorqskinin “Boris Qodunov”, P.Çaykovskinin ”Yevgeni Onegin”
operaları nümayiş olunub. Festivala Mariinski Teatrın Gənclər
Vokal Akademiyasının fevralın 29-da və martın 1-də
keçirilən qala-konsertləri ilə yekun vurulub.
Onu da qeyd edək ki, dirijor Əyyub Quliyevin Kazan
Dövlət Opera Teatrı ilə əməkdaşlığı
2021-ci ildə Fikrət Əmirovun “1001 gecə” baletinin
premyerası ilə başlayıb.
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.8.