Süleyman Ələsgərovun
100 illiyi münasibətilə musiqi axşamı
“Hər bir əsərini yaradarkən Üzeyir bəyi
gözünün önünə gətirirdi...”
Bu il görkəmli bəstəkar, tanınmış
dirijor və pedaqoq, Dövlət mükafatı laureatı,
Xalq artisti, professor Süleyman Ələsgərovun anadan
olmasının 100 illiyi qeyd edilir. Prezident İlham Əliyev bəstəkarın
100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Süleyman Ələsgərovun
yubileyinə həsr edilən konsert keçirildi.
Mədəniyyət və incəsənət xadimləri,
mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər
rəsmilər, millət vəkilləri, ictimaiyyət
nümayəndələri və musiqisevərlər konserti izlədilər.
Konsertdən öncə səhnəyə
çıxan akademik, millət vəkili Rafael Hüseynov
görkəmli bəstəkarın dolğun yaradıcılıq
fəaliyyəti, sənət dostlarına göstərdiyi
qayğı və mədəniyyət xəzinəmizə bəxş
etdiyi dəyərli əsərlərindən söz
açdı: “Süleyman Ələsgərov Azərbaycanın,
sadəcə, bəstəkarı deyil, böyük bir mədəniyyət
təşkilatçısı, mədəniyyət qurucusu və
böyük müəllim idi. Hər bir insan gərək tərbiyə,
məktəb, şəxsiyyət görə. O, dünyanı
dərk edəndə böyük ziyalı, şəxsiyyət
Üzeyir bəyi görmüşdü. Hər bir əsərini
yaradarkən Üzeyir bəyi gözünün önünə
gətirirdi...”.
Bildirildi ki, görkəmli bəstəkar 11
operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”,
“Milyonçunun dilənçi oğlu”, “Sevindik qız
axtarır”, “Həmişəxanım”, “Hərənin öz
ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”,
“Solğun çiçəklər” operalarının,
“Bayatı-Şiraz” simfonik muğamının, bir çox
simfoniya və kantataların, tar ilə xalq çalğı
alətləri orkestri üçün konsertlərin, “Vətənimdir”,
“Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi
romansların, 200-dən artıq mahnının müəllifidir.
Daha sonra konsert proqramı təqdim edildi. Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş
dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə
Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Almaz
Orucova, Anar Şuşalı, Arzu Əliyeva, Çinarə Heydərova,
Ramil Qasımov, Aşıq Samirə, respublika və beynəlxalq
müsabiqələr laureatları Kamilə Nəbiyeva, Bəhruz
Zeynal, Səbinə Ərəbli, Rəvan Qaçayev
çıxış etdilər. Onların ifasında görkəmli
bəstəkarın “Güllər açar”, “Ulduzumsan”,
“Vağzalı çalınır”, “Neylərəm”, “Xatirələr”,
“Tarantella”, “Ala gözlü yar”, “ Küsmərəm”, “Gözəl
Şuşa”, “Bilsəm sən gəlirsən” əsərləri,
həmçinin “Ulduz” filmindən duet və s. səsləndirildi.
Çıxışlar alqışlarla
qarşılandı.
Qeyd edək ki, Süleyman Ələsgərov 22 fevral
1924-cü ildə Şuşa şəhərində
dünyaya göz açıb. Azərbaycan Dövlət
Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq
fakültəsində təhsil alıb. 1943-cü ildə
Üzeyir Hacıbəylinin zəmanəti ilə Azərbaycan
Bəstəkarlar İttifaqına üzv qəbul olunub. Zəngin
yaradıcılıq yolu keçən bəstəkar Mədəniyyət
Nazirliyi İncəsənət İşləri İdarəsinin
rəisi, Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının direktoru kimi vəzifələrdə
də çalışıb, konservatoriyada kafedra müdiri, Bəstəkarlar
İttifaqı Qarabağ filialının rəhbəri olub.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə,
75 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.1;2.