“Məni Vətənə göndərin...”
Hökumə Billurinin yaradıcılığında
“Təbriz” və “Araz” ən çox təkrarlanan sözlərdəndir
1946-cı ilin 12 dekabr tarixində Cənubi Azərbaycanda
Milli Hökumət süqut etdikdən sonra Təbriz, Ərdəbil
və digər şəhərlərdən bir çox
şair və yazıçılar Şimali Azərbaycana
mühacirət ediblər. Həmin mühacir
ziyalılarımızdan biri də şair, ədəbiyyatşünas,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq
şairi Hökumə Billuri olub.
Hökumə İbrahim qızı Billuri 3 mart
1926-cı ildə Cənubi Azərbaycanın Zəncan şəhərində
dəmirçi ailəsində dünyaya göz açıb.
Erkən çağlardan poeziyaya maraq göstərib. İlk
şeirini orta məktəb illərində yazır. Qələmə
aldığı “Fəhlə”, “Göyərçin”,
“Sübh açıldı” adlı ilk şeirləri “Azər”,
“Vətən yolunda” qəzetlərində və “Azərbaycan”
jurnalında dərc olunub.
H.Billuri Seyid Cəfər Pişəvərinin lideri
olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət
Komitəsində rəhbər vəzifələrdə
çalışıb. 1946-cı ilin sonunda “21 Azər” hərəkatının
süqutundan sonra Şimali Azərbaycana köçüb. Həmin
vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul
olub. Dövri mətbuatda müntəzəm
çıxışlar edib. O, 1952-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini
bitirir. “İran Azərbaycanın realist demokratik ədəbiyyatı”
mövzusunda namizədlik (fəlsəfə doktorluğu)
dissertasiyası müdafiə edir. Azərbaycan EA Yaxın və
Orta Şərq Xalqları İnstitutunda baş elmi
işçi vəzifəsində çalışır.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə
“Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə
“Sənin könül otağın” və s. kitabları Moskva
və Bakıda rus dilində nəşr olunur.
Şair Təbrizi tez-tez yuxusunda görsə də,
amma yuxuları heç zaman çin olmur. Güney dağlarından
bir udum hava, meşələrindən bir tək yarpaq diləyir.
Vətənin suyundan bir ovuc içmək və Arazın o
tayına qədəm basmaq həsrəti ilə
yaşayır.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin Vətənə, göndərin məni.
H.Billurinin şeirlərinin əksəriyyətində
milli faciənin doğurduğu yaşantılar ifadə olunub.
Şəxsi ağrılarından doğulan şeirləri
oxucu qəlbini riqqətə gətirərək kədərləndirir
və gözlərini yaşardır. Təsadüfi deyil ki,
onun əsərlərində “Təbriz”, “Araz”, “Vətən”,
“ayrılıq” ən çox təkrarlanan sözlərdir.
Şairənin ən təsirli və yaddaqalan əsərlərindən
biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz!
Çox haqsızlıqlarla üzləşsə də,
faciəvi hadisələrin şahidi olsa da,
yaradıcılığında sabaha ölməyən bir
ümid, inam hissi aparıcı xətt kimi keçir.
“İnanıram o parlaq günə” deyən şair Vətənin
bütövləşəcəyinə və xalqının
öz azadlığına qovuşacağına böyük
bir inam bəsləyib.
Araşdırmalarda qeyd edilir ki, Azərbaycan onun
şeirlərində bütövdür, tamdır və
bölünməzdir. Vahid və azad Azərbaycan ideyası
onun həyatının məzmununu və yaşamının
qayəsini təşkil edib. Şimala üz tutduğu zaman
onun qarşısında geniş üfüqlər
açılır. Görkəmli şair və
yazıçılar: Mirzə İbrahimov, Səməd
Vurğun və Süleyman Rüstəmdən daim diqqət və
qayğı görür. Ədəbiyyatşünas alim
Əli Sultanlı bir gün H.Bülluri ilə universitetin
auditoriyasında qarşılaşır. Yaxşı
yazdığını və şeirlərindən məmnun
qaldığını bildirir. “Qızım,
yaradıcılığından zövq alıram. Getdiyin yol
çətindir, amma şərəflidir. Sənə ürəyincə
uğurlar arzulayıram”, – deyir.
H.Billuri məhsuldar yaradıcılıq yolu
keçib. O, “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat
yollarında”, “Mübarizə illərində”, “Şeirlər”,
“Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən
uzaqlarda”, “İstərəm”, “Necə unudum”, “Çinar
gözləyir məni”, “Apar məni o yerlərə”, “Bir də
bahar gəlsə”, “Dünya belə dünyadır”, “Nə qəribə
dünya imiş” və s. şeir kitablarının, “1940–1960:
İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn
Şəhriyar” monoqrafiyalarının müəllifidir.
H.Billuri qələmini həm də tərcümə
sahəsində sınayıb. M.Şəhriyarın farsca
şeirlərini Azərbaycan dilinə, Cəfər
Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi
Xəzrinin şeirlərini fars dilinə çevirib.
Şair 1984-cü ildə “Əməkdar incəsənət
xadimi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq
görülüb. 22 noyabr 2000-ci ildə Bakıda vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.7.