“Salam, Novruz!”

 

Milli İncəsənət Muzeyindəki sərgi ayyarım davam edəcək

 

Azərbaycan Milli İncəsənət Muzeyində “Salam, Novruz!” adlı sərgi təşkil edildi. Fevralın 27-də, ilaxır çərşənbələrdən ilki – Su çərşənbəsi münasibətilə keçirilən sərginin açılışına sənət adamları, ölkəmizdəki diplomatik korpusun nümayəndələri qatılmışdılar.

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək bildirdi ki, Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi günündə gerçəkləşən sərgidə muzeyin kolleksiyasından 80-ə yaxın eksponat – dekorativ-tətbiqi və təsviri sənət əsərləri nümayiş olunur.

Sərgi məkanı Su, Od, Yel və Torpaq çərşənbələrinə, eləcə də Novruz bayramına həsr olunmuş beş tematik zala bölünüb.

Sərginin girişində tamaşaçıları interaktiv “niyyət ağacı” qarşılayır. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini verirlər.

“Su çərşənbəsi” zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, suqabı, çilcam (qırxaçar) və s. kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.

“Od çərşənbəsi” adlı növbəti zalda əcdadlarımızın oda, günəşə inamı ilə bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri təqdim olunur.

“Yel çərşənbəsi” zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kəlağayı, incə yelpiklər, ney aləti nümayiş etdirilir. Zala dinamiklik, bu çərşənbəyə xas ab-hava gətirilməsi üçün interaktiv üsullardan istifadə edilib.    

Tematikanı davam etdirən “Torpaq çərşənbəsi” zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.

Beşinci zal astronomik Yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir. Bayram ab-havasının yaradıldığı bu zalda tamaşaçıya Novruzun əsas atributları ilə bəzədilmiş rəngarəng “interaktiv xonça” təqdim edilir.

Sərginin ekspozisiyasında həmçinin foto və videoproyeksiya vasitəsilə Novruz ünsürləri görüntü və səs effektləri ilə canlandırılır, yaz mərasim nəğmələri folklor qruplarının ifasında səsləndirilir.

“Salam, Novruz!” sərgisində tematik zallara daxil olmadan öncə Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının Bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri də təqdim olunur.

Tədbirdə çıxış edən tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, millət vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva və Xalq rəssamı Səlhab Məmmədov Novruz adətlərimiz, ərazi bütövlüyümüzün bərpasından sonra xalqımızın ilk dəfə birlik, bütövlük fonunda qeyd etdiyi bayramın özəllikləri barədə danışdılar. Azərbaycanın rəssam və yazıçılarının əsərlərində Novruz mövzusunun hələ sovet dövründə də aktual olduğu vurğulandı.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

Açılış mərasiminə “Nənə-qızlar” folklor ansamblı öz ifaları ilə xoş əhval bəxş etdi. “Salam, Novruz!” sərgisi aprelin 15-dək davam edəcək.

 

L.Azəri

Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.1;5.