Milli kino salnaməsini zənginləşdirən
rejissor
Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun
100 illik yubileyi qeyd olundu
Bu il Azərbaycan kino sənətinin görkəmli
nümayəndəsi, kinorejissor, Dövlət mükafatı
laureatı, Əməkdar incəsənət xadimi Şamil
Mahmudbəyovun (1924–1997) anadan olmasının 100 illiyidir.
Fevralın 29-da Dövlət Film Fondunda kino xadiminin
yubileyinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət
Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Dövlət
Film Fondunun birgə təşkil etdiyi tədbirin
iştirakçıları əvvəlcə fondun foyesində
sənətkarın yaradıcılığından bəhs
edən fotosərgi ilə tanış oldular.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyev tədbiri açaraq Şamil Mahmudbəyovun
Azərbaycan kinosu tarixində xidmətlərindən
danışdı: “Şamil Mahmudbəyovun filmləri hər
birimizin yaddaşında dərin izlər qoyub. O,
uşaqların dünyasını çox gözəl kəşf
etmişdi. Onların dilini tapmışdı, xarakter və
psixologiyalarına bələd idi. Bu səbəbdən də
Şamil müəllimdə uşaq rollarının
ifaçılarının siyahısı var idi. Biz bəzən
film üçün aktyor axtaranda ona müraciət edirdik. Gənc
yaşlarında dünyasını dəyişən, bir
çox filmlərdə yaddaqalan obrazlar yaradan Ruslan Nəsirov
da Şamil müəllimin tapıntısı idi”.
Cəmil Quliyev çıxışının sonunda
təəssüflə qeyd etdi ki, vaxtilə Şamil Mahmudbəyovun
80, 90, 95 illik yubileylərində onunla
çalışmış bir sıra sənət adamları
və qohumları iştirak edərdi: “Bu gün isə bu say
azalıb. Bəlkə də elə bu səbəbdən biz
fondda bir çox sənətkarlarımızın şəxsi
arxivini yarada bilsək də, Şamil Mahmudbəyovun arxivinə
aid sənədləri tapa bilmirik. Arxivdə təkcə
fotoşəkilləri qorunur”.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov,
kinoşünas, Əməkdar incəsənət xadimi
Aydın Kazımzadə rejissorun həyat və fəaliyyətindən
geniş bəhs etdilər. Onun hər zaman gənclərə
dəstək, yeniliklərə açıq rejissor olduğunu
vurğuladılar. Həmçinin sənətkarla
bağlı xatirələrini bölüşdülər.
Bildirildi ki, Şamil Mahmudbəyov II Dünya müharibəsində
iştirak edib, ağır yaralanıb. Ordudan tərxis ediləndən
sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutuna daxil olub. 1954-cü ildə “Bakı”
kinostudiyasında rejissor kimi fəaliyyətə
başlayıb. Azərbaycan kinosunun klassikasına
çevrilmiş onlarca bədii film çəkib. Təvazökar
insan olduğundan kinostudiyada çalışdığı
illərdə isə heç vaxt çoxsaylı
medallarını taxmaz, veteran adından istifadə etməzdi.
Şamil Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə
çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı
film olub. Sonrakı illərdə o, “Romeo mənim qonşumdur”
lirik komediyasını, “Qaraca qız” kinonovellasını,
“Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”,
“Skripkanın sərgüzəşti”, “Dərviş Parisi partladır”
(Kamil Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”,
“Od içində” və başqa filmləri çəkib.
1969-cu ildə lentə aldığı “Şərikli
çörək” filmi rejissora böyük şöhrət
qazandırıb. 1970-ci ildə rejissor bu filmə görə
Dövlət mükafatına layiq görülüb. Rejissor həmçinin
“Mozalan” satirik kinojurnalı üçün bir neçə
süjet lentə alıb. Ömrünün sonuna qədər
peşəsinə sadiq qalan sənətkar “Adam” adlı son
televiziya filmini tamamlamağa macal tapmayıb, 1997-ci ildə vəfat
edib. Bu gün onun adı və xatirəsi kino salnaməmizə
bəxş etdiyi lentlərdə yaşayır.
Daha sonra rejissorun “Adam” filminin yaradıcı heyətindən
operator Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov
ekran işinin çəkiliş prosesi haqqında
danışdılar. Bildirildi ki, rejissorun vəfatı səbəbindən
film 2010-cu ildə tamamlanaraq müəllif üslubuna
toxunulmadan təqdim olunub.
Daha sonra “Adam” filmi nümayiş olundu. Balaş Abbaszadənin
əsərləri əsasında Nadir Əbdülrəhmanlının
ssenarisi üzərində qurulan filmdə əsas rolları
Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov,
İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan
Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva
canlandırıblar. Ekran əsərində Əhməd
kişinin timsalında tənhalıq problemi əks olunur,
insanların bir-birinə qarşı olan
etinasızlığı, vəfasızlığı diqqət
mərkəzinə çəkilir.
L.Azəri
Mədəniyyət .- 2024.- 1 mart(¹17).- S.1;2.